"Azərbaycan" İES birinciliyini qoruyub saxlayır” - Tələbat ödənir !

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan" İstilik Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsində iştirak edib.  330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji blokundan ibarət olan “Azərbaycan” İstilik Elektrik Stansiyasının İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.  
“Azərbaycan" İstilik Elektrik Stansiyasının ” əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi ilə bağlı çıxış edən dövlət başçısı bir sıra önəmli məqamlara toxunub.  
Azərbaycan” İstilik Elektrik Stansiyası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikildiyini xatırladan ölkə başçısı deyib ki, Heydər Əliyevin davamlı və məqsədyönlü fəaliyyəti nəticəsində Sovet İttifaqının rəhbərliyi Azərbaycana böyük sərmayənin qoyuluşuna icazə verdi. Əgər bu stansiya o vaxt tikilməsəydi, müstəqillik dövründə Azərbaycan ciddi  problemlərlə üzləşə bilərdi. Yalnız Heydər Əliyevin uzaqgörənliyi və vaxtında atılmış addımların səmərəliliyi nəticəsində Azərbaycan ayaqda dura bilib.



Açılışla bağlı fikirlərini “Sherg.az”la bölüşən politoloq İlyas Hüseynov  öz dövrü üçün nəhəng infrastruktur layihəsi olan və respublikanın energetika sistemində xüsusi əhəmiyyəti ilə seçilən “Azərbaycan” İES-in 1990-ci ildə istifadəyə verildiyini qeyd edib. 
 Politoloq hesab edir ki, sözügedən stansiya  elə o vaxtdan ölkənin elektrik enerjisinə tələbatın qarşılanmasında hər zaman birinciliyini qoruyub saxlayıb. 
İki il ərzində həyata keçirilən proqram çərçivəsində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasında bütün parametrlər üzrə tikinti və bərpa işlərinin  sürətlə aparıldığını vurğulayan İ.Hüseynov  deyib ki, əsas diqqət həm də “Azərbaycan” İstilik Elektrik Stansiyasının hər biri ayrıca elektrik stansiyası statusuna malik 8 blokun yenidən qurulmasına yönəlib: 

" Blokların təbii təsirlərdən qorunması və ən əsası da itkilərin azaldılması üçün izolyasiya işləri görülüb. Yenidəqurma proqramı çərçivəsində yararsız metal konstruksiyalar yenilənib, yük məhdudiyyətinə təsir edən regenerativ hava qızdırıcılarının daxili elementləri dəyişdirilib, turbin qurğularında zədələnmiş işçi kürəklər, hidrogen və yağ istilik mübadilə aparatları da təzələnib. Kimya sexi müasir tipli əks-osmos sutəmizləyici texnologiyaya əsasən yenidən qurulub, reagent təsərrüfatı yenilənib, əlavə ehtiyat su çənləri yaradılıb. Ən əsası isə stansiyada yenidənqurma işləri aparılarkən ölkəyə elektrikin verilişi bir dəqiqə də olsun dayanmayıb". 

"Ölkənin elektrik enerjisinə olan tələbatının 40 faizini ödəyən stansiyada istehsal edilən elektrik enerjisi respublikanın enerji sisteminə 330 və 500 kilovoltluq elektrik verilişi xətləri ilə ötürülür" deyə politoloq əlavə edib. Onun sözlərinə görə, yenidənqurma işlərindən sonra stansiyanın qoyuluş gücü 2400 MVt-a çatdırılıb və 600 MVt itirilmiş güc bərpa olunub. Bununla da “Azərbaycan” İES-in etibarlılığı artıb, dayanıqlılığı, təhlükəsizliyi və səmərəliliyi təmin olunub.

Qeyd edək ki,  2018-ci il iyulun 3-də 330 kilovoltluq yarımstansiyasındakı cərəyan transformatorunda baş verən qəza nəticəsində təxminən min kiloqrama qədər yağ ətrafa axıb yaxınlıqdan keçən elektrotexniki avadanlıqların, eləcə də kabellərin, əsasən də informasiya və avtomatika kabellərinin üzərinə dağılaraq güclü yanğına səbəb olmuşdu.

Nəticədə bir-birinin ardınca baş verən qəzalar ölkənin enerji sisteminə ciddi ziyan vurmuşdu. Həmçinin baş verən qəza nəticəsində  330 və 500 kilovoltluq yarımstansiyaların avadanlığı və mühafizə sistemləri öz ömrünü başa vurmuşdu.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu