Maska öldürmür, şayiələrə inanmayın!

Yaponlar boğazı bir balaca ağrıyan kimi maska taxırlar


Pandemiyalar tarixin bütün dövrlərində olub. 1918-20-ci illərdə - Birinci Dünya Müharibəsi zamanı İspan qripi yayılmışdı. O zaman Bill Qeyts vardı?!.  Yoxsa 5G vardı?!.

Tibbi maskalar xeyirli, ya ziyanlıdır? Son günlər bu sual ətrafında müzakirələr qızışıb.  ABŞ-da konqresmenlər qarşısında çıxış edən xanım qoruyucu maskaların ziyanından danışır və koronavirusu “bill qeytslər”in “oyunu” adlandırır. Bənzər açıqlamalara qardaş Türkiyədə də rast gəlinir. Beyin cərrahı kimi təqdim olunan Bilgəhan Bilgəyə istinadən “maska öldürür” xəbərdarlıqlı material yayılıb.

Həkimin sözlərinə görə, tibbi maska taxılmasına məcburiyyət qərarı “öldürücüdür”: “Maska virus infeksiyasını və yoluxma riskini artırır. Daha ağır xəstəliklərə yol açır. Astma, hipertoniya, qəlb-damar, allergiya, beyin-damar çatışmazlığı xəstəliyi olanlar üçün maska öldürücüdür. Tibbi maskalar orqanizmin lazımi ölçüdə oksigen almasını əngəllədiyi üçün xəstəliyə tutulma riskini də artırır. Tibbi maskaların hansı materialdan hazırlandığı bilinmədiyindən gələcəkdə xərçəng və xroniki ağ ciyər xəstəliklərinə tutulma riski yaradır”. Sonda həkim “maska neştər kimidir; təcrübəli əldə şəfa, səriştəsiz əldə isə bəladır” deyir. 

Belə rəylər, açıqlamalar ictimaiyyətdə çaşqınlıq yaradır. Xüsusilə də hazırkı sərt karantin günlərində, tibbi maskalardan istifadə məcburi olduğu bir vaxtda. İstər-istəməz “görəsən, deyilənlərdə həqiqət varmı” sualı yaranır. 



Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tibb elmləri doktoru Adil Qeybulla “Şərq”ə bildirdi ki, bu cür açıqlamalar avantürist xarakter daşıyır:

- Həmin xanımın konqresmenlər qarşısındakı çıxışı da avantürist çıxış idi. Cəfəng fikirlər səsləndirirdi. O xanım Çində belə bir çıxış edə bilməz. ABŞ-dakı demokratik vəziyyətdən sui-istifadə edərək belə çıxış edib. Bəli, bu məsələdən siyasi məqsədlər üçün istifadə edənlər var. Amma biz reallığa baxmalıyıq. Bugünədək koronavirusa dünyada 10 milyon yoluxma halı qeydə alınıb, yarım milyona yaxın insan vəfat edib. Bu, dünya əhalisinin sayı ilə müqayisədə çox cüzi rəqəmdir. Pandemiyalar tarixin bütün dövrlərində olub. 1918-20-ci illərdə - Birinci Dünya Müharibəsi zamanı İspan qripi yayılmışdı. O zaman Bill Qeyts vardı?!.  Yoxsa 5G vardı?!. 1980-ci ildən bugünədək QİÇS virusundan 30 milyon insan ölüb.

2002-ci ildə SARS, 2012-13-də MERS virusu yayıldı. Koronavirus da ilk dəfə 1965-ci ildə aşkar olunub. Bunlar hamısı qripin ştamlarıdı. Bir həkimlər həmişə deyirik ki, qrip çox ağır xəstəlikdir. Orqanizmdə böyük fəsadlar yarada bilir və öldürücü olur. Hesab edirəm ki, bu cür əsassız, çəfəng xəbərlərə köklənməkdənsə, vətəndaş məsuliyyətimizi düşünməli və xəstəliklə mübarizə aparmalıyıq. Virusa ciddi yanaşmalıyıq və unutmamalıyıq ki, çox təhlükəli infeksiya ilə üz-üzəyik. 
       
A.Qeybulla qeyd etdi ki, tibbi maskalardan düzgün istifadə, əlbəttə, əsas şərtdir:

-  Açıq havada maska taxmaq vacib deyil. Amma unutmayaq ki, bu virusun yayıcısı xəstə insanlardır. Ona görə də qapalı məkanlarda, bir neçə nəfərin toplaşdığı yerlərdə yoluxma riskini azaltmaq üçün maskalardan istifadə edilməlidir. Xüsusilə liftlərdə maska mütləq taxılmalıdır. Çünki liftlərdə havalandırma sistemi yoxdur.

ABŞ-da müəyyən ediblər ki, ən çox yoluxma faktı məhz liftlərdə qeydə alınıb. Ümumiyyətlə, ictimai nəqliyyatda, metroda, restoran, kafe kimi qapalı məkanlarda mütləq qoruyucu maskalardan istifadə edilməli və sosial məsafə gözlənməlidir. Tibbi maskalar bronxial astma xəstəliyi, ağ ciyər xəstəliyi olanlarda nəfəs darlığı yarada bilər.

Amma hər hansı xroniki xəstəliyi olmayanlar maska taxmağa öyrəşməlidir. Koronavirus adlandırdığımız bu qrip virusuyla biz yaşamağı artıq öyrənməliyik. Yaponiyada artıq uzun illərdir əhali maskalardan istifadə edir. Boğazı bir balaca ağrıyan adam maska taxır.

Yəni yaponlar bu həyat tərzini gündəlik tələbata çeviriblər. Bu həqiqəti qəbul etməliyik ki, 21-ci əsrdə yaşayırıq, insanlar artır, artdıqca da flora və fauna sıradan çıxır. Gözlənilən hər cür xəstəliklərə hazır olmalıyıq. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu