“İnzibati cəzalarla yanaşı, ictimai qınaq da olmalıdır”

“Maska taxmayanlara  vətəndaşlar   irad bildirsələr, effektiv nəticələr əldə etmək olar"  

“Həm özümüz məsuliyyətli olaq, həm də ətrafımızdakıları məsələyə məsuliyyət hissi ilə yanaşmağa dəvət edək"


Qapalı yerlərdə maska taxmayan, məsafə saxlamayan vətəndaşlara qarşı cərimələr  nəzərdə tutulsada, hər gün mağazalarda,  ictimai nəqliyyatda maskasız  insanlarla rastlaşırıq.  Sağlamlığımızı riskə atann bu şəxslər real  vəziyyətin ciddiliyinə, kritikliyinə etinasız yanaşır. 
 Ölkə ictimaiyyətinin ümumi qənaətinə görə, xüsusi karantin rejimi qaydalarını pozan,  məsafə saxlamayan,  qapalı məkanlarda maskadan istifadə etməyən insanlara qarşı ictimai qınaq mexanizmi həyata keçirilməlidir.

Bunu görən başqa vətəndaş o cür məsuliyyətsiz insanları tənbeh etməli və başa salmalıdır.  Nəzərə alınmalıdır ki, bu virus artıq nə gənc, nə yaşlı fərq etmədən hər kəsə yoluxa bilir. Gələcəkdə bu pandemiya daha geniş vüsət alsa, yoluxan insanların sayı artsa, onlar harada yerləşdiriləcək? Yerləşdirilsə belə, həkimlərin sayı necə artırılacaqmı? Gərək, hər kəs bu haqda fikirləşsin, hər kəs düşünsün və ciddi nəticələr çıxarsın.

Həkim-immunoloq Günel Məmmədovanın “Sherg.az”a açıqlamasına görə,  xəstəliyin  artım dinamikasına  səbəb əhalinin əksər hissənin xüsusi rejim qaydalarının tələblərinə əməl etməməsi, digər şəxslərlə sıx təmasları, ciddi zərurət olmadığı hallarda evdən çölə çıxmaları  və digər mövcud qaydalara əməl etməməsidir:

 "Xüsusən də maska taxmayan insanlar ətrafdakılar üçün təhlükə mənbəyi rolunu oynayır, onların yoluxmasına səbəb olurlar.  Hesab edirəm ki, inzibati cəzalarla yanaşı maska taxmayanlara  vətəndaşlar   irad bildirib, onları qınasalar müəyyən qədər effektiv nəticələr əldə etmək olar".  

Həkimin sözlərinə görə, koronavirus infeksiyasından qorunmağın əsas yolu maskadan istifadə və sosial təcriddir:

 "Xəstəliyin ilkin simptomları olan şəxs tibbi xidmətə müraciət etmək əvəzinə öz adi həyat qaydasını davam edir, bəzi hallarda özünü müalicə etməyə çalışır, bütün bu müddət ərzində həm öz vəziyyətini ağırlaşdırır, həm də digərlərini yoluxdurmağa davam edir.

Hər bir şəxs ailəsi, yaxınları, ətrafı və ümumilikdə cəmiyyət qarşısında məsuliyyət daşıyır. Koronavirusa yoluxan  şəxslər mövcud qaydaları və tələbləri pozaraq digər şəxslərin həyatını təhlükəyə atmalarının məsuliyyətini dərk etməlidirlər. Hər gün bir neçə ölüm hadisəsi qeydə alınır.

Hazırda reanimasiyada kritik vəziyyətdə olan xəstələrin də sayı az deyil. Hətta elə bir vaxt gələr ki, süni tənəffüs aparatı çatmaya bilər. Ona görə də həm məsuliyyətli olaq, həm də ətrafımızda olanları məsələyə məsuliyyət hissi ilə yanaşmağa dəvət edək".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu