Xəbər əmanətdir, ona xəyanət etmək olmaz

Ancaq qəribə zəmanəyə gəlib çıxmışıq, hər kəs istədiyini yazır, çəkir, paylaşır

Yayılan dezinformasiyalar, qeyri-dəqiq, yoxlanılmamış məlumatlar peşəkar mediaya inamı azaldır. Başqa sözlə desək, həqiqət yalana uduzur


Qəzeti oxunaqlı edən nədir? Bu sualın cavabı dövrlərə, illərə - zamana görə dəyişir. Çünki mətbuat zamanla ayaqlaşmaq zərurətindədir. Zaman nəyi tələb edirsə, onun diktəsi ilə işləməlidir.

Oxucu da bunu tələb edir. Eyni zamanda mətbuatın çiynində həm də çox ağır bir yük var – zamanın fövqündə dayanmaq yükü. Oxucunu, cəmiyyəti təmin etmək, yalnız onun maraqlarından çıxış etmək deyil.  Cəmiyyətdə yanlış, aldadıcı fikirlər, rəylər ola bilər. Mətbuatın vəzifəsi yalanı doğrudan ayırmaqdır ki, cəmiyyət yanlışa tərəf istiqamətlənməsin.

Oxucunu maarifləndirmək, həqiqətləri olduğu kimi göstərmək lazımdır ki, o da yanlışla doğrunu ayırd edə bilsin. Bu mənada mətbuat bütün zamanlarda çətin mərhələlərdən keçib. Maraqlılıq, oxunaqlıqla həqiqət, reallıq arasında “çırpınıb”. Amma artıq elə bir zaman yetişib ki, yalan, uydurma xəbərlər, “bazara” işləyən informasiyalar dövrüdür, həm də. Belə zamanda medianın vəzifəsi və yükü birə-beş artır. Vəzifənin öhdəsindən gəlmək üçünsə, peşəkarlıq tələb olunur.

Peşəkarlığı formalaşdıran nəzəri biliklərsə mütləq təcrübəyə əsaslanmalıdır. Bunu da tanıdığımız peşəkarlar, illərini, ömürlərinin əhəmiyyətli hissəsini mediaya, onun formalaşmasına, nəzəri biliklərin artırılmasına, kadr hazırlığına həsr edənlər deyir. Həm də bunu deyirlər ki, yaşadığımız dövrdə yalan informasiyaların cəmiyyəti aldatmaması üçün doğrunu üzə çıxarmaq lazımdır. Yalan informasiyanın qənimi rəsmi təsdiqlənmiş informasiyalar, rəsmi mənbələrə söykənən məlumatlar və əlbəttə ki, bu məlumatların peşəkar qələmlə anladılmasıdır. 

“Yaradıcılıq məhsulu heyətin professionallığından asılıdır”  

Media mənsubları hesab edir ki, ən çox müzakirə edilən, bəzən də mübahisələrə səbəb olan məsələ jurnalistikada nəzəriyyə, yoxsa təcrübə - hansının daha vacib olmasıdır. Müşahidələr göstərir ki, jurnalistikaya yeni addım atanlar bəzən əziyyət çəkirlər. Müəllimlər, nəzəriyyəçilər bunu praktik çatışmazlıqla, media kapitanları isə nəzəri biliklərin kasadlığı ilə əlaqələndirirlər. Maraqlıdır, müəllim necə baş redaktor olar, media kapitanı dərsi nə cür tədris edər? Rəyini soruşduğumuz ziyalıların fikirləri müxtəlif oldu. 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Akif Rüstəmov qəzet çıxarmağın həmişə çətin olduğunu bildirdi: 

- Əvvəla, onu deyim ki, indi qəzet çıxarmaq çox çətindir. Bu mənada mən "Şərq" qəzetinin, "525"-in rəhbərlərini təqdir edir, onları alqışlayıram. Əlbəttə, hər baş redaktorun arzusu auditoriyasının daha geniş olmasıdır. Respublikada cəmi 3-4 mətbu orqan buna nail olub, öz oxunaqlılığını qoruyub saxlaya bilib. Adını çəkdiyim qəzetlər bu siyahıdadır. Televiziya və internet kimi informasiya mənbələri ilə mübarizə şəraitində qəzet, xüsusilə müstəqil qəzet özü-özünü yaşatmalıdır.

Şəxsən mən baş redaktor olsam, ilk növbədə komandamın peşəkarlığına diqqət edər və onların filologiya, jurnalistika təhsilli olmalarına önəm verərəm. Çünki bütün yaradıcılıq məhsulları heyətin professionallığından irəli gəlir. Eyni zamanda müxbirlərimin əməkhaqlarının, qonorarlarının mümkün qədər çox olmasına çalışardım. Bu, əməkdaşlara stimul verməklə yanaşı, həm də rəqabət mühiti yaradır. Oxucunun informasiya tələbatını həyata keçirmək məqsədi anket- sorğular verər və beləliklə, onların hansı növ materiallarla tanış olmaq istədiklərini öyrənərdim. Ayda bir dəfə qəzetin qoşa səhifəsində oxucu məktublarını dərc edərdim. Bildiyiniz kimi, qəzetin əsas gəlir mənbəyi satış və reklamdır. Reklamın olmasından ötrü tirajı da imkan daxilində çoxaldardım. Əlbəttə, söhbət sadəcə rəqəmdən yox, real tirajdan gedir. Qəzetin bir səhifəsində yığcam internet materiallarının verilməsinin də məqsədəuyğun olduğunu düşünürəm. Bir səhifədə 7-8 belə yazı oxucuların marağına səbəb olar. Həmçinin "Ayna" qəzetinin 90-cı illərdəki təcrübəsini tətbiq edərdim. Belə ki, bu qəzet "Dayçest" tipi ilə müxtəlif mətbu orqanlarda dərc olunan ən maraqlı yazılara səhifələrində yer verirdi. Nəticədə auditoriyası daha çox olurdu. Ən əsas məqamlardan biri isə dərc olunan materiallarda bütün mövqelərin fikirlərini verməkdir. Məsələn, bir neçə gün əvvəl polislərlə vətəndaşlar arasında qarşıdurma oldu. Əlbəttə, heç birinin əməli təqdirediləsi deyil. Amma bu tip məsələlərdə mətbu orqan bütün tərəflərə eyni imkanı yaratmalıdır, tərəfkeşlik etməməlidir".

"Müəllim tələbəsində yazıya maraq oyatmalıdır"

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid qeyd etdi ki, jurnalistikanı tələbəyə sevdirmək lazımdır:  

- Mən bir müddət Bakı Dövlət Universiteti və Bakı Slavyan Universitetinin Jurnalistika fakültələrində dərs demişəm. Bu dövr çox yaddaqalan olub. Dərs dediyim tələbələrdən sonradan təşəkkür məktubları alırdım. Çünki mən ən müxtəlif yollarla jurnalistikanı onlara sevdirirdim. Ümumiyyətlə, müəllim tələbəsində yazıya maraq oyatmalıdır. Yadımdadır, o vaxt 1050-ci qrupla çox səmərəli çalışırdıq. Onlara qəzetimizdə çıxış etmələrinə şərait yaratmışdım. Hətta qonorarlarını bölüşdürməyi də özlərinə həvalə etmişdim. Sonradan onlar haqqında "Əlvida və salam" adlı bir yazı yazdım. İndi həmin qrupun məzunları arasında çox istedadlı jurnalistlər var. Mən həmişə bir az həvəs, bacarıq gördüyüm gənclərə kömək etmiş, onlarda özünəinam yaratmağa çalışmışam. Bu ənənə indi də davam edir. Yenə öz təcrübəmi əlimdən gəldiyi qədər gənclərlə bölüşürəm. BDU-nun Jurnalistika fakültəsində çox yaxşı müəllimlər var. Onlardan çox şey öyrənmək olar. Ancaq praktika da unudulmamalıdır. Jurnalist necə yazmağı, xəbərə necə yanaşmaq lazım olduğunu praktikada öyrənir. 

Peşəkarlar yalan informasiyanı ayırd edə bilir

Media üzrə mütəxəssis Zeynal Məmmədli isə hesab edir ki, məsələn, pandemiyanın mövcud olduğu ağır zamanlarda cəmiyyətə ötürülən informasiyalar həddindən artıq çoxaldığı üçün medianın vəzifəsi daha da artır: 

- Bir çox Avropa ölkəsində “media savadlılığı” proqramı çoxdan tədris olunur. Hesab edirlər ki, hətta orta məktəbin yuxarı sinif şagirdlərinə media ilə bağlı zəruri biliklər aşılanmalıdır. Beləliklə, bütövlükdə cəmiyyət yalan xəbərlərə aludə olmamalıdır. Bu günlərdə “Ayna tv”-nin efirində yalan xəbər mövzusu müzakirə edilmişdi. Azərbaycanda hələ ki, bu təcrübədən istifadə edilmir. Mən həmin proqramda səslənən fikirləri müsbət qiymətləndirirəm. Çox dəyərli təklifdir. Xüsusilə indiki pandemiya kimi fövqəladə hadisələr zamanı cəmiyyətə ötürülən informasiyalar çoxalır. Təbii ki, onların arasında “fake” xəbərlər də olur və nəticədə mediaya qarşı inamsızlıq yaranır. İnsan bilmir ki, hansı mediaya inansın, xəbəri hardan alsın. Üstəlik də sosial şəbəkələr hər kəsə müəllif olmaq imkanı verir. Hər şeydən əvvəl insanlar xəbərin nə olduğunu başa düşməlidirlər. Türkiyədə belə deyilir: Xəbər əmanətdir, ona xəyanət etmək olmaz. Yəni “Media savadlılığı” proqramını təqdir edirəm. Bir çox Avropa ölkələrində bu proqram çoxdan tədris olunur. Azərbaycanda isə müstəqilliyin ilk illərindən etibarən sözügedən istiqamətə diqqət ayrılmalı idi. Müstəqillikdən dərhal sonra ən müxtəlif cür xəbərlərin tirajlanması təxmin edilməli və informasiya “çirkliliyinin” qarşısını almaq məqsədilə bu addım atılmalı idi.

Z.Məmmədli düşünür ki, şagirdlərə media biliklərini aşılamaq o qədər də çətin deyil: 

- Əlbəttə, söhbət medianın əlifbasından gedir. Heç kimin orta məktəb şagirdini baş redaktor kimi yetişdirmək iddiası yoxdur. Sadəcə hər bir insan, o cümlədən yeniyetmə müxtəlif xəbərləri biri-birindən ayırmağı, informasiyaya dəyər verməyi bacarmalıdır. Bunun üçün kadr potensialının nə qədər çox olduğunu deyə bilmərəm. Ancaq peşəkar jurnalistləri də bu işə cəlb etmək olar. Fikrimcə, onlar öz təcrübələrini məktəblilərlə həvəslə bölüşərlər. Eyni zamanda İKT-in imkanlarından, translyasiyadan istifadə etməklə dərsləri daha əlçatımlı etmək mümkündür. Yəni bu istiqamətdə hansısa problemin yaranacağına inanmıram. Necə deyərlər, niyyətin hara, mənzilin də ora.

Peşəkar media vəzifəsinin öhdəsindən gəlməlidir

Şübhəsiz, sosial şəbəkələr XXI əsrin ən böyük kəşflərindən biri hesab olunur. Etiraf etmək lazımdır ki, bu, bir çox cəhətdən, o cümlədən interaktiv ünsiyyətin, informasiya təminatının ödənməsi baxımından yaxşıdır. Eyni zamanda sosial media vasitəsilə vətəndaş jurnalistikasının inkişafına yol açılır. Hər kəs istədiyini yazır, çəkir, paylaşır. Bəlkə, bu da yaxşıdır. Amma... Yayılan dezinformasiyalar, qeyri-dəqiq, yoxlanılmamış məlumatlar peşəkar mediaya inamı azaldır. Başqa sözlə desək, həqiqət yalana uduzur. Deyəsən, sosial media yalanları səciyyəvi xüsusiyyətə malikdir - ayaq tutan kimi yüyürür. Bəs bunun qarşısını almaqda medianın öhdəsinə düşən nədir? 

“Ayna-Zerkalo”qəzetinin baş redaktoru Elçin Şıxlının fikrincə, bircə çıxış yolu var:

- Kiminsə ağzını bağlamaq, yaxud sosial mediaya qadağa qoymaq olmaz. Bu, arzuolunan effekt verməyəcək. Yenə də dedi-qodu, şayiə yayan tapılacaq. Bir sıra ölkədə, o cümlədən də Azərbaycanda sosial mediada yayılanların peşəkar mətbuatdakı informasiyaları üstələməsi təsadüfi deyil. Çünki professional mətbuat bəzən o qədər yalan danışıb ki, ona qarşı inamsızlıq yaranıb. İndi itirilən inam bərpa edilməlidir. Bunun yolu isə peşəkar medianın öz işinin öhdəsindən layiqincə gəlməsidir. Sadəcə oxucuya yalan danışmaq olmaz. Eyni zamanda maraqlı, obyektiv, tərəfsiz yazılar verilməlidir. Bu proses davamlı, axıra qədər davam etməlidir. Ancaq bu halda şayiələrə, xalqı çaşdıran məlumatlara qalib gəlmək olar. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu