Saç boyaları döş xərçəngi yaradır? - Xanımlar ehtiyatlı olmalıdır !

"Biz həkimlər xanımlara kimyəvi tərkibli kosmetik vasitələrdən mümkün qədər az istifadə etmələrini məsləhət görürük"


Xərçəng xəstəliyi ilə bağlı aktuallığını itirməyən mövzu saç boyalarının bu xəstəliyin yaranma səbəbləri arasında tutduğu yerdir. “Saç boyası xərçəngə səbəb olurmu” sualının illərdir cavabı axtarılır və hər dəfə də müxtəlif mülahizələr səslənir. Milyonlarla qadını maraqlandıran suala mütəxəssislər tərəfindən hələ də dəqiq cavab tapılmayıb. Son aparılan tədqiqatlarda mütəmadi olaraq boyanan və kimyəvi saç düzəldicilərindən istifadə edən qadınlarda döş xərçənginin daha geniş yayıldığı iddia edilir. Bu barədə ABŞ Milli Sağlamlıq İnstitutu 46 min 709 qadının iştirak etdiyi araşdırma aparıb. Mütəmadi olaraq saçlarını boyayan qadınlarda döş xərçəngi riskinin boyamayanlardan yüksək olduğu üzə çıxıb.

Hər 5-8 həftədən bir saçlarını boyayan Afrika əsilli amerikalı qadınlarda döş xərçənginin yaranma riskinin 60 faiz, ağ dərili qadınlarda isə 8 faiz olduğu sübuta yetirilib.

Tədqiqatda o da məlum olub ki, hər 5-8 həftədən bir kimyəvi saç düzəldicilərindən istifadə edən qadınlarda döş xərçənginin inkişaf etmə riski 30 faizdir.
Maraqlıdır ki, mütəxəssislər yarıqalıcı və ya daimi olmayan saç boyaları ilə döş xərçəngi arasında əlaqənin olmadığını irəli sürüb. Tədqiqat qrupunun rəhbəri Aleksandra Vayt saç boyalarının döş xərçənginə təsir səbəbinin tapılmadığını söyləyib:

"Mütəxəssislər uzun müddətdir saç boyası və xərçəng arasındakı mümkün əlaqəni araşdırsa da, nəticələr uyğun deyildi. Tədqiqatımızda saç boyası istifadəsinin döş xərçəngi riskini artırdığını gördük. Təsiri xüsusilə də Afrika əsilli amerikalı qadınlarda daha güclüdür”.

Tibb üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı “Şərq”ə açıqlamasında bu mövzunun həqiqətən də aktuallığını itirmədiyini bildirdi: 

- Bu məsələ, ümumiyyətlə həmişə gündəmdə olub. Və nə qədər ki, kosmetik vasitələr var, xanımlar onlardan istifadə edir, gündəmdə də qalacaq. Söhbət xərçəngə tutulma riskindən gedirsə, təkcə saç boyalarından danışmamalıyıq, ümumiyyətlə, kosmetik vasitələr, o cümlədən günəş kremlərini bu sıraya daxil etməliyik. Xüsusən, nəzərə alaq ki, yay mövsümüdür və xanımlar çimərlikdə, yaxud da günəş şüalarından gündəlik qorunmaq üçün bu cür kremlərdən istifadə edirlər. İstər saç boyaları olsun, istər günəş kremləri, istərsə də ümumiyyətlə digər kosmetik vasitələr, birmənalı şəkildə hamısının tərkibində kimyəvi maddələr var.  Amma bu vasitələri alarkən boyaların, kremlərin tərkibinə diqqət edilməlidir. Əlbəttə, bütün xanımların tibbi savadı yoxdur, bəlkə heç hövsələləri də çatmır aldıqları məhsulun tərkibi ilə maraqlansınlar, içlik vərəqələri oxusunlar.

Oxusalar da, yəqin çox az sayda xanım orada yazılanları anlaya biləcək. Buna görə də kosmetik vasitələr əldə edərkən mütləq həkim-kosmetoloqla məsləhətləşmək lazımdır. Deyə bilərsiniz ki, həkim-kosmetoloqun savadlı, ixtisaslı olduğuna necə əmin olaq?! Bu da doğrudur. Təəssüf ki, bəzən kosmetoloqlar müqavilə bağladıqları, əməkdaşlıq etdikləri kosmetik firmaların məhsullarını təklif edirlər. Həkim kimi mənim xanımlara tövsiyəm budur: yeniyetməlik, gənclik yaşlarında və menopoz – klimaks dövründə saç boyalarından, kimyəvi tərkibli kosmetik vasitələrdən istifadə etməsinlər, məcburiyyət qarşısında qalırlarsa, istifadəni minimuma endirsinlər.

Gənclik özü gözəllikdir, gənc xanımların saçlarını boyamalarına nə ehtiyac var axı?! Allah hər kəsə bir rəngdə saç verir. Saçının rəngi qaradırsa, niyə onu saraltmalısan? Bu, başadüşülən deyil. Bilirəm, oxuyanlar cürbəcür bəhanələr gətirəcək, “dəbdir”, “xanım yaraşıqlı görünməlidir”, “gözəllik qurban tələb edir” və sair. Niyə qurban olmaq istəyirlər? Axı sabah ağır xəstəliyə tutulanda qurban getmək istəməyəcəklər, amma o zaman artıq gec olacaq. Niyə gənclik və menopoz dövrünü vurğuladım, çünki bu yaş dövrlərində orqanizmdə dəyişikliklər baş verdiyindən kimyəvi tərkibli vasitələr orqanizmə daha çox ziyan vurur. Bu yaş dövrlərində orqanizmdə hormonal dəyişiklik gedir, kimyəvi tərkibli vasitələrdən istifadə edildikdə isə müxtəlif xəstəliklərə tutulma riski də artır. 

Ş.Namazlı qeyd etdi ki, saç boyalarının, kimyəvi tərkibli digər kosmetik vasitələrin süd vəzi xərçəngi, yaxud xərçəngin başqa növlərinin yaranmasına səbəb olduğunu dəqiq söyləmək mümkün deyil. Elm bunu tam sübuta yetirməyib: 

- Biz risklərdən danışırıq. Kosmetik vasitələrin tərkibindəki zərərli maddələr dəri vasitəsilə orqanizmə ötürülür. Kosmetik vasitələrin tərkibindəki kimyəvi maddələrin dəri vasitəsilə qana, qan dövranı vasitəsilə də orqanizmə keçmə ehtimalı böyükdür. İlk növbədə də qara ciyərə təsir göstərir. Amma bu, bir dəfə istifadə ilə mümkün olan məsələ deyil. İllərlə yığılır və nə vaxtsa özünü büruzə verir. Bunun üçün də biz həkimlər xanımlara kimyəvi tərkibli kosmetik vasitələrdən mümkün qədər az istifadə etmələrini məsləhət görürük. Ehtiyac yoxdursa, saç boyalarından, zərərli kosmetik vasitələrdən istifadə etməsinlər, ancaq zəruri ehtiyac yarandıqda istifadə etsinlər və keyfiyyətli məhsullara üstünlük versinlər. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu