“Sosial media üzərində nəzarətin gücləndirilməsi doğru olmaz” - İmicimizə zərbədir !

“Avropa İnsan Hüquqları Konvensiyasına qoşulmuşuq, AŞ-ın üzvüyük”

“Ölkəmizdə demokratiya var. Azərbaycan nə İrandır, nə də Çin” 

“Odur ki, sosial şəbəkələrdən istifadənin məhdudlaşmasını doğru hesab etmirəm”



Azərbaycan nə İrandır, nə də Çin: “Sosial şəbəkələrdən istifadənin məhdudlaşmasını doğru hesab etmirəm”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə sosial şəbəkələrin fəaliyyətinə dair narazılığını bildirib. O, öz ailəsində sosial şəbəkələrlə bağlı problem yaşandığını bildirib:
"Ailə olaraq bir neçə gündür ki, ağrılı bir problemlə üzləşmişik. Ötən gecə 8-ci nəvəm dünyaya gəldi. Bərat bəy sosial şəbəkədə oğlunun anadan olmasının sevincini bölüşdü. On minlərlə insan təbriklərini ifadə edən şərhlər yazdı, bununla yanaşı insanlıqdan kənar olanlar təhqir yazmaqdan çəkinmədilər. Məhkəmə və hüquq-mühafizə orqanlarımız bu hörmətsizliyin edənlərin kimliyini müəyyənləşdirməyə və hərəkət etməyə başlayıblar”.
Prezident əlavə edib: ““YouTube”, “Twitter”, “Netflix” kimi sosial şəbəkələrə qarşı olmağımızın nə demək olduğunu anlayırsınızmı? Bu əxlaqsızlıqları aradan qaldırmaq üçündür. Sosial mediaya düzənlənməlidir. Bu istiqamətdə təkliflərimizi parlamentə göndərəcəyik. Türkiyə banan respublikası deyil. Qanuni tənzimləmə başa çatdıqda, girişə maneələr, məhkəmə və maliyyə sanksiyaları da daxil olmaqla bütün üsullar seçiləcək. Yalanın, böhtanın insan hüquqlarına hücumun baş alıb getdiyi bu məcrəların düzənlənməsi şərtdir. Bu cür media bu ölkəyə, bu millətə yaraşmaz. Parlamentimizdən bu cür sosial media kanallarının ölkədə tamamilə yasaqlanmasını istəyirik”.



Analoji təcrübənin Azərbaycanda tətbiqinin mümkün olub –olmaması və bunun mənfi-müsbət nəticələri ilə bağlı “Sherg.az”a danışan Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə,  ölkəmizdə sosial media heç də “özbaşına” deyil:

 “Hüquqi baxımdan onsuz da sosial mediada və internetdə tənzimləmə var. Müxtəlif platformalar məhkəmənin qərarı ilə bloklana bilər. Hətta bəzən məhkəmənin qərarı olmadan da nazirlik bu addımı ata bilər. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, kiməsə qarşı nalayiq ifadələrin işlənməsi, həmçinin prezidentin və ailəsinin şərəf və ləyaqətinin tapdanmasına görə məsuliyyət təyin edilib. Bu, o deməkdir ki, sosial platformalar üzərində kifayət qədər təzyiq var”. 

Ə.Məmmədlinin fikrincə, sosial media üzərində əlavə hansısa məhdudiyyətlərin tətbiqi düzgün olmaz:

“Koreya, İranda, Çində və bu kimi başqa ölkələrdə belə addımlar atılıb. Amma Azərbaycanda sosial media üzərində nəzarətin gücləndirilməsi demokratiyanın, media azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilə bilər. Bu isə ölkə imicinə zərbədir. Həm də biz Avropa İnsan Hüquqları Konvensiyasına qoşulmuşuq, AŞ-ın üzvüyük. Yəni ölkəmizdə demokratiya var. Azərbaycan nə İrandır, nə də Çin”. 

 Ekspert, həmçinin qeyd etdi ki, məhdudiyyətlərin tətbiq edilməsi lazımi effekti verməz: 

“Faktiki olaraq, ayrı-ayrı sosial şəbəkələr üzərində nəzarət güclənə, qaydalar sərtləşə bilər. Bu zaman isə istifadəçilər alternativ platformalardan istifadə edəcəklər. Odur ki, sosial şəbəkələrdən istifadənin məhdudlaşmasını doğru hesab etmirəm”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu