Polislərimiz də tanısın ! - "Azərbaycanda polis sisteminin banisi Behbud bəy Cavanşirdir”

“Behbud bəy ən çətin, ən ağır vaxtlarda ölkədə asayişi təmin edib”

“Yaxşı olar ki, müxtəlif polis idarələrində onun fotosu vurulsun”

“Məhz bu ərəfələrdə, polislərimiz İstanbula gedib Behbud bəyin qəbrini ziyarət etsinlər”


Bu gün Azərbaycanda polis işçilərinin peşə bayramı kimi qeyd edilir. Daim asayişimizi qoruyan, təhlükəsizliyin keşiyində dayanan polislərimiz indi, belə gərgin şəraitdə-koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda da gecə-gündüz bilmədilər. Onların vətəndaşlarımza göstərdikləri diqqət və qayğını müxtəlif vaxtlarda yayılan çəkilişlərdə daha aydın gördük. Polislərimiz  yaşlıların yol keçmələrinə dəfələrlə kömək oldular, onların mənzillərinə çörək və digər ərzaqlar apardılar. 
 Ölkəmizdəki bu ənənənin isə bir əsrdən çox yaşı var. Azərbaycanda polis sisteminin yaranması AXC dövrünə təsadüf edir. İlk dəfə olaraq 1918-ci il iyul ayının 2-də Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində polis orqanları təsis edildi. Həmin gün- iyul ayının 2-si ölkədə Azərbaycan Polisi Günü kimi qeyd olunur.
 
BDU-nun Jurnalistika fakültəsinin professoru, tədqiqatçı-alim, professor Nəsiman Yaqublu “Sherg.az”a açıqlamasında bildirib ki, AXC dövründə asayişin qorunmasında polis orqanlarının üzərinə böyük yük düşürdü: 

“Azərbaycan polis sisteminin yaranmasından danışanda AXC dövrü yada düşür. Çünki həmin əlamətdar hadisə məhz bu mərhələyə aiddir. Ölkədə ilk hökumət kabineti formalaşanda daxili işlər orqanları müstəqil deyildi. Bu işə o vaxtkı baş nazir Fətəli xan Xoyski baxırdı. May ayının 28-dən iyunun 17-nə qədər daxili işlər orqanın işinə Fətəli xan nəzarət edir. İyunun 17-dən etibarən isə bu qurum müstəqilləşir və Behbud bəy Cavanşir daxili işlər naziri təyin edilir. Qeyd etmək istərdim ki, Behbud bəy ən çətin, ən ağır vaxtlarda ölkədə asayişi təmin edib. Onun Azərbaycan üçün xidmətləri kifayət qədərdir”.



Professorun sözlərinə görə, Azərbaycanın ilk daxili işlər nazirinin həyatı da maraqlı olub:

“O, Qarabağ xanı Pənahəli bəyin nəticəsi, Azad bəyin oğlu idi. Məşhur Cavanşirlər Nəslindən olub. 1877-ci ildə Tərtərin Azadqaraqoyunlu kəndində anadan olub. İlk təhsilini Tiflisdə alıb. Buradakı realnıy gimnaziyada alman dilində oxuyub. Sonradan Almaniyada dağ-mədən akademiyasında təhsilini davam etdirib. Rus, ingilis, alman dillərini mükəmməl bilirdi. Bir faktı da deyim ki, Behbud bəy Cavanşir Almaniyada təhsil alan ilk azərbaycanlı olub. O, uzun illər Azərbaycanın dövlət quruculuğu istiqamətində çalışıb. Ermənilər Behbud bəyi 1921-ci ildə İstanbulda qətlə yetirirlər. O, burada da dəfn edilir.  Təəssüf ki, qisası alınmır. Keçirilən məhkəmə iclasında Behbud bəyin həyat yoldaşı üzünü ermənilərə tutaraq deyir ki, o, həmişə Azərbaycan müsəlmanları ilə ermənilərin sülh və barışığını təmin və təsis etməyə çalışıb”. 

N.Yaqublu Behbud bəy Cavanşirin fəaliyyətindən danışaraq bildirdi ki, bu şəxsiyyət kifayət qədər ciddi işlər görüb:

“Behbud bəyin ilk gördüyü işlərdən biri ölkədə hərbi vəziyyətin elan edilməsi olur. Baş nazir Fətəli xan Xoyski ilə birlikdə verdiyi bəyannamədə göstərilirdi ki, Azərbaycandakı daxili anarxiya hərbi vəziyyətin elan edilməsini zərurətə çevirir. Beləliklə, ölkədə qayda-qanun yaranır. Həmçinin ölkədə ilk polis məktəbinin yaranması da Behbud bəy Cavanşirin adı ilə bağlıdır.

Bildiyiniz kimi, o vaxtda kimi çar üsuli-idarəsi müsəlmanların polis sistemində çalışmalarına icazə vermirdi. Ancaq Azərbaycanın ilk daxili işlər nazirinin səyi ilə polis işçiləri hazırlayan məktəbdə 1200-ə qədər kadr yetişir. Onu da deyim ki, Nizami adına indiki Ədəbiyyat institunun yerində o vaxt “Metropol” mehmanxanası yerləşirdi. Nazirliyin ilk idarəsi də məhz burada olub. 1918-ci il sentyabr ayının 15-də Qafqaz islam ordusunun və şəxsən Nuru paşanın köməyi ilə Bakı azad ediləndən sonra Fətəli xan Xoyski və Behbud bəy Cavanşirin qərarı ilə ölkədə anarxiya yaradanlara qarşı mübarizə güclənir.

1922-ci ildə Behbud bəyin ölümü barədə keçirilən məhkəmə iclasında ermənilər bu bəyənatın onlara qarşı olduğunu iddia edirlər. Əslində isə sənəddə məhz ermənilərin adları çəkilmir, asayişi pozan hər kəs üçün eyni məsuliyyət nəzərdə tutulur. 1918-ci il dekabr ayının 7-də Azərbaycanın parlamentinin açılış mərasimində də Behbud bəy xüsusi şücaət göstərir. Bir tərəfdə ingilislərin zirehli maşınları, digər tərəfdə isə daxili işlər nazirinin silahlı qüvvələri vəziyyətə nəzarət edirlər. Əslində bəzi qüvvələr, o cümlədən rus və ermənilər təxribat yaratmaq istəyirdilər. Lakin Behbud bəyin ayıq-sayıqlığı ilə açılış tam sakit keçir. Bu, onun məharətindən, bacarığından xəbər verirdi. Təsadüfi deyil ki, Behbud bəy o vaxtlar həm də bir müddət ticarət-sənayə naziri vəzifəsini icra edirdi”. 

 Tədqiqatçı Behbud bəyin xatirəsinin yad edilməsi üçün təkliflər də verdi: 

“Dediyim kimi, Azərbaycanda polis sisteminin banisi Behbud bəy Cavanşirdir. Polis işçilərimiz onu tanımalıdırlar. Yaxşı olar ki, müxtəlif polis idarələrində onun fotosu vurulsun. Həmçinin məhz bu ərəfələrdə, polislərimiz İstanbula gedib Behbud bəyin qəbrini ziyarət etsinlər. Belədə həm onun ruhu şah olar, həm də biz tariximizə, şəxsiyyətlərimizə sahib çıxarıq”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu