KİV-də dil normaları necə qorunmalıdır? - Professordan effektiv təkliflər


Məlum olduğu kimi, Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyənləşib. Bu, Prezident İlham Əliyev tərəfindən dünən təsdiq edilən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.
  
Bu dəyişiklik KİV-də dil normalarının qorunması məsələsini yenidən aktuallaşdırdı. BDU-nun Jurnalistika fakültəsinin professoru Nəsir ƏhmədliSherg.az”a açıqlamasında mətbuatda dil normalarına əməl olunması üçün müəyyən təkliflər verib:

“Son vaxtlar KİV-də ədəbi dil normalarının pozulması ilə bağlı haqlı narazılıqlar eşidilir, vəziyyətdən çıxış yolları axtarılır. Mən təklif edərdim ki, 
redaksiyalarda çalışan yaradıcı əməkdaşların ədəbi dil bilgisi üzrə vaxtaşırı attestasiyası keçirilsin.Yeni əməkdaşlar “Azərbaycan ədəbi dilinin normaları”ndan imtahan verdikdən sonra işə qəbul olunsunlar.

Həmçinin redaksiyalara və saytlara kadr seçimi zamanı Jurnalistika və Filologiya fakültələrinin məzunlarına üstünlük verilsin. Eyni zamanda  hər bir redaksiyada yazıların dil və üslubuna görə məsuliyyət daşıyan yüksəkmaaşlı ədəbi redaktor ştatları yaradılsın.

Bundan başqa, Azərbaycan ədəbi dilinin normalarını və əsas orfoqrafiya qaydalarını əks etdirən metodik vəsait hazırlanıb redaksiyalara  paylanılsın. BDU Jurnalistika fakültəsinin nəzdində KİV-in dili və üslubu ilə bağlı daimi fəaliyyət göstərən qısamüddətli (1-2 aylıq) ödənişli kurslar açılması da müsbət nəticə verər.  Mütəmadi olaraq tanınmış mütəxəssislərin iştirakı ilə monitorinqlər, seminarlar, “Dəyirmi masa”lar, treninqlər keçirilməsini tələbələr maaqla qarşılayarlar. Televiziyalarda, radiolarda dillə bağlı verilişlərin sayının artırılması, qəzetlərdə, jurnallarda və saytlarda bu mövzuda sistemli şəkildə materiallar dərc olunması yaxşı olar. Əgər ədəbi dil normalarını daha çox pozan redakiyalar və əməkdaşlar inzibati qaydada cərimələnsələr, onlar məsuiyyət hiss edərlər.

Əlbəttə,  redaksiyaların və AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutu ilə universitetlərin Jurnalistika və Filologiya fakültələri ilə əlaqələrin genişləndirilməsi də məqsədəuyğundur".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu