İlham Zəkiyev: "Koronavirusa qarşı mübarizədə həmrəylik nümayiş etdirməliyik"

Bir neçə aydır ki, dünya koronavirus pandemiyası ilə ölüm-dirim mübarizəsi aparır. Təəssüf ki, bu bəla bizi də cənginə aldı. Pandemiya bu il bütün yarışların, yerli və beynəlxalq turnirlərin ləğv olunması və təxirə salınmasına gətirib çıxardı. Buna baxmayaraq, Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) bu dövrdə yeni layihələrə start verdi, ölkəmizdə abilimpiya hərəkatının yaradılmasında və müyəssərliyin təmin olunması sahəsində ciddi addımlar atdı. Eyni zamanda, bu həssas dövrdə uşaq paralimpiyaçılarımızın sağlamlığının qorunması və fiziki hazırlığının saxlanılması da diqqət mərkəzindədir.

Bu sözləri ikiqat Paralimpiya çempionu, AMPK-nın vitse-prezidenti İlham Zəkiyev AZƏRTAC-a açıqlamasında deyib.

Paralimpiya çempionu bildirib ki, bu il Tokioda keçirilməsi nəzərdə tutulan Yay Olimpiya və Paralimpiya Oyunlarının gələn ilə keçirilməsi yaranmış vəziyyətin nə dərəcədə ciddi olduğunu göstərir: “Lakin biz idmançılar bütün çətinliklərə baxmayaraq, ruhdan düşməməyə çalışırıq. Hədəfimiz “Tokio-2020” Yay Paralimpiya Oyunlarında fəxri kürsüyə yüksəlmək, himnimizi və bayrağımızı zirvələrə qaldırmaqdır. Hər bir idmançı kimi mənim də son dörd il müddətində ən əsas hədəfim “Tokio-2020”yə lisenziya qazanıb, orada uğurlu çıxış etmək idi. Lakin pandemiya bu hədəfimi reallaşdırmağa imkan vermədi”.

Gələn il keçiriləcək Oyunlara 13 aydan da az vaxt qaldığını deyən İlham Zəkiyev bildirib: “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına riayət etməklə biz öz məşqlərimizə davam edərək ruhdan düşmür, gücümüzü bütün dünyaya göstərməyə hazırlaşırıq. Bu mübarizədə birlikdə hərəkət etməli və diqqətli olmalıyıq. Nazirlər Kabinetinin yanında Operativ Qərargah, Səhiyyə Nazirliyi və TƏBİB bütün əhalinin, o cümlədən biz idmançıları da diqqətli olmağa, ehtiyac olmadıqda evdən çıxmamağa səsləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz pandemiyanın ölkəmizdə yayılmasını nəzarət altına ala bilib. Bu çətin dövrdə ailəmizi, sevdiklərimizi və özümüzü fikirləşməliyik. Xüsusi karantin rejiminin qaydalarına əməl etməli, tibbi maskalardan və qoruyucu vasitələrdən istifadə edərək infeksiyanın yayılmasının qarşısını almalıyıq. Unutmayaq ki, koronavirus bizdən, birliyimizdən güclü deyildir”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu