"Müharibə böyük bəladır, amma indi insanlar birləşib bu virusla mübarizə aparmalıdır" - Anar "Şərq"ə  danışdı

"Kitab oxuyun, televizora baxın, musiqiyə qulaq asın. Hər halda insan özünü əyləndirə bilər"

 Dünyada olduğu kimi, ölkəmiz üçün də bu çətin günlərdə “ictimai fikrə təsir imkanına malik ziyalının tövsiyəsinə əlbəttə ehtiyac var” qənaəti ilə xalq yazıçısı Anara müraciət etdik. Xalq yazıçısı qısa telefon danışığında vətəndaşlara səsləndi:  

- Bu, çətin bir sınaqdı. Bundan ağılla keçmək lazımdı. Səbrlə keçmək lazımdı. Deyilən sözlərə riayət etmək lazımdı. Məsafə saxlamaq, maska taxmaq, qələbəlik yerlərə getməmək... Faydalı işlə məşğul olmaq olar. Kitab oxuyun, televizora baxın, musiqiyə qulaq asın. Hər halda insan özünü əyləndirə bilər. Bu da bir dövrdü, gərək keçəsən. 
 
- Anar müəllim, şəhərdəsiniz, şəhərdən kənardasınız?

- Şəhərdəyəm, arada bağa da gedirəm. 

- İşdə az olursunuz...

- Yazıçılar Birliyi bağlıdı. 

- Bağda tək qalırsınız, yoxsa uşaqlar, nəvələr gəlir?

- Şənbə-bazar yanıma gəlirlər.

- Yaradıcı insanlar tənhalığı sevir, bu mənada ki, kimsə mane olmasın, yaradıcılıqla sərbəst məşğul olsunlar. Amma indiki tənhalıq virus təhlükəsi ilə bağlıdır. Bəlkə belə vəziyyət insanları sıxır, darıxdırır. Siz necə, darıxmırsınız ki? 

- Yox, darıxmıram. Mən işlə məşğulam. Həmişəki kimi. 

- Yeni əsər üzərində işləyirsiniz?

- Bəli, olacaq. 

- Pandemiyadan danışanda, yaşlı insanlar deyir, tarixdə olub belə hallar. Müharibə illərində yoluxucu xəstəliklər yayılıb və sair. İndiki zamanla həmin dövrü müqayisə etmək olarmı? 

- Müharibə tamam başqadır, müharibə böyük bəladır. Amma indi insanlar birləşib bu virusla mübarizə aparmalıdır. 

- Karantin qaydalarının sərtləşməsindən narazılıq edənlər də olur. Məsələn, cərimələrin artırılmasıyla bağlı...   

- Mən həmişə demişəm, yenə təkrar edirəm ki, cərimələr də, sərt karantin qaydalarının tətbiqi də doğrudur, belə də olmalıdır. Insanlar gərək bir az ehtiyatlı tərpənsin. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu