Benzin niyə bahalaşdı ? - Bazarda “oyunçu” yoxdur, ona görə...”

“Ölkə ərazisində bir neçə oyunçunun yaranmasına və rəqabətli mühitin genişlənməsinə ehtiyac var”

“O zaman doğrudan da rəqabətli mühit qiymətlərin müəyyənləşməsində pozitiv rolunu oynaya bilər”



Bu gündən Azərbaycanda Aİ-95 (“Premium”) markalı benzin bahalaşıb. Məlumata görə, Aİ-95 markalı yanacaq 0,10 manat bahalaşaraq 1,20 manat olub.

Şirkətdən bildirilib ki, bahalaşma bu markalı benzinin xaricdən alış qiymətinin artması ilə əlaqədardır.

Bahalaşmanın real səbəbləri barədə “Sherg.az”a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, “Premium” markalı benzinlə bağlı Tarif Şurası tərəfindən tənzimlənməyən, məntiqlə bazarın özünün tənzimlədiyi bir qiymət siyasəti elan edilib. 
İqtisadçının sözlərinə görə, “Premium” markalı benzin Azərbaycanda istehsal olunmur deyə, xaricdən alınıb gətirilib ölkəmizdə satılması üçün yaşıl işıq yandırıldı:

“Amma təssüf ki, bu bazarda çoxlu sayda oyunçular yaranmadı. Dünya bazarındakı qiymət dəyişikliklərindən asılı olaraq “Premium” markalı benzinin qiymətinin dəyişməsini əsas gətirirlər. Amma görürük ki, çox zaman dünya bazarı ilə birbaşa bağlılıq yaranmır. Məsələn, mart-aprel aylarında dünya bazarında benzinin qiyməti həddindən artıq aşağı idi, bizdə isə cəmi 40 qəpik endirim olundu. Qiymət 1.50 manatdan əvvəl 1.30 sonra isə 1.10 manata salındı. İndi yenidən 10 qəpik qaldırılıb. Bu da yenidən dünya bazarında neftin qiymətinin 40 dolları keçməsi ilə əlaqələndirilir”. 

N.Cəfərlinin fikrincə, benzin qiymətinin tənzimlənməsi o zaman effekt verəcək ki, bazarda başqa oyunçular da yaransın:

“Yəni “Premium” markalı benzini başqa ölkələrdən alıb gətirib sata biləcək oyunçular yaranmalıdır ki, rəqabətli mühit olsun. Faktiki olaraq qiymət dövlət tərəfindən müəyyənləşdirilmir. Amma bazar tərəfindən də müəyyənləşdirilmir. Yəni burada bazar iqtisadiyyatı qaydaları işləmir. Bazarda cəmi 1 oyunçu varsa, qiyməti də o təyin edir. Ona görə də bu məsələnin normal sistemə girişi üçün ölkə ərazisində bir neçə oyunçunun yaranmasına və rəqabətli mühitin genişlənməsinə ehtiyac var. O zaman doğrudan da rəqabətli mühit qiymətlərin müəyyənləşməsində pozitiv rolunu oynaya bilər”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu