“Koronavirusun müalicəsinə gec başlamaq xəstəliyi ağırlaşdırır”

“Panik olmadan müalicə başlansa, tez bir zamanda effektiv nəticə əldə etmək mümkündür”


Koronavirusun yayılmasında artım dinamikasının təhlili göstərir ki, insanlar əsasən iş yerlərində, ailədaxili, ictimai nəqliyyatda, kütləvi yerlərdə virusa yoluxurlar.Təəssüflər olsun ki, xəstəliyin ilkin simptomları olan şəxs tibbi xidmətə müraciət etmək əvəzinə öz adi həyat qaydasını davam edir, bəzi hallarda özünü müalicə etməyə çalışır və bütün bu müddət ərzində həm öz vəziyyətini ağırlaşdırır, həm də digərlərini yoluxdurmağa davam edir. O cümlədən vətəndaşların təhlükəsizlik qaydalarını kobud şəkildə pozması, virusa yoluxmuş qohumlarını, qonşularını ziyarət etməsi halları da müşahidə olunur. 

Karantin rejiminin yumşaldılmasından sonra müşahidə olunan artım ilk növbədə məsuliyyətsiz davranış, tətbiq olunan qaydalara, tələb və tövsiyələrə riayət etməməklə bağlıdır. 

Hətta bəzi vətəndaşlar hələ də  koronavirus pandemiyasına şübhə ilə yanaşıb, müxtəlif konspiroloji nəzəriyyələrin təsiri altında zərərli fikirlər bölüşür, özü, yaxınları, ətrafı üçün ciddi təhlükə yaratmaqda davam edir. 


Pediatr Xanım Bəkirova isə “Sherg.az”a açıqlamasında  deyib ki, virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir: 

"Artıq koronavirusun mövcud olub-olmaması müzakirə mövzusu deyil, çünki hər birimizin qohumları, yaxınları, qonşuları arasında yoluxma halları kifayət qədərdir.
Əgər kimsə özündə halsızlıq, əzələ və oynaq ağrısı, subfebril temperatur,  az da olsa göynəmə, baş ağrısı hiss edirsə,  dadbilmə və iybilmənin azalması və itməsi kimi hallar müşahidə edirsə,  həmin şəxs  koronavirusa yoluxmuş   yoluxmuş ola bilər. 
Yaxşı olar ki belə anlarda vətəndaşlar  Təcili Tibbi Yardım  çağırsınlar. Çoxu özünü soyuğa verməsi,  kondisoner qarşısında oturduğu üçün  əzələlərinin ağrıdığını düşünür. Bu cür  yanaşma isə  insanları arxayın salaraq virusun ağırlaşmasına gətirib çıxara bilər".

Məlum durumla əlaqədar olaraq Təcili Tibbi Yardımın  çağırışlara  bir neçə gün  sonra  da gəlmə ehtimalını istisna etməyən pediatr deyib ki, koronavirusa mövcud yoluxma dinamikası xəstəxanaların dolmasına, yerlərin çatışmamasına səbəb olur: 

"O baxımdan oturub təcili yardımın gəlməsini gözləmək də düzgün deyil.  Bu cür situasiyalarda insanlar ətrafında olan həkimlərdən yardım istəyib müalicəyə başlamalıdır. Çünki “COVİD- 19”  virusuna yoluxma zamanı müalicəyə gec başlamaq xəstəliyi daha da  ağırlaşdırır. 

Odur ki, ilkin əlamətlər ortaya çıxan kimi panik olmadan müalicə başlansa, tez bir zamanda effektiv nəticə əldə etmək mümkündür. Çox xahiş edirəm özünüzü və yaxınlarınızı virusdan qorumaq üçün qaydalara əməl edin, sosial məsafəni gözləyin və maska taxın. Vacib olmadıqca evdən çıxmayın.  Virusun yox olması, daha çox insana yoluxmaması biz insanlardan asılıdır. Gəlin birlikdə bu virusun öhdəsindən gələk. Biz birlikdə güclüyük! Nə qədər həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin edə bilsək, bir o qədər tez bu vəziyyətdən çıxa biləcəyik və həyat öz adi axarına qayıdacaq".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu