Virus təsir dairəsini genişləndirir ! - “İctimai qınaq və inzibati cəza olmalıdır!” 

"Söhbət xalqımızın sağlamlığından gedirsə, hər bir vətəndaş dövlətin yanında olmalıdır, fərdi dəstəyini verməlidir”


Azərbaycan hökuməti tərəfindən görülən preventiv tədbirlərə baxmayaraq, ölkə ərazisində pandemiyaya  yoluxma dinamikası gündəlik artmaqdadır. Xəstəliyin bu artım dinamikasına virusun aqressiv və yoluxma sürətinin yüksək olması ilə yanaşı, əhalinin əksər hissənin xüsusu rejim qaydalarının tələblərinə əməl etməməsi, digər şəxslərlə sıx təmasları, ciddi zərurət olmadığı hallarda evdən çölə çıxmaları, ictimai nəqliyyatda karantin dövrünün tələblərinə tabe olmamaları və digər mövcud qaydalara əməl etməmələri səbəb olub.

Qeyd edək ki,  ölkədə gündəlik yoluxma sayı 500-ə yaxınlaşır. 

Ümumi yoluxanların sayı isə 13 207-dir. Bu statistika isə haqlı olaraq ölkə rəhbərliyini və  ictimaiyyəti narahat edir. 

Əvvəllər koronavirusa gündəlik  yoluxma sayının  30-50 olduğunu vurğulayan millət vəkili Sədaqət Vəliyeva “Sherg.az”a deyib ki,  karantinin yumşalması ilə əlaqədar bu say artaraq yüzü keçməyə başladı. Daha sonra isə gündəlik olaraq artım dinamikası 500 ə qədər  artdı. 
Millət vəkili Sədaqət Vəliyevanın açıqlamasına görə, pandemiyanı zarafat kimi başa düşənlərin məsuliyyətsizliyi ucbatından virus təsir dairəsini genişləndirir: 



"İctimai yerlərdə, nəqliyyatda, mağazalarda, bazarda maskadan istifadə etməyənləri, sosial məsafəni gözləməyənləri, karantin qaydalarına riayət etməyənləri, ictimaiyyəti aldatmağa çalışanları ciddi şəkildə ictimai qınağa məruz qoymaq lazımdır. Koronavirusa yoluxanların sayının getdikcə artması bir həyəcan təbilidir. Artıq dövlət qurumlarına, qanunverici və icraedici orqanlarda  koronavirus infeksiyasına  yoluxanlar var. Biz özümüzü, ailələrimizi, cəmiyyətimizi qorumaq istəyiriksə, bir olmalıyıq, görünməyən düşmənə qarşı birgə savaşmalıyıq. Bu səbəbdən də yoluxanları yenidən sağlam həyata qaytarmaq üçün sərf etdiyimiz çox yüksək fədakarlıqla yanaşı, böyük əksəriyyətin həyatını təhlükəyə atan bir sıra məsuliyyətsizləri də eyni formada məsuliyyətə dəvət etməliyik. Düşünürəm ki, pandemiyanın artan tempini sındırmaq üçün ictimai qınaq və inzibati cəza daha sərt formada həyata keçirilməlidir”.

Pandemiya ilə mübarizədə dövlətin  üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdiyini vurğulayan millət vəkili hesab edir ki, yoluxanların müalicəsi üçün lazım olan bütün texniki və maddi resursları təmin edir. Yeni xəstəxanaların inşasından tutmuş ağır xəstələr üçün nəzərdə tutulmuş süni nəfəs aparatlarının alınmasına qədər bütün addımlar atılır: 

"Sosial şəbəkələrdə hakimiyyəti şantaj edib, ictimai rəyi çaşdıranlar daha böyük cinayət işləyənlərdir. Bu gün AXCP və Milli Şuranın timsalında sosial şəbəkələrdə virtual terrorla məşğul olan, ictimaiyyəti aldadan, saxta sosial tələblərlə insanları kütləvi itaətsizliyə çağıran bir qrup cinayətkar fəaliyyətdədir. Onların məqsədi koronavirus pandemiyasından istifadə edib Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaqdır.

Ona görə də, əsas hədəf kimi polisləri və həkimləri, səhiyyəmizi götürüblər. Məqsədli şəkildə Azərbaycan polisinə və səhiyyəsinə qara yaxırlar. Guya insanları düşünürmüş kimi fon yaradan bu düşmənlər əslində polisə və həkimlərə olan inamı aradan qaldırmaq istəyirlər.

Niyyətləri odur ki, cəmiyyətdə polis və həkimlərə qarşı inamsızlıq mühiti formalaşsın. Çox təəssüflər olsun ki, onların bu anti-dövlət və anti-xalq təbliğatına inanan, virtual kütlənin tərkib hissəsinə çevrilənlər də tapılır ki, onlar da pandemiyanın ya qurbanına, ya da yayıcısına çevrilirlər. Bu səbəbdən də ictimai qınaq və cəza tədbirləri kontekstində “beşinci kolon”un təxribatlarının qarşısı qətiyyətlə alınmalıdır, layiq olduqları cəzaya məhkum edilməlidirlər.

Əgər söhbət xalqımızın sağlamlığından, dövlətimizin dayanıqlılığından, müstəqilliyimizin əbədiliyindən gedirsə, hər bir vətəndaş dövlətin, hakimiyyətin yanında olmalıdır, fərdi dəstəyini verməlidir”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu