Neftin qiymətində stabillik hökm sürür

Bu vəziyyət iqtisadiyyatı neftə əsaslanan ölkələr üçün müsbət siqnaldır

Azərbaycanın dünya bazarına ixrac etdiyi brent markalı neftin qiyməti birjalarda 0.19 dollar enərək 42 dollar olub. 
Ötən aylarla müqayisədə bu ayın əvvəlindən neftin ümumi qiymətində hiss olunacaq dərəcədə artım var. Maraqlıdır, gələn aylarda “qara qızıl”ın qiymətində nə kimi dəyişikliklər olacaq? Brent markalı neft bu qiymət artımını qoruya biləcəkmi? 

Suallarımızı cavablandıran Neft Araşdırmaları Fondunun rəhbəri İlham Şaban “Sherg.az”a bildirib ki, iyun ayı ərzində neftin qiymət dinamikası stabildir:

“İyun ayı ərzində neft üzrə 22 hərrac keçirilib. Bu hərraclar zamanı brent markalı neftin orta qiyməti 40.69 dollar təşkil edib. Eyni zamanda keçirilən 22 hərracın cəmi altısında neftin qiyməti 40 dollardan aşağı olub. Bu baxımdan iyun ayı ərzində dünya birjalarında neftin qiyməti stabillik təşkil edib. Həmçinin OPEK iyun ayının 6-da neftin qiyməti ilə bağlı iclas keçirib. İclasda OPEK-in neft hasilatının azaldılmasının uzadılması qərarı bazar üçün müsbət təsir göstərdi. Beləliklə də ilin sonuna gözlədiyimiz orta qiymət ilin yarısında formalaşdı”.

Ekspert onu da əlavə edib ki, neftin qiymətindəki bu artım iqtisadiyyatı neftə əsaslanan ölkələr üçün müsbət siqnal oldu:

“Hazırda neftin qiymətində müəyyən qədər artım olsa da, bu, iqtisadiyyatı neftə əsaslanan ölkələrin iqtisadi dönüşü üçün heç bir əsas vermir. Çünki ilin əvvəlində müəyyənləşdirilən neftin büdcə qiyməti hazırkı qiymətindən ciddi şəkildə çoxdur. Eyni zamanda ötən illə müqayisədə təyin olunmuş neft hasilatında kəskin fərqlər var. Təəssüf olsun ki, Azərbaycan iqtisadiyyatına cavabdeh olan qurumlar bu kimi məqamları nə açırlar, nə də ağardırlar. Sadəcə, neftin tankerlərə yükləndiyi zamanı qoyulan qiymətlə hökumət özünə təsəlli verir. Bəs bu məqamda daşınma  və digər xərclər necə olur? Axı biz neftin büdcə qiymətini 55 dollar civarında təyin etmişdik. Nə hazırkı qiymət, nə də neftin xərcləri çıxılan zamanı əldə qalan real qiyməti 55 dollardır. Əfsuslar olsun ki, dövlət qurumları öz hesabatlarında neftin qiymətini AZƏRTAC-dan götürür. Beləliklə də neft gəlirləri hesabatlarda tsik qiymətlə göstərilir. Bu zaman ortaya çıxır ki, neftin qiymətini şişirtməyə başlamışıq. Lakin qonşu Rusiyada neft qiyməti hesablanan zamanı daşınma, nəqliyyat, bank və digər xərclər nəzərə alınır. Beləliklə də iqtisadi şəffaflıq tam şəkildə gözlənilir. Amma Azərbaycanın Maliyyə Nazirliyi AZƏRTAC-dakı qiymətləri hesabatlarına daxil edir”.

İ.Şaban onu da söyləyib ki, Azərbaycanın bütün iqtisadi qurumlarının verdiyi statistik  məlumatlarda neftin qiymət dinamikası aşağıya doğru davam edir:

“Beləliklə də analiz etdikdə görürük ki, hazırkı qiymətlər fonunda ölkənin əldə etdiyi qazanc ötən illə müqayisədə kifayət qədər azdır. Bu az qazanc da hər keçən gün büdcənin kəsirinin böyüməsi deməkdir. Lakin hökumət və Statistika Komitəsi aylıq hesabatlarında büdcənin profistinin olduğunu bildirir və bu profistin necə olduğunu açıqlamır. Büdcə profisti gəlirlər çox, xərclər az olduqda olur. Büdcə xərcləri azaldıqda da cari il üçün nəzərdə tutulan iqtisadi inkişaf  baş vermir. İqtisadi geriləmə yaşanır. Bəs bunun açıqlamasını kim verəcək?”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu