“Ordumuzun hərbi təlimləri düşməni qorxuya salıb”

“Ermənilərin də narahatlığı Azərbaycanın hərbi üstünlüyü ilə  yanaşı, siyasi və beynəlxalq müstəvidə də ön plana çıxmasıdır” 




Müdafiə naziri Zakir Həsənov Real TV-yə müsahibəsində münaqişənin həlli ilə bağlı bir sıra mühüm açıqlamalar verilib. Ermənistan tərəfinin sərsəm bəyanatlarına münasibət bildirən nazir bildirib ki, hərbiçilər bu cür polemikalarda iştirak etməməlidir, çünki ordunun vəzifəsi döyüşməkdir. Z.Həsənov vurğulayıb ki, Azərbaycan öz sözünü döyüş meydanında deyəcəyik:

“Boş-boş danışmaq onlara qalacaq. 2016-cı ildə Azərbayacan ordusu kiçik bir hissəsi ilə Ermənistan ordusunu 3 gün ərzində darmadağı etdi. Səfərbərlik elan etməyə məcbur oldular. Səfərbərlik hansı vaxtda elan edilir? Nə vaxt ki, artıq ordunun gücü tükənir, dövlət səfərbərlik edir, qocaları yığır toy-bayramla göndərir.

Nə oldu? Qaçdılar dərhal öz yiyələrinin yanlarına yalvardılar ki, qoymayın bizi qırırlar. Ancaq mən inanmıram ki, ikinci dəfə bunların yiyələri bunların arxasında dura biləcək”. Nazir bildirib ki, ölkəmizdə keçirilən genişmiqyaslı təlimlər düşmən generallarının canına qorxu salıb: “Ermənistan beynəlxalq qurumlara Azərbaycanın yüksək səviyyədə həyata keçirdiyi tədbirlərin qarşısını almaq üçün müraciət edib”. 



Müdafiə nazirinin diqqət çəkdiyi məqamı “Sherg.az” dəyərləndirən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib ki, Ermənistan rəhbərliyi bir neçə dəfə ABŞ-ın müdafiə naziri və dövlət katibinə, eləcə də Rusiyanın güc strukturlarına, XİN rəhbərinə müraciətlər ünvanlayıb. 
Analitik bildirib ki, düşmən ölkə şikayət xarakterli bütün müraciətlərində Azərbaycan Ordusunun hücuma hazırlaşmasından, təlimlər keçirməsindən qorxduğunu ifadə edib: 

“Ermənilər öz havadarlarına dil töküblər ki, onlar Azərbaycan Silahlı Qüvvələrini dayandırsınlar. Ordumuzun hərbi əməliyyatlara başlamamasının səbəblərindən biri odur ki, regionda baş verən hadisələr, o cümlədən beynəlxalq proseslər bunun zamanı yetişmədiyini göstərir. Ayrı-ayrı güclərin, qonşu ölkələrin Qarabağ münaqişəsinə baxış bucağı olduqca önəmli faktordur. Şübhə yox ki, müharibə başlayacağı təqdirdə ən müasir hərbi texnika ilə silahlanmış Azərbaycan Ordusu erməniləri qısa zamanda darmadağın edəcək.

Silahlı Qüvvələrimizin döyüş ruhu, vətənpərvərliyi çox yüksəkdir. Gücümüzü 2016-cı və 2018-ci illərdə düşmənə göstərmişik. Lakin yenə deyirəm, indiki məqamda böyük dövlətlərin, dünyanın söz sahibi ölkələrinin münaqişələrə yanaşması mühüm amildir. Son zamanlar ABŞ və Rusiyanın münaqişəyə baxışında müəyyən korrektələr baş verib. Bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik.

Əslində, ermənilərin də narahatlığı Azərbaycanın hərbi üstünlüyü ilə  yanaşı, siyasi və beynəlxalq müstəvidə də ön plana çıxmasıdır”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu