“Yeni era yeni yaşam tərzinə alışmağı tələb edir” - AÇIQLAMA

“Görünür, alışmış olduğumuz çox şeylərdən əl çəkməli olacağıq”

“Hələlik tək çarə immuniteti gücləndirmək, özümüzü psixoloji baxımdan güclü saxlamaqdır”







“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ölkəmizdə koronavirusa yoluxanlarla bağlı maraqlı status paylaşıb.
O, bildirib ki, ümumi yoluxanların 54 faizi qadınlar, 46 faizi kişilərdir: “Qadınların pandemiyaya qarşı davranışında problem nədən qaynaqlanır? Maskaya qənaət, inamsızlıq, məlumatsızlıq yoxsa natəmizlik?”. 


Əslindən xanımlar daha çox təmizkar olmaqları ilə seçilirlər. Sanki təmizlik və gigiyena qaydalara əməl etmək onların əsas vəzifəsi kimi qeyd olunur. Təbii ki, bu belə olmamalıdır. Kişi və ya qadın, fərq etməz hər kəsin təmizliyə əməl etməsi vacibdir. Amma bəzi mütəxəssislər və həkimlərin qənaətinə görə, xanımlar uzun dırnaqlara meyilli olduqları üçün onların virus və digər xəstəliklərin daşıyıcısı olma riski daha yüksəkdir.

Mövzuya dair “Sherg.az”a danışan tanınmış jurnalist İlhamə Rəsulova bildirib ki, virusa daha çox qadınların, ya kişilərin yoluxduğunu söyləmək bir az çətindir:

“Mehriban xanımın paylaşdığı bu statistikanın nə dərəcədə həqiqəti əks etdirdiyini bilmirəm. Amma həqiqətən belədirsə, bunu, yəni qadınların daha çox yoluxmasını gigiyenik tədbirlərə az əməl etmələri ilə yox, başqa amillərlə əlaqələndirərdim. Birincisi, ona görə ki, ailədə uşaqların qayğısı, tərbiyəsi ilə analar daha çox məşğul olur. Uşaqlar isə koronavirusun gizli daşıyıcıları ola bilərlər. 

Özləri heç bir simptom göstərmədən böyükləri yoluxdurmuş ola bilirlər. Xüsusən Bakıda, Gəncədə, Sumqayıtda bina evlərində yaşayan ailələrdə dəfələrlə şahid olmuşam ki, analar və uşaqlar həyətlərə maskasız düşür, toplaşıb oturur, saatlarla söhbət edirlər.Uşaqlar qorunmadan birlikdə oynayırlar”. 

İ.Rəsulova bildirib ki, başqa bir səbəb kişilərin alkoqoldan daha çox istifadə etməsi ola bilər:

“Qadınlar spirtdən xarici gigiyenik vasitə kimi istifadə edirlər. Təəssüf ki, ölkədə sərt karantin rejimi elan ediləndə hər kəs buna öncə sıx şəkildə əməl etməyə başlasa da, sonradan bu kampaniya xarakterli oldu, dayandırıldı. Hətta avtobuslarda belə spirt flakonları qoyulmadı. Arxayınlaşdıq, rahatlaşdıq və təhlükəyə qarşı özümüzü müdafiəsiz hala gətirdik. Qadınlar gözəllik salonlarına daha intensiv üz tuturlar. Doğrusunu desəm, nə xidmət göstərən ustalarda, nə də bu xidməti alan qadınların üzündə maska görmüşəm”. 

Xanım jurnalist vurğulayıb ki, uzun dırnaqlardan istifadə gözəl görünə bilər, amma onlar xüsusi qulluq, ikiqat təmizlik tələb edir:

“Qaşa tatuaj, yanaqlara, dodaqlara dolğu vurulması halı maska ilə mümkün deyil. Qadınların bir çoxunun sağlam olmayan pəhrizlərlə orqanizmini bir çox xəstəliklərə qarşı zəif salması da bir səbəb ola bilər. Gözəl görüntü naminə qadınlar çox şeyi qurban verirlər. Ola bilər ki, kişi orqanizmi qadına nisbətən daha qüvvətlidir, buna görə yoluxsa belə simptomsuz ötüşdüyünə görə statistika belə bir nəticə göstərilib”. 

İ.Rəsulova qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı öncələr kişilərin koronavirusa qarşı daha az dayanıqlı olduğunu qeyd etmişdi:

“Bu virus mutasiya edib yeni-yeni donlara büründüyünə görə, onun barəsində hətta virusoloqlar, həkimlər belə konkret fikir söyləməyə çətinlik çəkirlər. Biz media insanları olaraq daim bu informasiyanın içərisindəyik. Yəqin eşitmişdiniz, siqaret çəkən adamalara virus daha az təsir edir. Bu məlumata təəccüblənmişdik. Bu mənada deyə bilmərəm, kişilər daha az yoluxur və ya qadınlar daha çox təhlükədədir. Hamımız eyni gəminin içərisindəyik, eyni təhlükə qarşısında müdafiəsizik. Evdən çıxmasaq belə, evə gələn nağd pul, marketdən alınan ərzaq, çöldən gələn insanın geyimi, üzündə maskası olsa belə paltarı, saçları virusla örtülmüş ola bilər. Hələlik tək çarə immuniteti gücləndirmək, özümüzü psixoloji baxımdan güclü saxlamaqdır. Çünki stress də insanı boş yerə zəif sala və xəstələndirə bilər. Təmizliyə önəm vermək lazımdır. Görünür hələ bu ilin sonuna qədər yaşam normaları içində qalacağıq və alışmış olduğumuz çox şeylərdən əl çəkməli olacağıq. Yeni era yeni yaşam tərzinə alışmağı tələb edir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu