Ağ xalatlıdan qara kabus ! - “Qızın nəşini qan içində saxlayıblar!” – BİABIRÇILIQ !

“Gənc qızın nəşi mütləq ailəyə verilməlidir”

“Klinikanın etirazı varsa, sonra bu barədə məhkəməyə müraciət edə bilər” 


Xəbər verdiyimiz kimi, Bakıda gənc qız xərçəng xəstəliyindən vəfat edib. Dünən Təbəssüm Məmmədova paytaxtda yerləşən “Bona Dea International Hospital”da ölüb. Onun anası Elnurə Əsgərova sosial şəbəkədə videogörüntü yayaraq, iddia edib ki, xəstəxanaya vəsait ödəyə bilmədiyi üçün övladının nəşi ona verilmir:

“Qızımın nəşini aparmaq üçün səkkiz min borcum qaldığı üçün onu vermirlər. Hər şeyimi satıb, borc almışam, qızımın meyitini 10 gün də orda saxlasalar, səkkiz mini tapıb gətirə bilməyəcəm”.
 Mərhumun anası, həmçinin bildirib ki, qızın reanimasiyaya yerləşdirildiyi bildirilsə də, o, əslində palatada-qan içində saxlanılır. 
  Görünür, səhiyyə işçilərimiz arasında ağ xalatın məsuliyyətini başa düşməyənlər onu, az qala, dəb xətrinə geyinənlər də var. Necə deyərlər, adam can dərdində, həkim isə pul axtarır.



 Məsələ ilə bağlı “Sherg.az”a fikirlərini bildirən millət vəkili Fazil Mustafa vurğulayıb ki, nəşin ailəyə verilməməsi bütün hallarda yolverilməzdir:

“Əlbəttə, ailənin klinikaya borcu varsa, ödəməlidir. Hər halda müqavilənin bütün tələbləri yerinə yetirilməlidir. Əgər ailənin imkanı yoxdursa, dövlət qurumları məsələyə müdaxilə etməli, mümkün güzəştləri tətbiq etməlidirlər.

Amma nəzərə almaq lazımdır ki, bu, hüquqi yox, mənəvi məsələdir. Yəni qızın nəşi mütləq ailəyə verilməlidir. Əgər klinikanın etirazı varsa, sonra bu barədə məhkəməyə müraciət edə bilər”. 
 
 Deputat məsələyə birtərəfli yanaşmağın düzgün olmadığı qənaətindədir:

“Bəzən şikayətçi tərəflər haqlı olmaya da bilirlər. Yəni ittihamçının hər sözünə inanmaq da doğru deyil. Əgər məsələ böyüsə, ciddi araşdırılmaya ehtiyac olacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu