“Hər bir qayda insanların sağlamlığına xidmət edir” 

"Dövlət bütün gücünü bu istiqamətə yönəldib, iqtisadi imkanlar koronavirusla mübarizəyə səfərbər olunub”



Koronavirusla  mübarizə çərçivəsində  dövlətimiz tərəfindən pandemiyanın qarşısının alınması ilə bağlı  bir sıra mühüm tədbirlər görülüb və  bu sahədə işlər hələ də  davam etdirilir. Lakin  bəzi vətəndaşlarımızın karantin rejiminin yumşaldılması zamanı laqeydlik və məsuliyyətsizlik nümayiş etdirərək qaydaları pozması nəticəsində yoluxma sayının artması ölkədə xoşagəlməz   hal yaradıb.
Məhz vətəndaşların qaydalara riayət etməməsi  nəticəsində  vəziyyət yenidən mənfiyə doğru irəlilməyə başlayıb. 
“COVİD-19”a yoluxma hallarının sayının artması isə ölkədə yenidən  məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsi zərurəti yaradıb. 
Bu məqsədlə də Azərbaycanda karantin rejiminin avqustun 1-dək uzadılması barədə qərar qəbul olunub. 

Eyni zamanda respublikanın bir sıra şəhər və rayonlarında iki həftəlik, ciddi karantin rejimi tətbiq edilir. 

Koronavirus pandemiyasının bütün dünyaya yayıldığını və ölkələrin bu virusla mübarizə apardıqlarını vurğulayan millət vəkili Azər Badamovun sözlərinə görə,  hansı ölkələr ki koronavirusa qarşı ciddi addımlar atır, o ölkələrdə müsbət nəticələr əldə olunur:

"Virusu talenin öhdəsinə buraxan ölkələrdə isə koronavirus tüğyan edir və insanlar infeksiyadan əziyyət çəkirlər, yoluxmaların, virus qurbanlarının sayı artır. Azərbaycan belə ölkələrdən fərqli olaraq ilk gündən başlayaraq virusa qarşı tədbirlər görüb, infeksiyanın yayılmasına qarşı ciddi nəzarət və karantin tədbirləri tətbiq olunmağa başlanıb. Koronavirusun yayılma dinamikasının azalması nəzərə alınaraq karantin rejimində yumşalmalar həyata keçirildi və insanlara sərbəstlik verildi.

Vətəndaşlarımızın bəzilərində məsuliyyətsizlik hissi var. Bu məsuliyyətsizlik sayəsində karantin rejiminin qaydalarına düzgün əməl olunmadığından virusun yenidən yayılması vüsət aldı və gündəlik yoluxmaların sayı 400-ə çatdı. Bu, təəssüfdoğurucu bir haldır. Çünki biz bu vəziyyətlə qarşılaşmamalı idik.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi olan maska taxmaq, sosial məsafənin gözlənilməsi və şəxsi gigiyena qaydaları tələblərinə tam şəkildə və düzgün əməl olunmalı idi. Ancaq vətəndaşlarımızın əksəriyyəti maskadan düzgün istifadə etmir və onu çənələrinə taxmaqla kifayətlənir. Bu şəxslər kimlərisə aldatmağa çalışırlar. Onlar düşünməlidirlər ki, bu əməllərlə başqalarını yox, məhz özlərini aldadırlar və həyatlarını təhlükə altına atırlar”.

Ciddi karantin tədbirlərinin həyata keçirilməsini məqsədəuyğun hesab edən deputat qeyd edib ki, tətbiq olunan hər bir qayda virusa yoluxmaların sayının azalmasına və insanların sağlamlığına xidmət edir: 

"Hər bir vətəndaş da bunu dərk etməlidir. Çünki dövlət bütün gücünü bu istiqamətə yönəldib, iqtisadi imkanların hamısı koronavirusla mübarizəyə səfərbər olunub. Biz də dövlətin tətbiq etdiyi qaydalara, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməsək, təbii ki, tətbiq olunacaq rejimin daha da sərtləşdirilməsi zəruri olacaq. Hər şeydən əvvəl burada vətəndaşın sosial məsuliyyəti birinci yerdə dayanır”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu