Qapılarını medianın üzünə taybatay bağlayan mətbuat xidmətləri var – Çıxış yolu göstərildi

Seymur Əliyev: “Yaxşı olar ki, vaxtaşırı mediada mətbuat xidmətləri və onların fəaliyyəti ilə bağlı sorğular keçirilsin”

“Bunun nəticəsilə də  hansı mətbuat xidmətinin media ilə daha yaxşı münasibət qurduğu müəyyənləşsin”  



Jurnalist üçün xəbər hər şeydən önəmlidir. Ölkədə və dünyada baş verən hadisələri, önəmli xəbərləri operativ şəkildə oxuculara çatdırmaq KİV-lərin missiyasıdır. Lakin hərdən informasiya əldə etməklə bağlı ciddi çətinliklər yaşanır. Məsələ ondadır ki, media nümayəndələri gün ərzində məlumat əldə etmək, informasiyanı dəqiqləşdirmək məqsədilə müxtəlif ünvanlara müraciət edirlər.

Belə ünvanlar arasında dövlət qurumlarının, mətbuat xidmətlərinin xüsusi yeri var. Bu mənada dövlət orqanlarının, mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Ümumiyyətlə, mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki, həm dövlətin, həm o qurumun, həm də medianın işinə yarayar.

Bu mənada son illərm mətbuat xidmətləri, dövlət qurumlarının media ilə əməkdaşlığında irəliləyişlər müşahidə olunur. Bununla yanaşı, qapılarını medianın üzünə taybatay bağlayan mətbuat xidmətlərinə də rast gəlinir. 

Maraqlıdır, işini və ya fəaliyyətini qanun çərçivəsində görən özəl və ya dövlət qurumları niyə mediadan qaçaq düşməlidirlər? 

Məsələyə münasibət bildirən “Moderator.az” saytının redaktoru Seymur Əliyev “Sherg.az”a açıqlamasında qeyd edib ki, ümumiyyətlə, Azərbaycanda mətbuat xidmətlərinin, dövlət qurumlarının media ilə əlaqələri, onlara qarşı münasibətləri arzuolunan səviyyədə deyil:

 “Bəzi mətbuat xidmətləri  mediadan gələn suallara o hallarda cavab verirlər ki, həmin cavablar öz maraqlarına uyğundur və onları qane edir. Dövlət qurumları, mətbuat xidmətləri ilə media arasındakı münasibətlər diqqətdə saxlanılmalıdır. Çox yaxşı olar ki, vaxtaşırı olaraq media orqanları arasında mətbuat xidmətləri və onların fəaliyyəti ilə bağlı sorğular keçirilsin.Bunun nəticəsilə də  hansı mətbuat xidmətinin media ilə daha yaxşı münasibət qurduğu müəyyənləşsin.  Qaldırdığınız məsələ çox ciddi problemdir. Həm qeyd etdiyim, həm də qeyd etmədiyim digər üsullarla bu problemin həlli ilə bağlı addımlar atmaq zəruridir”.

Fidan HƏBİBLİ

Paylaş

Bizi Facebookda izləyin
menu
menu