Türkiyənin Volkan Bozkır simasında uğuru, Azərbaycanın da beynəlxalq səviyyədə uğurudur - Səməd Seyidov

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına ilk dəfə türk diplomat rəhbər seçilib. Türkiyəli siyasətçi Volkan Bozkırın BMT-nın Baş Assambleyasına Prezidentliyi təsdiqlənib.

192 ölkə təmsilçilərinin 178-dən səs çoxluğu alan keçmiş Avropa İttifaqı rəhbəri Volkan Bozkır qalib olub. V.Bozkır 1945-ci ildən Türkiyənin də iştirakı ilə yaradılan BMT Baş Assambleyasına rəhbərlik edəcək ilk türkiyəli təmsilçidir.

AŞ PA- nın Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov “Sherg.az”a açıqlamasında bildirib ki, bu günkü Türkiyənin V.Bozkır simasında uğuru, Azərbaycanın da beynəlxalq səviyyədə uğurudur.

Millət vəkili qeyd edib ki, V.Bozkır böyük diplomatdır, onun həyatı həmişə diplomatiya, beynəlxalq münasibətlərlə bağlı olub:

“Onun Brüsseldə yüksək səviyyəli səfir, sonra Türkiyədə Avropa Məsələləri üzrə nazir, Beynəlxalq Münasibətlər Komitəsinin sədri kimi, indi isə BMT-nin Baş Assambleyasının sədri kimi fəaliyyəti türk xalqının, türkçülüyün və Türkiyənin, o cümlədən Azərbaycanın yüksək səviyyədə yer tutması deməkdir. Bu yalnız V.Bozkırın parlaq həyatının nəticəsi kimi qiymətləndirilməməlidir. Təbii ki, o yüksək səviyyəli və professionaldır və belə səviyyədə olan insanın vəzifə tutması çox gözəldir. Bu təyinat o cümlədən də Türkiyənin beynəlxalq səviyyədə nüfuzu və Türkiyənin gündəmə gətirdiyi məsələlərə xüsusi diqqətdir. Bir məsələni də yaddan çıxarmamalıyıq ki, biz Türkiyə deyəndə Azərbaycan, Azərbaycan deyəndə isə Türkiyə deyirik”. 

S.Seyidov bildirib ki, həm Türkiyə, həm Azərbaycana qarşı işləyən qüvvələr yenə öz simasını göstərir:

“Demək olar ki, bir neçə ölkəni çıxmaq şərti ilə bütün dünya Türkiyənin mövqeyini dəstəkləyərək V.Bozkıra səs verib. Bu ölkələr-Ermənistan, Kipr və Yunanıstan idi. Ermənistanın sturuktiv şəkildə çıxış etməsi ona dəlalət edir ki, Ermənistan sadəcə Azərbaycana yox, türk dünyasına, türkçülüyə qarşı dözülməz və dünyada qəbulolunmaz bir siyasət aparır. Ona görə də məğlubiyyətə uğradılar, heç nə edə bilmədilər. Əminəm ki, BMT-nin Baş Assambleyasının sədri V.Bozkır həm Türkiyənin, həm Azərbaycanın, ən əsası isə həmişə birgə müdafiə etdiyimiz dünya dəyərlərini ikili standartlardan kənar olaraq müdafiə etmək iqtidarında olacaq. Bu işlərdə V.Bozkıra uğurlar arzulayıram”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu