“Putin Rusiya ilə Belarusun birləşdirilməsindən imtina edir” – NİYƏ? + ŞƏRH

“Belarus Rusiyanın tərkibinə qatılarsa,belaruslar da ruslar qədər imtiyazlardan yaralanmalıdır. Bu isə Moskvaya sərf etmir” 



Belarus prezidenti Aleksandr Lukaşenko Minsk bölgəsinin nümayəndələri ilə görüşündə Rusiya ilə münasibətlərdən danışıb. Lukaşenko bildirib ki, Rusiya Belarusu ya iqtisadi, ya da siyasi baxımdan itirmək istəmir: “Çünki Minsk Moskva üçün yeganə müttəfiqdir: “Rusiya prezidenti Vladimir Putinə tez-tez belə deyirdim. Mən sizi başa düşürəm, Belarusu itirə bilməzsiniz. Belarusu xilas edə də bilməzsiniz. Niyə? Çünki Rusiyanı marjinal bazarlardan sıxışdırma prosesi başlayıb”. Lukaşenko əlavə edib ki, ölkəsi Almanlardan sonra Rusiyanın ikinci qaz alıcısıdır və böyük həcmdə nefti emal edir: “Əlbəttə ki, Rusiya Belarusu iqtisadi cəhətdən itirmək istəmir. Ən başlıcası isə siyasi baxımdan”. 

Belarus prezidenti onu da vurğulayıb ki, Belarusun itirilməsi Rusiyanın daxili siyasətinə ən güclü zərbədir.
Bəzi ekspertlər Lukaşenkonun sözlərini Rusiya ilə əlaqələrin, daha doğrusu Moskva-Minsk münasibətlərinin nə qədər “dəyərli” olduğunu göstərən bir mesaj kimi şərh ediblər.  



Lukaşenkonun iddialı cümlələrini “Sherg.az”a şərh edən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev hesab edir ki, Rusiya keçmiş sovet respublikalarına qarşı eyni siyasi kursu davam etdirir. Analitikin sözlərinə görə, bəzən siyasətçilər və media nümayəndələri Putinin  keçmiş sovet müttəfiqlərinə qarşı hədələyici bəyanatlarını SSRİ-ni birləşdirmək cəhdi kimi qiymətləndirirlər: 

“Doğrudur, məsələyə səthi yanaşdıqda bu qərara gəlmək olur. Lakin reallıq bir qədər başqadır. Ruslar üçün etnik tərkibinə görə ən yaxın respublika Belarusdur. Belarus prezidenti də dəfələrlə bunu vurğulayıb. Hətta yaxınlığa görə, iki dövlətin birləşdirilməsi təklifini də israrla irəli sürüb. O zaman sual meydana çıxır. Bəs, Putin nədən ilk baxışdan göydəndüşmə kimi görünən bu təklifdən imtina edir? Axı bu baş verərsə, digər respubliklar üçün də bir başlanğıc və bəhanə ola bilərdi. Putinin “birləşmə ideyası”nın reallaşmasının əleyhinə olması Kreml rəhbərinin reallıq hissini itirməməsidir. Eyni zamanda Belarus qarşısında məsuliyyət götürməməsindən irəli gəlir. Əgər Belarus Rusiyanın tərkibinə qatılarsa, o zaman belaruslar da ruslar qədər imtiyazlardan yaralanmalıdır. Bu isə Moskvaya sərf etmir”. 

Politoloqa görə, indiki halda Rusiya üçün ən yaxşı variant “dost ölkə” metodudur: 

“Hazırda antidemokratik imic qazanan Rusiyanın bütün müstəvilərdə sıxışdırılması prosesi gedir. Rusiya böyük iqtisadi embarqolara məruz qalıb. Artıq Qərb ölkələri Moskvanın əlində olan nüvə silahından da qorxmur. Ən azından nüvə silahına malik olmayan güclü Türkiyənin Rusiya qarşısından geri çəkilmədiyinin şahidi olduq. Rusiya öz qazını Almaniyaya satdığı qiymətdən 30 faiz baha Belarusa satır. Bir müddət əvvəl Lukaşenko buna etiraz etmişdi və belə davam edəcəyi təqdirdə rus qazından imtina məsələsini gündəmə daşımışdı. Belarusun Azərbaycan qazını Avropadan almaq barədə danışıqlara başlaması da sirr deyil. Əslində SSRİ-dən sonra keçmiş müttəfilərin güclü birliyi mümkün ideyadır. Ancaq bu ideya sözügedən məkanda demokratikləşmə tamamilə baş tutduqdan sonra mümkündür. MDB isə sadəcə dağılışmamaq üçün yaradılmış qurumdur”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu