Şairdən qızıl sözlər: “...Xaosdan sonra harmoniya, sakitlik gəlir”

“Xaos və harmoniya bir-birini əvəz edir. Bir az obrazlı formada desək, xaos harmoniyanın anasıdır”

“Bunu tarix də sübut edir. Bəşəriyyətin əsası da məhz qarışıqlıq üzərində qurulub. Yəni dünya dağılmayacaq”

"Sadəcə elmi-texniki tərəqqinin inkişafı nəticəsində müəyyən dəyişikliklər ola bilər”


Koronavirusa “taclı virus” deyə-deyə o qədər lağ etdik ki,  özünü şah, padşah kimi aparmağa başladı. Canlar aldı. Özü də ayrı-seçkilik etmədən. Dinə, yaşa, cinsə baxmadan. İndi Səudiyyə Ərəbistanda da, İtaliyada da, Almaniyada da, Rusiyada da, Azərbaycanda da çoxları koronavirusa lənət oxuyur. Di gəl, inanmayanlar, baş verənlərin hansısa bir əfsanədən götürüldüyünü iddia edənlər də az deyil. Məhz onların məsuliyyətsizliyi ucbatından da heç tanımadıqları, amma kimin üçünsə əziz, doğma olan insanlar dünyadan köçürlər. Bu da “taclı virus”un iti “qılıncı”...


  Tanınmış şair Rüstəm Behrudi “Sherg.az”a açıqlamasında bildirdi ki, “qılınc” artıq işə düşüb. Bundan qorunmağın  yeganə yolu var:

“Bütün dünya koronavirusu qəbul edirsə, biz niyə ciddiyə almayaq?! Sağlam, gələcək arzularla yaşayan insanlar bir anın içində dünyadan köçür, gözlərini əbədi yumurlar. Bu, zarafat ola bilərmi?! Hətta mənim tanışlarım arasında da yoluxanlar, ölənlər var. Halbuki sapsağlam insanlar idi...Deməli, diqqətli olmalı, karantin qaydalalarına əməl etməli və özümüzü qorumalıyıq.” 

Şair, həmçinin vurğulayıb ki,bəzi insanların məsələyə etinasız yanaşması müəyyən səbəblərlə bağlıdır: 

“Çünki ziddiyyətli məlumat verirlər. Birinin dediyi ilə digərinin dediyi üst-üstə düşmür. Əgər ÜST-nin Azərbaycandakı nümayəndəsi insanlara evdən çıxmamağı tapşırıb, özü Qusarda istirahət edirsə, vətəndaşlar onun dediklərinə necə etibar edə bilərlər? Belə faktlar çoxdur. Təzyiqdən daha çox, maarifləndirmə aparılmalıdır. İnsanlar özləri şüurlu şəkildə başa düşməlidirlər ki, zərurət olmadığı təqdirdə evdən çıxmamaq şərtdir. Həm də əhalinin narazılığına səbəb ola bilməyəcək addımlar atılmalıdır. Vətəndaşların sosial rifahı da nəzərə alınmalıdır. Evdən işə gedə bilməyən ailəsini necə dolandırmalıdır? Əgər belə davam etsə, adamlar ölümü gözə alıb çölə çıxacaqlar. Mənə elə gəlir ki, bizim dövlətimizin həm insanların sağlamlığını, həm də sosial rifahı qorumaqdan  ötrü kifayət qədər gücü, qüdrəti var. Soydaşlarımız da narahat olmasınlar. Bir az səbr göstərsək və özümüzü qorusaq, hər şey düzələcək”. 

 R. Behrudinin fikrincə, bu, bir keçid dövrüdür, birazdan sonra vəziyyət əvvəlki qaydasına düşəcək:

“Biz bəşəriyyətin mövcudluğu ərzində ən çətin dövrdə yaşayırıq. Bir yüz illiyi, bir min illiyi geridə qoymuşuq. Neçə- neçə hadisənin şahidi olmuşuq. Amma dünya olduğu kimi davam edir, mövcudluğunu qoruyur. Bundan sonra da belə olacaq. Mən həmişə inanmışam ki, xaosdan sonra harmoniya, sakitlik gəlir. Xaos və harmoniya bir-birini əvəz edir. Bir az obrazlı formada desək, xaos harmoniyanın anasıdır. Bunu tarix də sübut edir. Bəşəriyyətin əsası da məhz qarışıqlıq üzərində qurulub. Yəni dünya dağılmayacaq. Sadəcə elmi-texniki tərəqqinin inkişafı nəticəsində müəyyən dəyişikliklər ola bilər. Bəşəriyyət isə öz varlığını qoruyacaq, hələ neçə- neçə hadisənin şahidi olacaq”

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu