Mütəxəssis: “Tərkibində donuz piyi olan kolbasaların üzərinə “Halal” yazılır” - DƏLƏDUZLUQ ! 

“Lakin o demək deyil ki,  həmin kolbasa halaldır”


Paytaxtın əksər ərzaq mağazasında “İvanovka” adı ilə süd və süd məhsulları satılır. Alıcılar bu qidaların məhz İsmayıllı rayonunun məşhur İvanovka kəndindən gətirildiyini düşünür.
Amma ekspertlər deyir ki, bu ad altında süfrələrimizi bəzəyən məhsullar saxtadır. Bəzi işbazlar əhalinin sovet illərindən “İvanovka” məhsullarına olan marağından istifadə edir.



Mövcud durumla bağlı “Sherg.az”a danışan qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev bildirib ki, mağaza “İvanovka”nın əmtəə nişanı ilə məhsulu təsdiq etdirirsə, həmin ad altında məhsul istehsalını həyata keçirə bilər:

“Ağsuda yerləşən “Azqranata” şərab emalı müəssisəsi var. Həmin ad altında bəzən Ağsu içkiləri buraxırlar. Bu əhalini çaşdırmaq üçündür. “Azqranata”nın məhsulu olduqca yüksək keyfiyyət göstəriciləri ilə fərqlənir. Amma bu ad altında brend adına uyğunlaşdırılmış məhsullar əhalidə çaşqınlıq yaradır. Məhsulun üzərini oxuyanda ki, Ağsu şərabıdır, almağa başlayırlar və elə bilirlər ki, “Azqranata”nın məhsuludur”.

Ekspertin sözlərinə görə, “İvanovka”nın məhsulları tam təbiidir. Heç zaman bu müəssisənin məhsullarına dair problem yaranmayıb:

“ “İvanovka”nın şorundan, qaymağından və digər süd məhsullarından istifadə edirəm, heç vaxt keyfiyyətsizlik görməmişəm. Bəziləri bu markanın məhsullarını pisləməyə çalışırlar. Bütün bunlar qarayaxmadır. Görünür, gözü götürməzlikdir, yaxud kimsə bir zamanlar həmin müəssisədə çalışıb sonra işdən uzaqlaşdırılıb deyə onu ləkələmək istəyir”.

“İvanovka” adı altında saxta süd və süd məhsulları satan mağazalara gəlincə ekspert vurğulayıb ki, “İvanovka” əmtəə adıdır:

“Kolbasaların böyük əksəriyyətində donuz piyindən istifadə edilir. Amma bəzi hallarda donuz piyindən istifadə olunan məhsullara “Halal” yazılır. “Halal” sözü kolbasanın əmtəə adıdır. Lakin həmin kolbasa o demək deyil ki, halaldır. Eyni hadisə “İvanovka” məhsulları ilə bağlıdır. Başqa müəssisə “İvanovka” adı altında məhsul istehsal edirsə, mütləq rəhbərlikdən icazə almalıdır. İcazə verilmirsə, məhsulun “İvanovka” adı altında istehsalı və satışı qanun pozuntusudur”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu