Valyutadəyişmə məntəqələri yenidən fəaliyyətə başlayıb: “Müsbət effekt verəcək”

Paytaxtın ərazisində özəl valyutadəyişmə məntəqələri fəaliyyətə başlayıb. Banklardan fərqli olaraq bu valyutadəyişmə məntəqələrində xarici valyutanın alış-satışına limit yoxdur, alıcı və satıcıdan sənəd və xüsusi formanın doldurulması tələb edilmir. Məsələn, müştərilər istədikləri qədər ABŞ dolları ala bilərlər. Həmçinin bu məntəqələr həftənin şənbə və bazar günləri də fəaliyyət göstərirlər. 
 
Qeyd edək ki, mərkəzi Bankın 2016-cı ildə qəbul etdiyi qərara uyğun olaraq valyutadəyişmə məntəqələri fəaliyyətini dayandırmışdır. Onların yenidən fəaliyyətlərini bərpa etməsi isə vətəndaşların ürəyincə olub. Çünki Mərkəzi Bankın göstərişinə əsasən kommersiya bankları bir vətəndaşa il ərzində 11750 dollar sata bilərdilər. Bu limiti aşan şəxslərə isə dollar satılmır. Eyni zamanda vətəndaşlardan şəxsiyyət vəsiqəsi və bir neçə suala yazılı cavab verilməsi tələb olunur. Valyutadəyişmə məntəqələrində isə belə məhdudiyyətlər yoxdur. 

 

Valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyətə başlaması ilə bağlı “Sherg.az”a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bunu yüksək qiymətləndirib: 

“Hamı bilir ki, valyutadəyişmə məntəqələri fəaliyyətlərini çox-çox əvvəldən bərpa edə bilərdilər. Ancaq bu, onlara sərf etmirdi. İndi isə tələbat yaranıb. Axı banklar təkcə valyutadəyişmə ilə məşğul olmurlar. Ona görə banka gün ərzində müxtəlif səbəblərlə bağlı yüzlərlə insan müraciət edir. Nəticədə növbə yaranır. Xüsusilə indi, yəni sosial məsafənin labüd olduğu bir məqamda valyutadəyişmə məntəqələrinin yenidən istifadəyə verilməsi arzuolunan idi. Bu təşəbbüsün müsbət effekt verəcəyinə inanıram. Sadəcə həm banklara, həm də valyutadəyişmə məntəqələrinə valyutanın Mərkəzi Bankdan və Neft Fondundan verildiyini nəzərə almaq lazımdır. Gərək bu qurumlar valyutadəyişmə məntəqələrinə kifayət qədər vəsait satsın ki, vətəndaşların tələbatı təmin olunsun. Yəni faktiki olaraq, daha çox iş yenə də Mərkəzi Bankdan asılıdır. Bir də ki, valyutadəyişmə məntəqələrinin özəl fəaliyyət göstərmələrinə inanmıram. Bu qədər valyutanın siravi vətəndaşda nə işi var? Çox güman, onların arxasında bankirlər dayanır. Hər halda bunun elə də ciddi fərqi yoxdur”.

 Ekspert, banklarla valyutadəyişmə məntəqələrinin fəaliyyətini də müqayisə etdi:

“Əslində banklar da özəldir. Yəni “özəl valyutadəyişmə məntəqəsi” demək doğru deyil. Sadəcə bu məntəqələr banklardan asılı deyillər. Xüsusi vurğualamaq istərdim ki, bankların valyutadəyişmə ilə bağlı məhdudiyyəti var. Müəyyən limiti keçdikdən sonra vətəndaşdan şəxsiyyət vəsiqəsi tələb edilir. Amma başqa məhdudiyyətlər yoxdur. Ayrı-ayrı bankların formal olaraq tətbiq etdikləri soğru-sual, aknet və sair kimi prosedur qaydalar qamnunvericilikdə yoxdur. Bu, onların şəxsi təşəbbüsüdür. Odur ki, prinsipcə banklarla sözügedən məntəqələrin valyutadəyişmə işlərində fərq yoxdur. Eyni zamanda həm banklar, həm də məntəqələr valyutanı istənilən məzənnə ilə dəyişə bilərlər. Yəni burada Mərkəzi Bankın məzənnəsinin tətbiq olunması şərt deyil. Düşünürəm ki, banklara nisbətən valyutadəyişmə məntəqələrində məzənnə daha baha olacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu