“Azərbaycan polisi nəzakətlidir” 

“Polisə yanaşma, münasibət kifayət qədər müsbətdir"


Bu gün Azərbaycan Polisi yaranmasının 102-ci ildönümünü qeyd edir. 
Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.
Qeyd edək ki, Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır.

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.

Bayram münasibəti ilə polisləri  təbrik edən deputat, Parlamentin İnsan Hüquqları Komitəsinin üzvü Razi Nurullayevin “Sherg.az”a dediyinə görə, müasir dünyada polissiz cəmiyyət yoxdur və heç onu arzu edənlər də yoxdur:

“Polissiz bir cəmiyyət “cəngəllik qanunları” ilə yaşamaq deməkdir. İnsanların təhlükəsizliyi, dövlətin sabitliyi birbaşa polisin fəaliyyətinin nəticəsidir. Bu gün  həm də Azərbaycan polisinin 102 yaşı tamam olur. Bu münasibətlə başda nazir Vilayət Eyvazov olmaqla bütün şəxsi heyəti, şəhid polislərimizin ailələrini, veteran polisləri təbrik edirəm!



Hər birinə müstəqil, qalib və işğaldan azad bütöv Azərbaycanın polisi olmağı arzulayıram!"
 Koronavirus pandemiyası dövründə ən böyük yükün həkimlərlə yanaşı, məhz polislərin üzərinə düşdüyünü vurğulayan deputat deyib ki, xırda narazılıqlar olsa da, pandemiya dövründə Azərbaycan polisinin fəaliyyəti birmənalı şəkildə üst səviyyədə oldu: 

"Risk altında fəaliyyət göstərmələrinə baxmayaraq, işlərinin öhdəsindən gəlməyi bacardılar. Doğrudur, hər bir sahədə olduğu kimi, polis sistemində də müəyyən problemlər mövcuddur və onların aradan qaldırılması üçün işlər aparılır. 

Milli Məclisin İnsan Hüquqları Komtəsinin üzvü kimi vətəndaşların polislə bağlı bir sıra şikayətlərini araşdırmalı olmuşam və deməliyəm ki, heç də bütün şikayətlər birmənalı olaraq ədalətli olmur. Düzdür, daha çox vətəndaşın, seçicilərin yanında dayanıram, amma sonra vicdan əzabı çəkirəm. Axı polis də vətəndaşdır, o da seçicidir, onun da hüquqları var, onun də ürəyi, onun da problemi, onun da stresli, əsəbi vaxtları olur. Ayrı-ayrı polislərin fəaliyyətində qanunsuz hərəkətlər olur, arxasınca cəza mexanizminin tətbiq edildiyinin şahidi oluruq. Etiraf edək ki, bu gün polis kobud deyil, əksinə bəzən lazım olduğundan artıq nəzakətlidir. Elə vətəndaşlar görürəm ki, polisə ağzını açmağa imkan vermir, onu “neprav” çıxarır. 

Səbəbi isə budur ki, vətəndaşlar da gərgindir, narahatdır, dolanışığı zəifdir, pandemiya vəziyyətlərini daha da çətinləşdirib. Amma, axı polis də bizimlə bərabər, sosial quruluşumuzun bir elementidir, onun da ailəsi-uşağı var, onun da qorumalı olduğu yaşlıları var, o da koronavirusa yoluxa bilir, o da gəzmək istəyir, o da səhər erkən yuxudan qalxmaq istəmir. Polisi də başa düşmək və dəstək olmağa ehtiyac var. 

Təəssüflə qeyd etməliyəm ki, bu gün bir polis işçisinin kobudluğu, qanundankənar hərəkəti bütün sistemə şamil olunur. Bu yolverilməzdir və bu cür yanaşmaya cəmiyyət olaraq qarşı çıxmalıyıq. Ölkədə aparılan islahatların məhkəmə-hüquq, təhlükəsizlik orqanlarını, polis sistemini də əhatə etməsi polislərimizə də müsbət imic qazandırdı.

Artıq hiss olunur ki, polisə yanaşma, münasibət xeyli dəyişib. Son dövrlər, bəzi istisna hallar olsa da, cəmiyyətdə polislərə münasibət kifayət qədər müsbətdir".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu