“Heç bir sosial layihə təxirə salınmayacaq”

"190 manat maddi dəstəyin verilməsi  vətəndaşlara göstərilən diqqət və qayğının göstəricisidir”

“Bir sözlə, dövlət hər zaman olduğu kimi, üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışır” 




Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncədə səfərdə olublar. Ölkə başçısı 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu ilə tanış olub. 
Prezident korpusun açılış zamanı mühüm məsələlərə toxunub. O bildirib ki, koronavirus pandemiyasının miqyasından asılı olmayaraq, ilin sonuna qədər insanların yaşayış səviyyəsi dəyişməz olaraq qalmalıdır:

“Mən demişəm ki, sosial sahədə heç bir ixtisarlar olmayacaq. Minimum əməkhaqqı orta hesabla iki dəfə, minimum pensiya 70 faiz artdı. Müavinətlər 50 faiz, 100 faiz artdı. Problemli kreditlər kompensasiya şəklində insanlara maddi hədiyyə olaraq verildi. Yəni, bu məqsədlər üçün milyardlarla manat xərcləndi. Pandemiyaya qarşı mübarizə üçün 3 milyard manatdan çox vəsait nəzərdə tutulur. Bu vəsaitin bir hissəsi xərcləndi və biz yeni avadanlıqlar alırıq. İndi 23 laboratoriyamız var”. 

Prezident qeyd edib ki, biz yaranmış vəziyyətdən şərəflə çıxmağa çalışmalıyıq:

“Ancaq dövlət tərəfindən atılmış addımlar əgər kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq. Dəstək isə nədən ibarətdir? Sadəcə olaraq, üç adi qaydanı gözləmək, buna əməl etmək və məsuliyyət, nizam-intizam göstərmək. Biz birlik, həmrəylik nümayiş etdirmişik”.

Ölkə başçısının çıxışını “Sherg.az”a şərh edən millət vəkili Ceyhun Məmmədov bildirib ki, Azərbaycan ilk gündən pandemiya ilə mübarizədə operativ və adekvat qərarlar qəbul etdi. Prezident İlham Əliyev ilk gündən prosesi öz nəzarətinə götürdü. Deputatın sözlərinə görə, pandemiyanın ölkə iqtisadiyyatına və ölkənin iqtisadi durumuna mənfi təsirlərinin aradan qaldırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin icrasına başlanılıb:

“Prezident İlham Əliyev bir neçə mühüm sərəncam imzaladı. Operativ Qərargah, Fond yaradıldı, bir neçə istiqamətdə tədbirlər planı hazırlandı. Qısa müddətdə bir neçə xəstəxana inşa olundu. Görülən bu tədbirlər nəticəsində ilk gündən virusa yoluxanların sayında ciddi artım müşahidə olunmadı. 

Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, cənab Prezident dəfələrlə heç bir sosial layihənin təxirə salınmayacağını bəyan etdi.

190 manat maddi dəstəyin hazırkı karantin dövründə də verilməsi barədə qərarın qəbul edilməsi ölkə vətəndaşlarına dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğının göstəricisidir. Bir sözlə, dövlət hər zaman olduğu kimi, üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışır”. 

Millət vəkili vətəndaşlarımızın üzərinə ciddi vəzifə düşdüyünü vurğulayıb:

“Hər kəs karantin qaydalarına tam əməl etməlidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, hamımız yaranmış vəziyyətdən şərəflə çıxmağa çalışmalıyıq. Bunun üçün dövlət tərəfindən atılmış addımlar kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməlidir. Əks halda nəticələr arzuolunan olmayacaq. Hər bir Azərbaycan vətəndaşı birlik və həmrəylik nümayiş etdirməlidir.

“Biz birlikdə güclüyük!” şüarını hər zaman xatırlamalıyıq. 
Ölkə vətəndaşlarının böyük əksəriyyəti karantin qaydalarına əməl etsə də, təəssüf ki, bəzi vətəndaşlar qaydalara tam əməl etmir, özlərini qorumurlar. Həmin şəxslər özləri ilə bərabər digər insanları da fikirləşməlidirlər. Cəmiyyətdə ictimai qınaq və vətəndaş mövqeyi də olmalıdır. Hər bir vətəndaş öz məsuliyyətini unutmamalıdır. Lazım olduğu təqdirdə qaydalara əməl etməyən insanlar cəmiyyət üzvləri tərəfindən də qınanmalıdır. Hamı bir-birinə nəzarət etməlidir.

O zaman nəticələr istədiyimiz kimi ola bilər. Hər kəs bilməlidir ki, qaydalara əməl edilməsə, nəticələr ürəkaçan olmaya bilər. Çünki hazırda dünyada növbəti dalğalardan söhbət gedir. Bu bir milli təhlükəsizlik məsələsidir. Nə qədər gec deyil hamımız diqqətli olmalıyıq. Şübhəsiz ki, bir çox bəlalardan olduğu kimi bu bəladan da üzüağ çıxacağıq. Əsas odur ki, aramızda birlik və həmrəylik olsun”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu