Media kapitanları Sərəncamı alqışladılar: “Bu, Prezidentin milli mətbuata qayğısının təzahürüdür”

Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan milli mətbuatının 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunacaq.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılıb ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsini təmin etsin;
- jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

“Sherg.az” saytı olaraq Sərəncamla bağlı media kapitanlarının fikirlərini öyrəndik. 

“Sərəncam jurnalistlərdə xoş ovqat yaratdı”


Rəşad Məcid, “525-ci qəzet”in baş redaktoru: “Mövcud durum, yəni koronavirus pandemiyası ilə bağlı bizdə belə bir narahatlıq var idi ki, mətbuatın 145 illiyi keçirilməyə bilər.  Amma Cənab prezident həmişə olduğu kimi indi də jurnalistlərə münasibətini ortaya qoydu. Müxtəlif vaxtlarda jurnalistlərin sosial-məişət problemlərinin həll olunması, iqtisadi sıxıntılarının aradan qalxması, həmçinin KİVDF-in yaradılması mətbuata qayğının bariz nümunəsidir. Dediyim kimi, biz yenə dövlət başçısının qayğısından kənarda qalmadıq. İmzalanan sərəncam jurnalistlərdə çox xoş ovqat yaratdı. Yubiley tədbirlərinin sərəncamda göstərilən formada keçiriləcəyinə inanıram. Mükafatlanma isə mətbuat nümayəndələrimizdə əlavə stimul yaradacaq. Əməyinin qarşılığını görmək istəyən xeyli media işçimiz var. Bu dəfə onların xeyli hissəsinin sevinəcəyinə ümid edirəm”.  

“Mətbuata heç vaxt indiki kimi qayğı göstərilməyib”



Vüqar Rəhimzadə, “İki sahil” qəzetinin baş redaktoru: “Dövlət başçısının hər il olduğu kimi bu dəfə də imzaladığı sərəncamı Ümumilli lider Heydər Əliyev siyasətinə əsaslanır. Ulu öndər öz hakimiyyəti dövründə bütün sahələrə, o cümlədən də mətbuata qayğı göstərirdi. Həmin ənənə indi də davam etdirilir. Deyərdim ki, 145 illik bir dövr ərzində mətbuata heç vaxt indiki kimi qayğı göstərilməyib. Bunu həyata keçirilən sosial-iqtisadi islahatlar, jurnalistlərin mükafatlanması təsdiq edir. İndi media nümayəndələrinə geniş imtiyazlar verilib. Mən buna görə dövlət başçımıza minnətdarlığımı bildirirəm. Azərbaycan jurnalistləri də onlara göstərilən etimadı doğrultmalı, baş verən ictimai, siyasi, sosial hadisələri obyektiv işıqlandırmaqla dövlətin siyasətinə dəstək olmalıdırlar. İnanıram ki, əvvəllər olduğu kimi aparıcı mətbuat işçiləri bu dəfə də mükafatlanacaqlar”. 

“Cənab Prezident sağ olsun ki, jurnalistlərimizin əməyini qiymətləndirir”



Vüsalə Mahirqızı, APA holqinqin rəhbəri: “Dövlət başçısının sərəncamı milli mətbuata qayğısının növbəti təzahürüdür. Cənab prezident sağ olsun ki, jurnalistlərimizin əməyini qiymətləndirir.  Buna görə ona minnətdarıq. Düşünürəm ki, biz də milli mətbuatımıza öz töhfələrimizi verməliyik. Bunun üçün Mətbuat Şurasının və KİVDF-nin dəstəyilə müxtəlif mövzularda onlayn konfransların keçirilməsini məqsədəuyğun hesab edirəm. Arzu edirəm ki, redaksiya rəhbərləri mükafatlandırılmaya layiqli namizədlərin adlarını təqdim edəcəklər”. 

“Ümid edirəm ki, mətbuata əlavə dəstək də olacaq”



 Şakir Ağayev, “Yeni zaman” qəzetinin baş redaktoru: “Pandemiya şəraitində bu cür addımların atılması hökumətin jurnalistlərə olan diqqət və qayğısından xəbər verir. Əlbəttə, sərəncamdan irəli gələn vəzifələr layiqli şəkildə yerinə yetiriləcək. Haqqı çatan həmkarlarımız müxtəlif mükafatlara layiq görüləcəklər. Həmçinin ümid edirəm ki, mətbuata əlavə dəstək də olacaq. Çünki bu, artıq ənənə halını alıb. Odur ki, bütün həmkarlarımız adından bu Sərəncam üçün dövlət başçısına minnətdarlığımı bildirirəm”. 

“Mətbuatımızın 145 illik yubileyi layiqincə keçiriləcək”



Aqil Camal, “Türküstan” media qrupunun baş direktoru: “Təəssüf ki, Azərbaycan Milli Mətbuatının 145 illiyi pandemiya dövrünə düşdü. Belə olmasaydı yubiley ili dövlət və cəmiyyət olaraq daha yüksək səviyyədə qeyd olunacaqdı. İndiki şəraitdə, koronavirus epidemiyasının ölkəmizdə kəskin şəkildə artdığı bir vaxtda Prezident tərəfindən Milli Mətbuatın 145 illiyinin ölkə səviyyəsində qeyd olunması barədə Sərəncam verilməsini Azərbaycanın mətbuat tarixinə və çağdaş mediaya verilən qiymətin meyarı saymaq olar. Son dövrlərdə dünyanın çağırışlarına uyğun olaraq media sahəsinə yeni yanaşma və yeni nəfəsin gətirilməsi ilə bağlı atılan addımlar da bu qəbildəndir. Bu sırada, KİVDF-nin rəhbərliyinin dəyişdirilməsindən sonra bu qurumun fəaliyyətində baş verən keyfiyyət dəyişikliklərini qeyd edə bilərəm. Xüsusilə, qəzetlərin layihələrinin maliyyələşdirilməsində, həmçinin elan olunan jurnalist müsabiqəsində müəyyən edilən yeni kriteriyalar gerçək və professional media cameəsi tərəfindən rəğbətlə qarşılanır. Sərəncamda yubiley tədbirlərinin ölkədə geniş şəkildə keçirilməsi qeyd olunur. Təmsil olunduğum Parlament Jurnalistləri Birliyi artıq bu yöndə silsilə tədbirlər həyata keçirir. Planına uyğun olaraq tədbirlərimiz davam edəcək. Bu sırada beynəlxalq onlayn konfransın da keçirilməsi var. Həmçinin  “Türküstan” qəzetində və “Turkustan.info” saytında Azərbaycanın milli mətbuat tarixi, mətbuatımızın formalaşmasında xidmətləri olmuş şəxsiyyətlər haqqında son zamanlar xüsusi məqalələr yayımlayırıq. Hesab edirəm ki, bu Sərəncamla dövlət və cəmiyyətimiz mətbuatımızın 145 illik yubileyini mövcud şərtlər çərçivəsində olsa belə, layiqincə keçirəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu