Professor qəzəbləndi: “Uşağa araq içmək, siqaret çəkmək öyrədirlər”

“Məgər bu qəhrəmanlıqdır?! Əlbəttə, yox. Bunun adı nadanlıqdır”

“Həmin atalar cəzalanmalıdırlar. Hər işin öz yaşı var”




İyunun 22-də saat 22 radələrində Bərdə rayon ərazisində 2005-ci il təvəllüdlü Elnur Məmmədlinin traktorun aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölməsi ilə bağlı məlumat daxil olub.

Bərdə Rayon Prokurorluğundan verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri hərəkətlər yerinə yetirilib. Müəyyən edilib ki, həmin gün 1971-ci il təvəllüdlü Səyavuş Məmmədov özünə məxsus traktorla oğlu Elnur Məmmədli ilə birlikdə rayon ərazisində yolda hərəkətdə olarkən idarəetməni itirib. Traktorun aşması nəticəsində E.Məmmədli müxtəlif bədən xəsarətləri alaraq, hadisə yerində ölüb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bu, ilk belə hal deyil. Əvvəllər də valideynlərin öz övladlarına guya maşın sürməyi öyrətdiklərini və nəticədə bədbəxt hadisələrin baş verdiyinin şahidi olmuşuq. Biz niyə bu qədər tələsirik? Əlifba öyrənmək yaşında olan uşaq niyə maşın sürməli, sükan arxasına keçməlidir? Nə üçün o, oturacaqda oturmaq üçün dava etməli, təhlükəsizlik kəmərini bağlamağa ikrahla yanaşmalıdır?! 



Məsələ  barədə “Sherg.az”a danışan sosioloq Əhməd Qəşəmoğlunun dediklərindən belə məlum oldu ki, sözügedən fakt hələ şükür ediləsidir:

“Hələ bu harasıdır ki? Bir də görürsən, üç yaşında uşağa spirtli içki içməyi, siqaret çəkməyi öyrədirlər. Məgər bu qəhrəmanlıqdır?! Əlbəttə, yox. Bunun adı nadanlıqdır. Odur ki, həmin atalar cəzalanmalıdırlar. Hər işin öz yaşı var. 40-50 yaşında məktəbə getmək mümkün olmadığı kimi, bu yaşda da belə addımlar atmaq olmaz”. 
 
 Ə. Qəşəmoğlu, həmçinin təhlükəsizlik tədbirləri haqqında da danışdı. Onun sözlərinə görə, bəzi qəzaların səbəbi bilgisizlik və diqqətsizlikdir:

“Belə hallar çox olur. Çünki insanlar “odla oynayır”lar. Azərbaycan cəmiyyətində texniki təhlükəsizlik məsələlərinə çox vaxt laqeyd yanaşılır. Məsələn, kəndlərdə elektrik xəttlərinin necə qarışıq çəkilməsi bunu sübut edir. Texnika ilə işləyən adam mütləq onun xüsusiyyətlərini, tələblərini bilməlidir. Hələ texnika nədir ki? Pəncərə şüşəsini silən qızın yıxılması faktları ilə o qədər üzləşmişik ki...Səbəb çox sadədədir: diqqətsizlik və laqeydlik. Bunlar insanın düşmənidir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu