Tortun üzərində kriminal detallar nə deməkdir?

Valideynlər özləri hansı ruhdadırlarsa, uşaqlarını da həmin ruhda böyüdürlər


Son zamanlar uşaqların doğum günü üçün sifariş edilən tortların üzərində qəribə fiqurlar yer alır. Məsələn, azyaşlı uşaqlara hazırlanan tortda kriminal aləmi əks etdirən görüntülər olur. Əlbəttə, bütün bunlar xoş bir məqam deyil. Təəssüf ki, bu sifarişi verən məhz valideynlərdir. 

Bu günlərdə sözügedən hadisə ilə bağlı bir foto yayılıb. 12 yaşlı oğlan uşağı üçün sifariş edilən tortun üzərində silah, təsbeh fiqurları qoyulub. Fotodan açıq-aydın görünür ki, tortun üzərində olan detallar 12 yaşlı uşağa uyğun deyil.



Sosioloq Lalə Mehralı “Sherg.az”a açıqlamasında bildirib ki, bəzən valideyn 5-6 yaşlı uşağa üzərinə dollar şəkli olan tort sifariş edir. 
Onun sözlərinə görə, valideynlər özləri hansı ruhdadırlarsa, uşaqlarını da həmin ruhda böyüdürlər:

“Bu da özünü tortlarda, uşaqların baxdığı cizgi filmlərdə, geyimlərin üzərindəki şəkillərdə, oyuncaqlarda əks etdirir. Bütün bunlar uşaqların hansı psixologiyada olduğundan xəbər verir. 

Mən də övladımın doğum günündə cizgi film qəhrəmanının şəklini sifariş etmişdim. Həmin qəhrəman hər birimizin körpəliyimizdən baxdığımız “Nu-poqadi” cizgi filminin qəhrəmanı idi. Oğlum oradakı canavarın və dovşanın şəklini məndən istəmişdi. O zamanlar 5 yaşında idi. Cizgi film qəhrəmanını tortlar üzərində fiqur olaraq sifariş etmək olar.

Bu o qədər aqressiv, təhlükəli cizgi film deyil ki, uşaqlarımızın psixologiyasına pis təsir etsin. Amma müasir cizgi filmlərinin təsirini yaxşı bilirik. Belə cizgi filmlərinin tortlarda, geyimlərdə, oyuncaqlarda və məktəbli ləvazimatlarının üzərində təsvir olunması hansısa təhlükədən xəbər verir”.

L.Mehralı qeyd edib ki, maariflənmə işi aparmaq, valideynləri başa salmaq lazımdır:

“Efirdə bu haqda veriliş olanda onsuz da bütün valideynlər kanalı dəyişir. Cəlbedici yol tapıb belə halların qarşısını almaq üçün valideynləri başa salmaq lazımdır. Bu gün əlində təsbeh oynadan, nərdtaxta zərinə, silaha maraq göstərən uşaq sabahın hansı ziyalısı, alimi, ixtiraçısı ola bilər? Bütün bunları düşünərək yola çıxmaq lazımdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu