Milli mətbuatımızın 145 ili...

Prezident İlham Əliyevin verdiyi sərəncam dövlətin mətbuata növbəti qayğısıdır


Milli mətbuatımızın 145 illik yubileyi ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzaladı. Etiraf edək ki, Prezidentin mətbuatla bağlı sərəncamlarını həmişə, xüsusilə də Milli Mətbuat Günü ərəfəsində biz jurnalistlər gözləyirik. Və cənab Prezident də milli mətbuatımızın timsalında  ümumilikdə kütləvi informasiya vasitələrinin inkişafına hər zaman əlahiddə önəm verdiyini bütün addımları ilə təsdiqləyir və analoju sərəncamlarda da bu özünü göstərir.  

145 il nəhəng bir tarixdir və təbii ki, böyük bayrama hazırlıqlar da özəlliyi ilə seçilməlidir. Lakin hazırkı dövrə damğa vuran koronavirus pandemiyasıdır. Ölkəmizin, dövlətimizin və vətəndaşlarımızın təhlükəsizliyi ümdə vəzifə olduğundan pandemiya Milli Mətbuat Gününün qeyd edilməsinə də təsirini göstərəcək. Bu məqam Prezidentin imzaladığı sərəncamda vurğulanır. 

Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik…
  
Sərəncamda qeyd edilir ki, 145 il əvvəl - 1875-ci ii iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümünəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşüb. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr verib, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərib.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoyub, öz fəaliyyəti ilə müstəqil dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, istiqlal ideyalarının yayılmasında, habelə milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynayıb.

Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranıb. 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılıb, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılıb, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülüb.

Hazırda həyata keçirilən sistemli islahatlar, şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innovasiyaların tətbiqi, idarəetmə sahəsində baş verən keyfiyyət dəyişiklikləri, ictimai nəzarət və siyasi dialoq mühitinin genişləndirilməsi dinamik inkişaf edən Azərbaycanda müasir dövlət quruculuğunun başlıca istiqamətlərini təşkil edir.

Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bununla belə, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır.

Yubiley tədbirləri karantin rejiminin tələblərinə uyğun olmalıdır

Prezidentin sərəncamında Azərbaycan milli mətbuatının 145 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması bildirilir, bununla yanaşı Prezidentin Administrasiyasına tapşırılır ki, yubiley tədbirlərinin keçirilməsi koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla təmin edilsin. Həmçinin jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin. 
Mətbuat Şurasının sədri Əflatun Amaşov şəxsi feysbuk hesabında Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamını belə dəyərləndirib: 
- Cənab Prezidentin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncam onun mətbuatımızın tarixi missiyasına, mediamızın cəmiyyətdəki roluna verdiyi müstəsna dəyərin növbəti bariz nümunəsi, dövlət başçımızın ənənələrə sadiqlik kursunun müstəsna göstəricisidir. Buna görə, cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Müstəqillik illərində Azərbaycan milli mətbuatının yubileylərinin keçirilməsi ənənəsinin əsasını ümummilli liderimiz Heydər Əliyev qoymuşdu. O, 27 mart 2000-ci il tarixdə “Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında” Fərman imzalamışdı. Mətbuat tariximizin əsas məqamlarının əhatəli və ardıcıl şəkildə yer aldığı həmin sənəd yubileyin təntənəli şəkildə təşkili zərurətini müəyyənləşdirmişdi. Sonrakı illərdə Prezident İlham Əliyevin sərəncamları ilə milli mətbuatımızın 130, 135 və 140 illik yubileyləri dövlət səviyyəsində qeyd edildi. Yubileylər yüzlərlə həmkarımızın dövlət təltiflərinə layiq görülməsi sevincinin təntənəsi, jurnalist əməyinə verilən misilsiz qiymət nümunəsi kimi yadda qaldı. Prezidentin bu gün imzaladığı sərəncam 145 illik yubileyin də bu baxımdan əlamətdar hadisəyə çevriləcəyini söyləməyə ali təminatdır. Bu, hər birimizi sevindirir.

MŞ sədri qeyd edib ki, yubiley sərəncamı keçilmiş yola nəzərdir, milli mətbuatımızın inkişafında mühüm rol oynamış görkəmli şəxsiyyətlərin yada salınması, onların bizə miras qoyduqları irsə sahibliyi gücləndirmək, o irsi yaşatmaq baxımından vacib istinad mənbəyidir:

“Sənəddə koronavirus pandemiyasının geniş yayıldığı indiki dövrün şərtləri daxilində məsələyə diqqət yetirmək vəzifəsi müəyyənləşir. Bir daha Azərbaycan mətbuatına, onun tarixi missiyasına verdiyi yüksək dəyərə görə Prezident İlham Əliyevə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri adından dərin təşəkkürümü bildirirəm. Şura Prezident Sərəncamından irəli gələn vəzifələrin həllinə dəstək olmağa hazırdır”.

KİV rəhbərləri sərəncamı alqışlayır

Modern.az xəbər agentliyinin baş redaktoru Əfqan Qafarlı ölkə başçısının Milli Mətbuat günü ərəfəsində belə bir sərəncam imzalamasını alqışlayıb:
“Prezidentin pandemiya dövrü kimi çətin şəraitdə Azərbaycan milli mətbuatının 145 illik yubileyinə belə diqqət göstərməsi onun jurnalistlərin işinə verdiyi qiymətdir. Dövlət başçısı bundan əvvəlki yubiley illərində də mətbuata qayğısını nümayiş etdirib, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, qələm adamlarının təltif olunması ilə bağlı sərəncamlar verib.

Buna görə, çalışdığım Modern.az xəbər agentliyi adından ölkə başçısına təşəkkür edirəm.

Budəfəki yubileylə bağlı sərəncama jurnalistlərin mükafatlandırılması haqqında ayrıca bəndin salınması çox mühüm addımdır. Çünki mətbuatın inkişafında xidmətləri və haqqı olan xeyli media nümayəndəsi tanıyırıq. Mükafatlandırmanın hansı formada olacağı barədə detalları bilmirəm. Amma inanıram ki, Prezident Administrasiyasına təqdim olunacaq təkliflərdə ədalət prinsipləri gözləniləcək”.

"Şərq" qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncama görə prezidentə təşəkkürünü bildirib:

“Ölkə başçısı bu çətin dönəmdə cəmiyyətin, millətin formalaşmasında, dövlətçilik tariximizdə mətbuatın əhəmiyyətini çox yüksək qiymətləndirərək belə sərəncama imza atıb. Təbii ki, sərəncamda göstərilən qaydalara uyğun şəkildə biz də redaksiyadaxili tədbirlərimizi həyata keçirməyi planlaşdırmışıq.

Bizim qəzetdə bir neçə ildir ki, Mətbuat Tarixi Muzeyi fəaliyyət göstərir. Bu muzeydə 145 illiyi özündə əks etdirən orijinal sənədlər, mətbuat tarixinin keçib gəldiyi mərhələlər öz əksini tapıb”.

Baş redaktor redaksiyadaxili toplantı keçirmək fikrində olduqlarını deyib: “Mükafatlandırılacaq həmkarlarımızın siyahısını göstərilən qaydada müvafiq orqanlara təqdim edəcəyik. Mənzillərin bölgüsündə də, jurnalistlərin mükafatlandırılması məsələsində də öncədən redaksiya heyəti toplaşır.
Ümumi qaydada aparılan müzakirələrin nəticəsində ortaq mövqedən verilmiş qərara uyğun davranılır. Hələlik belə toplantı keçirməmişik. Əlbəttə, bizim mükafatlandırılası jurnalistlərimiz çoxdur və onların siyahısını təqdim edəcəyik”.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, hər mükafatın, fəxri adın, medalın əsasnaməsi var:

“Bu standartlara uyğun olaraq da müddətlər müəyyənləşdirilib. Hansı müddət ərzində media sektorunda çalışan insanlar bu mükafatlara təqdim oluna bilərlər və bu müddətlər də bizim üçün vacib seçim etmək imkanı yaradır.

Redaksiyada müzakirələr faktiki olaraq başa çatıb. Qeyd olunan meyarlara uyğun gələn, xüsusi xidmətləri olan, tələblərə cavab verən şəxslərin adları redaksiya tərəfindən mükafatlara təqdim ediləcək.

Prinsip etibarilə bizim üçün burada hər hansı formada narazılıq yaradacaq amil yoxdur. Çünki bundan öncəki proseslərdə də bütün məsələlər şəffaf şəkildə redaksiyada müzakirə olunub, qaydalara və prinsiplərə uyğun davranmışıq. Bu baxımdan heç bir halda qəbul olunan qərarlar redaksiya kollektivinin maraqlarına qarşı olmayıb, onların maraqlarını ifadə edib. Bundan sonra da eyni qaydada şəffaf şəkildə yolumuza davam edəcəyik”.
Elçin Mirzəbəyli Azərbaycan Prezidentinə ölkə mediasına göstərdiyi diqqətə görə xüsusi təşəkkürünü də bildirib: “Milli mətbuatın 145 illik yubileyi pandemiya şəraitinə təsadüf edib. Dövlətin bütün resurslarının Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin qorunmasına, eləcə də sosial problemlərin həllinə yönəldiyi bir vaxtda ölkə başçısının Azərbaycan milli mətbuatının 145 illiyinin qeyd olunması barədə sərəncam imzalaması xüsusi əhəmiyyət kəsb edir. Bu da dövlət başçısının jurnalistlərə verdiyi yüksək qiymətin göstəricisidir”. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu