"Koronavirusun ürək-damar xəstələrinə yoluxması ehtimalı yüksəkdir" - İLGİNC AÇIQLAMA

“Yüksək temperatur insanlarda kəskin miokard infarktı riskini yüksəldir” 

“Evdə qalanda ürək xəstələri həm də qidalanmalarına diqqət etməli, dərmanlarını vaxtında içməli və maxsimal fiziki aktiv olmalıdırlar, amma yorucu işlərdən uzaq olmalıdırlar”


Son vaxtlar infeksiyaya yoluxma halları kütləvi şəkildə artmağa başlayıb. Rəsmi qurumların da açıqladığı kimi, fiziki məsafənin gözlənilməməsi, tibbi maskalardan istifadə olunmaması, növbələrin gözlənilməməsi, bütün bunlar son günlərdə ölkədə koronavirusun sürətli yayılmasının əsas səbəbidir. Son günlərdə yoluxma sayının artması yenidən bəzi qadağaların tətbiqi məsələsini gündəmə gətirdi və hökümət bu istiqamətdə müəyyən qərarlar qəbul etməyə məcbur oldu.

Virusa qarşı vaksin yoxdur deyə,  onu dayandırmağın yeganə yolu erkən diaqnoz və xəstələrin təcrid olunmuş vəziyyətdə müalicəsidir.

Xəstələrlə təmasda olan insanları nəzarət altında saxlayıb, onların daima monitorinqini aparmaq yeni yoluxma hallarının qarşısını ala bilər.

Dünyada bu xəstəliyə tutulan xəstələrin əksəriyyətində simptomlar yüngül olsa da, çox təəssüf ki, yaşlı və xroniki ürək-damar xəstəliyi olan insanlarda bu xəstəlik yüngül keçmir.

Mütəxəssislərin rəyinə görə, bütün bunları göz önünə gətirərək, risk qrupunda olan bütün xəstələr özlərini yaxşı qorumalı, sağlamlıqlarına hər zamankından daha diqqətli yanaşmalıdırlar.

Pandemiyaya qarşı mübarizə ilə bağlı “Sherg.az”a açıqlama verən İnvaziv -kardioloq Muxtar Museybov deyib ki, koronavirus infeksiyasının xroniki ürək-damar xəstələrinə yoluxması ehtimalının  daha yüksək olduğunu deyib.  Onun sözlərinə görə, koronavirusa yoluxan xəstələrin şikayətlərinin əsasən əzginlik, halsızlıq, şiddətli quru öskürək, yüksək temperatur və ciddi təngnəfəslikdən olduğunu vurğulayan həkim deyib ki, koronavirus xəstəliyinin əsas simptomlardan biri olan yüksək temperatur orqanizmdə iltihabi vəziyyəti artırdığı üçün ürək-damar xəstəliyi olan insanlarda kəskin miokard infarktı riskini yüksəldir. 

Bu infeksiya nəticəsində orqanizmdə toxuma və orqanların oksigenə tələbatı artır. Oksigen ehtiyacını qarşılamaq üçün ürək daha çox işləməyə məcbur olur.

Kardioloq qeyd edib ki, koronavirus infeksiyasına yoluxan ürək-damar xəstələrində yaranan yüksək temperatur və su itkisi ürək vurğularının sayının artmasına və arterial təzyiq oynamalarına səbəb olur. Nəticədə ürək-damar xəstəliyi olan insanlarda ciddi fəsadlara səbəb olur:

"Ürək-damar xəstəliyi olan insanlar  evdə qalmalı, evdən çıxmağa zərurət yarandıqda isə qoruyucu maska, eynək taxmalı, insanların çox olduğu yerlərdən mümkün qədər uzaq durmalı və digər insanlar arasında ən azı 2 metr məsafə saxlamalıdırlar. Maskanın burun, ağız və çənəni örtən hissəsinə heç bir zaman toxunulmamalıdır. Təsadüfən toxunularsa, əllər ən azı 20 saniyə su və sabunla yuyulmalı və ya spirt tərkibli məhlulla dezinfeksiya olunmalıdır.

Maska istifadə zamanı çirklənib, nəmlənib və ya cırılıbsa, mütləq yenisi ilə dəyişdirilməlidir. Tibbi maskalar qətiyyən ortaq istifadə edilməməlidir. Şəxsi gigiyena qaydalarına ciddi riayət olunmalıdır. Əlləri tez-tez maye sabunla ən azı 20 saniyə yumalı və spirt tərkibli məhlulla dezinfeksiya etməlidirlər.

Evdə qalanda ürək xəstələri həm də qidalanmalarına diqqət etməli, dərmanlarını vaxtında içməli və maxsimal fiziki aktiv olmalıdırlar, amma yorucu işlərdən uzaq olmalıdırlar. Aralıqlı 30 dəqiqəlik fiziki aktivlik gün içində bir neçə dəfə yetərli olar. Təmiz su içməyi unutmamalı".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu