“Azərbaycanın beynəlxalq nüfuzu getdikcə artır”

“Beynəlxalq ictimaiyyət Azərbaycan reallıqlarını dərk edir”

“Ermənilərin Azərbaycana qarşı apardıqları qarayaxma kampaniyası dəstək qazanmır” 


Azərbaycan Prezidentinin Ermənistan hakimiyyətini tənqid etməsi ilə əlaqədar Ermənistan mediası, Milli Şura-nın rəhbərləri və xaricdə yaşayan bəzi fəallar müəyyən iddiallarla çıxış edirlər. Onlar bildirirlər ki, Ermənistan hakimiyyəti haqqına Prezident İlham Əliyevin irəli sürdüyü fikirlər Azərbaycan hakimiyyətinin özünə aiddir. 

Amma pandemiya dövründə Azərbaycanda əhalinin sosial durumunun yaxşılaşdırılması üçün atılan addımlar, iqtisadiyyatın, biznesin dayanıqlığının təmin edilməsi üçün atılan addımlar göz qabağındadır. Bu sahədə Ermənistanda olduqca acınacaqlı durum hökm sürür. Düşmən ölkə ilə Azərbaycanın pandemiya ilə mübarizədə aradakı fərqlər göz qabağındadır.

Azərbaycan humanitar fəaliyyətində diqqət çəkən ölkələr sırasında olduğunu deyən millət vəkili Naqif Həmzəyev “Sherg.az”a  açıqlamasında bildirib ki, dövlətimiz pandemiya dövründə daha çox ziyan görmüş 30-a qədər ölkəyə humanitar yardım etdi. Parlament üzvü bildirib ki, dövlətimiz həmçinin Ümumdünya Səhiyyə Təşkilatına da 2 dəfə ianə şəklində vəsait köçürüb:

“Azərbaycan çox az sayda ölkələrdən biridir ki, heç bir beynəlxalq təşkilatlardan dəstək almadan vətəndaşlarının sosial durumunun yaxşılaşdırılması üçün ciddi addımlar atır. Ölkəmiz ilk gündən iqtisadiyyatı deyil vətəndaşlarının sağlığını seçdiyi mesajını verdi. Bunun nəticəsidir ki, qısa müddətdə 10 modul tipli xəstəxananın açılışı üçün sərəncam imzalandı, artıq onlardan 5-nin açılışı olub. Xəstələrin müalicəsi ilə həmin modul xəstəxanalarda məşğul olunur. Həmçinin tibbi maska və geyimləri istehsal edən müəssisələrin açılışı baş verdi”.

Millət vəkili qeyd edib ki, cənab Prezident dəfələrlə beynəlxalq aləmə pandemiya ilə mübarizədə həmrəylik nümayiş etdirib bəladan birlikdə qurtulmalı olduğumuz mesajını verib:

“Bunun nəticəsidir ki, Qoşulmama Hərəkatınını sədrlik dönəmində ölkə başçısının təşəbbüsü ilə Qoşulmama Hərəkatının Zirvə toplantısı keçirildi. Bunun davamı olaraq BMT Baş Assambleyasına müraciət olundu və cənab Prezidentin BMT çərçivəsində Zirvə toplantısı təşəbbüsünü keçirməsi 130 ölkə tərəfindən dəstəkləndi. Erməni tərəfi məhz cənab Prezidentin bu təşəbbüsünə qarşı çıxan yeganə tərəf və dövlət oldu. Amma bu onun göstəricisidir ki, Azərbaycan dövlətinin beynəlxalq nüfuzu günü-gündən artır, beynəlxalq ictimaiyyət Azərbaycan reallıqlarını dərk edir. Digər tərəfdən ermənilərin həyata keçirdikləri yalançı siyasət artıq fiaskoya uğrayır və onların Azərbaycana qarşı apardıqları qarayaxma kampaniyası dəstək qazanmır”. 

N.Həmzəyev bildirib ki, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır, məhz BMT tərəfindən 4 qətnamə imzalanıb:

“Ermənilərin buna qarşı çıxmasının əsas səbibi budur ki, BMT-nin Azərbaycan tərəfinin çağırışını müsbət qiymətləndirməsi digər tərəfdən Azərbaycan torpaqlarının dəstəklənməsinin bariz nümunəsidir. Təəssüf ki, ermənilər və onların havadarları, bizi istəməyən beynəlxalq təşkilatlar və qüvvələr də var. Bu gün onlar fəaliyyətlərindən əl çəkmirlər, həmişə qarayaxma kampaniyasını həyata keçirirlər. Açıq deyə bilərik ki, Azərbaycan dövləti vətəndaşlarının yanındadır, sosialyönümlü layihələr həyata keçirilir. Nəinki dövlət qurumları, hətta özəl sektorların belə iş yerlərinin bağlanmaması üçün lazımi vəsaitlər ayrılır, vətəndaşlara sosial yardımlar edilir. Bu məsələlər pandemiya ilə mübarizə sona çatana qədər davam edəcək. Biz qarşı tərəfin mövqeyinə ciddi yanaşmamalıyıq.

Azərbaycan vətəndaşları olaraq birlik nümayiş etdirməli və çalışmalıyıq ki, dövlət tərəfindən həyata keçirilən tədbirlərə kölgə salmamaq üçün həmrəy olaq və birgə mübarizə aparaq”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu