Jurnalistikada nəzəriyyə, yoxsa təcrübə...?! - Üz-üzə !


Jurnalistikada nəzəriyyənin, yoxsa təcrübənin daha vacib olması uzun illərdir, müzakirə edilir. Müxtəlif mövqe sahibləri fikirlərini isbatlamaq üçün fərqli arqumentlər ortaya qoyurlar. Bu məsələ ətrafında nəzəriyyəçilərlə baş redaktorlar arasında fikir toqquşmalarının az şahidi olmamışıq.

Bəs, görəsən, onlar yerlərini dəyişsələr, yəni hansısa KİV-ə bir günlük rəhbərlik etsələr, auditoriyaya girib bir gün dərs desələr hansı yenilikləri tətbiq edərlər? Suala cavab tapmaq üçün rubrika çərçivəsində növbəti fikirləri oxucuların diqqətinə çatdırırıq:


“Xarici qəzetlərin təcrübəsindən yararlanıb qəzetin festivalını keçirərdim”

Ayaz Musayev, BDU- nun Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının baş müəllimi: “Mən baş redaktor olsa idim, ilk növbədə oxucularla əks əlaqə yaradardım. Analitik materiallara geniş yer verər, müasir infoqrafikadan xeyli dərəcədə istifadə edərdim. Həmçinin şənbə buraxılışlarının rəngli nəşr olunmasına çalışardım. Bəzi xarici qəzetlərin təcrübəsindən yararlanıb qəzetin festivalını keçirərdim. Monotonluğu aradan qaldırmaq məqsədilə qəzetin  yeni maketini işləyib hazırlayardım. Elektron kütləvi vasitələrlə rəqabəti gücləndirər, oxucuların elektron məktublarını qəzetdə çap etdirərdim. Düşünürəm ki, “ilin ən yaxşı məqaləsi”, “ilinən yadda qalan müəllifi”, “ilin ən yaxşı sərlövhəsi” adında müxtəlif müsabiqələrin təşkili, viktorina, krossvord kimi müxtəlif müsabiqələrin keçirilməsi arzuolunan nəticəni verə bilər. Birincisi bu, yaradıcı heyəti stimullaşdırar, ikincisi isə oxucuları həvəsləndirər. Əlbəttə, qəzetin “bencmarkinq”, yəni rəqib və ya analoji nəşrlərin iş metodlarının öyrənilməsi prosesinin fəallaşdırılması da dövrün tələbidir. Hər ay qəzetin bir nömrəsini ingilis və rus dillərində buraxmaq daha geniş auditoriyaya çatmağa şərait yarada bilər. Bundan başqa, qəzetin marketinq fəaliyyətini gücləndirər və səhifələrdə bədii nümunələrinin dərcini diqqətdə saxlayardım. Şübhəsiz, bütün bunları reallaşdırmaqdan ötrü həmfikir insanlardan ibarət jurnalist komandası yaradardım”. 


“Nəzəriyyəni dərindən bilən kifayət qədər müəllim var. Amma bəzi hallarda əməli fəaliyyət unudulur”


Vüqar Rəhimzadə, “İki sahil” qəzetinin baş redaktoru: “Bildiyinz kimi, mən həm də Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsində dərs deyirəm. Yəni müəllimlik peşəsinə  bələdəm. Həmişə tələbələrimə deyirəm ki, nəzəriyyə ilə təcrübə vəhdətdə inkişaf etməlidir. Yalnız belədə yetkin jurnalist olmaq mümkündür. BDU-da, BSU-da, ADU-da nəzəriyyəni dərindən bilən kifayət qədər müəllim var. Amma bəzi hallarda əməli fəaliyyət unudulur. Mən 30 ildir, mətbuatdayam. Əminliklə deyə bilərəm ki, gözlə, əyani formada görülən proses heç zaman yaddan çıxmır. Yəni tələbələr dərsliklərdən oxuduqlarını, mühazirədə eşitdiklərini bir də istehsalatda görməlidirlər. Məsələn, qəzetin çap prosesində iştirak etmək çox vacibdir. Həmçinin qəzetin sərlövhə yaradıcılığına, tərtibat elementlərinə dərindən bələd olmaq şərtdir. Çünki sərlövhə yazının canıdır. Qəzeti oxutduran isə onun tərtibatıdır. Çap mətbuatı həmişə yaşayacaq. Odur ki, tələbələr elektron media ilə yanaşı, ənənəvi mətbuatın incəliklərini də öyrənməlidirlər. Təəssüfləndirici məqam ondan ibarətdir ki, bəzi fənnlər üzrə ədəbiyyat arzuolunan qədər deyil. Bu, xüsusilə yeni media ilə bağlı predmetlərə aiddir. Ümid edirəm iki, gələcəkdə qeyd etdiyim çatışmazlıq da öz həllini tapacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu