“Gözəllik qurban tələb edir” deyib əməliyyat etdirdi... – Sonu FACİƏ oldu !

“İnsanlar gözəl görünmək üçün sağlamlıqlarını təhlükəyə atır”

“Amma bütün hallarda əməliyyatı boynuna götürmüş həkimin günahı var”


Bakıda daha bir gənc qız plastik əməliyyatın qurbanı olub. Adının ictimailəşməsini istəməyən xanım mədəkiçiltmə əməliyyatından sonra iflic olub.
O bildirib ki, bu ilin əvvəlində "MedEra" klinikasında bariatrik-metabolik cərrah Fərid Rəfiyev tərəfindən əməliyyat olunub. Əməliyyatdan ay yarım sonra pasiyentin səhhətində ciddi problemlər başlayıb:

“Əməliyyat yanvarın 16-da baş tutdu. Ay yarım sonra qusmalar, mədəmdə güclü ağrılar başladı. Karantin vaxtı olduğu üçün xəstəxanalar işləmədi, analizə gedə bilmədim. Mədəmdəki ağrılarla bağlı Fərid həkimə mesaj yazdım. O, bunun normal olduğunu dedi. Analiz vermədən, yoxlamadan mənə dərmanlar yazdı. Qusma dayansın deyə dərmanları içdim, amma tam əksi oldu. Sən demə, yazdığı dərmanlar mədə-bağırsaq əməliyyatı olanlara qadağan imiş. Ağrılarım daha da şiddətləndi, mədəm keyidi. Mədə nahiyəmdə hissiyyatım itdi. Normal yeriyə bilmədim, ayağımı sağa-sola atırdım. Fərid həkimə bunu bildirdim, mənə iynə və sistem yazdı. Onu da etdim. Nəinki mədəm düzəldi, düz ayaq barmaqlarıma qədər uyuşma yarandı. Hissiyyatım itdi, tamamilə iflic oldum. Apreldən bu yana yataq xəstəsi olmuşam. Fərid həkimə yenidən bununla bağlı məlumat verəndə isə qayıtdı ki, təcili nevropatoloqa müraciət et, sinirlərin sıxışıb.

Məni “nasılka” ilə "MedEra"ya apardılar. Təklif etdim ki, ekspertizaya gedək, nə sizdə, nə də məndə şübhə qalsın. Əvəzində gəlib qanımı yudular ki, dərmandan bu hala düşdüyümü sübut edə bilməyim.

Xəstəxanada bir həftə məni müalicə etdilər. Sonra şantaj etdilər, məhkəməyə versəniz, sizə dəlilik kağızı hazırlayacağıq dedilər. Polis çağırdım, xəstəxanadan çıxmaq istədiyimi bildirdim. Evə gəlib fizioterapiya etdirdim. 2 aydır, heç bir irəliləyiş olmayıb. 10 min manat pulum gedib. Mədəmdən ayağıma kimi iflic olmuşam. Gənc qızam, gələcəyim məhv edildi”.



Baş verənlərə dair fikirlərini “Sherg.az”la bölüşən Vətəndaş və İnkişaf Partiyasının sədri, həkim  Əli Əliyev insanların fiziki görünüşünə görə əməliyyata girib sağlamlıqlarına xələl gətirməsini məsləhət görmədiyini deyib. Onun sözlərinə görə, insanlar gözəl görünmək üçün sağlamlıqlarını təhlükəyə atır:

“Belə hallara yalnız bizdə deyil, dünya praktikasında da rast gəlinir. İstənilən cərrahi əməliyyat orqanizmin bütövlüyünə, tamlığına müdaxilə deməkdir. Son dövrlər bütün dünyada arıqlama üçün mədəkiçiltmə, burun və digər əməliyyatlar aparılır. Amma bu, yanlışdır”.

Ə.Əliyev vurğulayıb ki, bütün hallarda əməliyyatı boynuna götürmüş həkimin günahı var:

“Lakin insanların özləri də məsuliyyətli olmalıdır. Az yemək yerinə mədələrini kiçildirlər, iştahlarını, nəfslərini tutmaq əvəzinə Allahın verdiyi mədənin ölçüsünə müdaxilə edirlər. Vaxtında görməmişlik etməyib az yemək lazımdır ki, mədə böyüməsin. Sonra cərrahi əməliyyatla çarə tapmaq istəyirlər. Lakin bu, yanlış addımdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu