"Ermənistandakı repressiv proseslərə susmaq riyakarlıqdır"

“Bu gün açıq şəkildə  Ermənistanda totalitar inqilabi diktatura qurulub”

“Niyə AŞPA hadisələrə müdaxilə edib, bəyanatlar vermir, Paşinyan hakimiyyətinə sanksiyalar tətbiq etmir?!” 



“Artıq bütün dünya bilir ki, işğalçı ölkəni müxalifətdəki “Çiçəklənən Ermənistan” partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edildi. Və o, ifadə vermək üçün təhlükəsizlik qüvvələri tərəfindən istintaqa cəlb edildi. Heç şübhəsiz ki, Q.Sarukyan həbs ediləcək. Sarukyanın tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı kobudluqla alınıb və yüzlərlə adam saxlanılıb”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında  Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. Xanım millət vəkili bildirib ki, Ermənistanda polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq edib: 

“Bu hadisələr zamanı insanların ifadə azadlığı, sərbəst toplaşma hüququ, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması qaydaları kobud surətdə pozulub. Qərbin “önəm verdiyi” bütün bu dəyərlər ayaq altına salınıb. Amma nədənsə Qərb bu hadisələri görməzdən gəlir.


Azərbaycanda kiçik bir hadisə olan kimi bəyanat verən ABŞ Dövlət Departamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi indi özlərini elə aparırlar ki, sanki, heç nə baş verməyib. Ermənistandakı repressiv proseslərə susmaq özü riyakarlıq, ikiüzlülükdür. Vaxtilə Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etdikdə də Qərb ölkələri və beynəlxalq təşkilatlar müəmmalı susqunluq nümayiş etdirdilər”.

Bu gün açıq şəkildə  Ermənistanda totalitar inqilabi diktatura qurulduğunu vurğulayan S Vəliyeva deyib ki,  populist çıxışları ilə tanınan Paşinyan hakimiyyətə gəldikdən sonra “demokratiya” adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı repressiv vasitələrdən geniş şəkildə istifadə edib və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirib:

"Belə olan vəziyyətdə Şennaklar, Sunnalar hara baxır? Niyə AŞPA hadisələrə müdaxilə edib, bəyanatlar vermir, Paşinyan hakimiyyətinə sanksiyalar tətbiq etmir? Demək ki, demokratiya deyib dünyanı istismar edən bu kimi təşkilatlar ikistandartlıdırlar, qeyri-obyektivdirlər. Azərbaycanda ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Görünür, onların “demokratiya”sının fəlsəfəsi də budur...”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu