Pandemiya insanların davranışını dəyişdi

Daha geyimə pul xərcləyən yoxdur, ərzağa, zəruri tələbat mallarına ehtiyac çoxalıb

Bizdə də sənayeçilərə, sahibkarlara və fermerlərə uzunmüddətli və ucuz kreditlər verilsə, bu, onlara dəstək olar, yerli istehsalı da stimullaşdırar



Koronavirus pandemiyasının dünya iqtisadiyyatına zərbə vuracağı bəlli idi. 
Bunu ölkələrarası ticarət dövriyyəsindəki azalmalar da sübut edir artıq. Xüsusən də tibbi avadanlıqlar xaricində, qeyri-ərzaq mallarının idxal və ixracı kəskin azalıb.  
Məsələn, 2020-ci ilin yanvar-aprel aylarında Azərbaycana 64,1 mln. ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib.
Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz azdır. Hesabat dövründə sözügedən malların ümumi idxalında payı 1,9 faiz təşkil edib. Məlumdur ki, ölkəmizə geyim malları əsasən qardaş Türkiyədən idxal olunur. 

2020-ci ilin aprelində Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 138 243,056 min dollar təşkil edib ki, bu da ötən ilin apreli ilə müqayisədə 29 092,723 min dollar azdır. 

İdxaldakı azalma təbii ki, koronavirus pandemiyası ilə əlaqədar geyim mağazalarının karantin müddətində qapalı qalması, malların satılmamasıdır. Doğrudur, dövlət sahibkarlara dəyən ziyanı ödəməyi üzərinə götürüb. Lakin satılmayacaq malları ölkəyə gətirmək sahibkara sərf etmir. Belədə yerli tekstil, geyim istehsalının stimullaşdırılması məsələsi də ortaya çıxır. Əgər bizim əhalinin tələbatını qismən də olsa ödəyə biləcək tekstil fabriklərimiz olsaydı, sahibkarlar da çətin durumda qalmazdı. 

Məsələyə aydınlıq gətirən iqtisadçı Natiq Cəfərli “Şərq”ə açıqlamasında qeyd etdi ki, ümumi idxal rəqəmlərində deyil, ayrı-ayrı idxal sahələri üzrə azalma var: 

- Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi geyim mağazaları, “moll”arda yaz kolleksiyası satılmadı. Mağazalar bağlandısa, deməli satış da olmadı. Səbəb də məlumdu. Pandemiya insanların davranışını dəyişdi. Təkcə, Azərbaycanda yox, bütün dünyada. İnsanlar gəlirlərini daha çox, hətta deyərdim ki, bəzi hallarda tamamilə ərzağa, zəruri tələbat mallarına, tibbi avadanlıqlara sərf etməyə başladılar və bu hal hələ də davam edir. Burada istisnalar var, imkanlı ailələr geyim də alır, amma bu, kütləvi, hər zaman gördüyümüz, müşahidə etdiyimiz kimi deyil.

Təsəvvür edin ki, dünyaca məşhur “H & M” markasının satışı 60 faiz düşüb. Yəni, insanların pandemiya səbəbindən dəyişən davranışları tekstil bazarına da təsir edir, əlbəttə. 

İqtisadçı indiki durumda yerli istehsala söykənməyin mümkün olmadığını bildirdi: - Bizdə bunun heç alt yapısı da yoxdur. Bu məsələ illər öncə həllini tapmalıydı. Yerli tekstil, geyim malları istehsalı müəssisələri yaranmalıydı. İndi isə bu, çox çətindir. Çünki xammal bahadır. Yerli məhsul və mal istehsalı çox zaman baha başa gəlir. Türkiyədə niyə tesktil sənayesi inkişaf edir və öndədir, çünki istehsalda yerli xammala istinad etmək mümkündü. Türkiyənin Adana bölgəsində ildə 4 milyon tona yaxın pambıq əldə edilir.

Həmçinin Azərbaycan pambığı da Türkiyəyə ixrac olunur. Ümumiyyətlə, Türkiyədə tekstil istehsalının həcmi böyükdür. Və gəlir əldə edilə bilir. İstehsal üçün xammal kənardan ölkəyə gətirilirsə, deməli, o malın qiyməti də baha olacaq. Yerli istehsal üçün tarladan dəzgaha, oradan da bazaradək istehsal zənciri yaradılmalıdır. Məsələn, Çin məhsulları niyə ucuz başa gəlir, çünki orada birincisi, işçi qüvvəsi ucuzdur, ikincisi, uzunmüddətli və aşağı faizli kreditlər verilir – ya “0” faiz, ya da “1” faiz. Bizdə belə imkanlar hələ ki, yoxdur. Azərbaycan sənayeçilərinə kredit 15 faizli verilir. Sənayeçi də, sahibkar da məcbur olub faizi qiymətin üzərinə gəlir. Bizdə də sənayeçilərə, sahibkarlara və fermerlərə uzunmüddətli və ucuz kreditlər verilsə, bu, onlara dəstək olar, yerli istehsalı da stimullaşdırar.            

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu