"Ədəbiyyatın, kitabın ətrafında şou yaratmağa  ehtiyac var" - Yeni təklifə reaksiyalar gəldi

 Murad Arif: "O qədər müğənni var ki,  əlinə kitab almır. Onları kitab oxumağa sövq etmək yaxşı ideyadır"

Kəramət Böyükçöl: "Nura xanımın əlində kitab olanda adamlar kitaba yox, ona baxacaq. Heç olmasa gözləri kitaba da sataşacaqmı?"


21-ci əsrdə  yazıçı olmaq asan iş sayılmır. Səbəbi isə zəmanənin dəyişməsi, kitab qoxularının yerini elektron cihazların şüasının almasıdır. Bir sözlə böyüklər demiş "dövr, həmən dövr deyil.

Kitabı yazmaq qədər onun satışını təmin etmək də böyük problemdir. Elə bu səbəbdən də gənc nəsil qələm əhli kitablarının satılması üçün müxtəlif üsullara əl atırlar. Kimiləri parkda, kimiləri feysbukda  yaradıcılıq məhsullarını daha çox oxucu kütləsinə çatdırmağa çalışırlar.  Son günlərin ən diqqət çəkən kitab satışına isə gənc yazar Ayxan Ayvaz imza atıb. O rəsmi Feysbuk səhifəsində müğənniləri kitabını alıb, təbliğ etməyə səsləyib. Yazıçı mütaliə sevər sənətçilərin timsalında bütün şou əhlinə müraciət edib. Bir növ müğənnilərlə qələm adamlarının birlik olması üçün ilk addımı atıb.

Bəs,bu cür  kitab təbliğatına reaksiyalar necədir?

Mövzu ilə bağlı “Sherg.az”a danışan sevilən müğənni, bəstəkar Murad Arif  kitablarla həmişə  dostluq etdiyini vurğulayıb:



“Hər zaman kitab alıram, oxuyuram və  oxumağı da təbliğ edirəm. Birlikləri xoşlamıram, amma istəyərdim ki, kitab sevən toplum yaransın. Azərbaycan cəmiyyəti kitabsevər, əhalinin intellektual səviyyəsi yüksək olsun, kitab oxusunlar, mütaliə etsinlər.  Belə bir cəmiyyət yarada bilsək yaxşıdır. Amma müğənnilər və yazıçıların birlikləri, nə bilim... Ümumiyyətlə birliklər məndə güvən yaratmır. Çünki o birliklər, təşkilatlar hamısı müvəqqətidir. Önəmli olan odur ki, kitab oxumaq mədəniyyəti yaransın. Kitab  oxumaq aksiyasını dəstəkləyirəm, amma özümü bu birlikdə görmürəm.  Çünki heç kimin dəvətinə ehtiyac duymuram, kitab alıram, oxuyuram mütəmadi olaraq da  kitab sevgimi izləyicilərimlə bölüşürəm. Sosial hesabımda, paylaşımlarımda bu barədə çatışmazlıq yoxdur. Amma neçə-neçə müğənnilər var ki,  əlinə kitab almır. Onları kitab oxumağa sövq etmək yaxşı ideyadır. 

Tanınmış yazıçı Kəramət Böyükçöl isə məsələyə belə münasibət bildirdi:


- Ümumiyyətlə ədəbiyyatı  çox ciddiləşdirib, cəmiyyətə, insanlara hamının dərk edə bilməyəcəyi şəkildə təqdim edərək, Azərbaycan reallıqlarından ayırmaq düzgün deyil. Fikrimcə ədəbiyyatın, kitabın ətrafında şou yaratmağa da ehtiyac var. Bu ədəbiyyatın, kitabın şousu olsun, efirlərdə bizə təqdim edilənlərdən deyil. Təfəkkürün, düşüncələrin, ideyaların kapitala çevirilməsini yaratmaq lazımdır. Tutaq ki, Ayxan Ayvaz müğənnilərə müraciət edib. Nura xanım  dostumdur, gözəl xanımdır. Aydın məsələdir ki,  Nura xanımın əlində kitab olanda adamlar kitaba yox ona baxacaq. Heç olmasa gözləri kitaba da sataşacaqmı? Bu mənada ədəbiyyata, kitaba yaxın olan müğənnilərin dəstəyini alqışlayıram. Daha geniş şəkildə olmasını istəyirəm. Müğənni   hansısa bir şəkildə cəmiyyətdə tanınıb, uğur qazanıb. Kitabı da özüylə gəzdirsin, lap istəsə toylara da aparsın. Kitabdır da bu yazıçının canından çıxıb, ayrılıb. Söhbət Ayxan Ayvazın, Kəramətin və yaxud başqa qələm dostlarımızın kitablarından getmir. Ümumiyyətlə kitabdan bəhs edirəm. Hansısa bir müğənnininn əlində Kəramətin “Məni kim tapa bilər?” kitabı yox, dünya əbiyyatının nümunələrini  görəndə də xoş qarşılanmalıdır. Eyni zamanda  bu müğənninin səviyyəsini nümayiş etdirəcək.

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu