“Ermənistanda dərin siyasi və iqtisadi böhran hökm sürür”

“Cənab Prezidentin faşizmi təbliğ edən və məkrli siyasət yürüdən Ermənistana səsləndirdiyi fikirlər tamamilə doğrudur. Bu gün Ermənistanın daxilində dərin siyasi böhran hökm sürür”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.
Parlament üzvü bildirib ki, gün keçdikcə böhran daha da dərinləşir. Xüsusən pandemiya dövründə Ermənistan xalqının nə cür əziyyət çəkdiyini bütün dünya ictimaiyyəti görür:

“Gündəlik virusa yoluxanların və ölənlərin sayı Azərbaycandan çoxdur. Düşmən ölkədə pandemiya ilə bağlı durum gərgindir. Təkcə koronavirus deyil,  pandemiya başlamamışdan qabaq da Ermənistanda dərin siyasi böhran hökm sürürdü. İqtisadi böhran da günü-gündən dərinləşir. Bu gün Ermənistan müxtəlif fondların onlara ayırdıqları və dilənərək aldıqları kreditlər hesabına həyatda qalmağa çalışırlar”. 

Millət vəkili qeyd edib ki, dövlətimiz xüsusən pandemiya dövründə ilk olaraq vətəndaşlarının sağlamlığını düşündü. İqtisadi və digər amillər ikinci plana salındı:

“Cənab Prezident tərəfindən 3.5 milyard manat həcmində ayrılmış sosial paket aztəminatlı ailələrin pandemiya dövründə çətinlik çəkməməsi üçün idi. Bütün bunlar vətəndaşlara olan diqqət və qayğının göstəricisidir. Aprel-may aylarında 190 manatın verildi, bu məbləğin sonra yenidən ayrıldı, özəl sektorda çalışan vətəndaşların əmək haqqı dövlət büdcəsi hesabına ödənildi. Həmçinin 900 mindən çox dövlət sektorunda çalışanların əmək haqqının verilməsi, 90 mindən çox ictimai iş yerlərinin yaradılması, 12 mindən çox ailələrin özünüməşğulluq proqramına qoşulması, 300 mindən çox sahibkara dövlət dəstəyinin verilməsi, yeni klinkaların açılması, 10 modul tipli xəstəxanadan artıq 5-nin istifadəyə verilməsi, onu göstərir ki, Prezidentin rəhbərliyi altında həyata keçirilən islahatların dayanıqlı və davamlı olması bir nümunədir. Pandemiya dövründə dövlət vətəndaşlarının yanında oldu”.

Parlamentari vurğulayıb ki, Azərbaycanla Ermənistan heç vaxt müqayisə oluna bilməz:

“Bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Dövlətimiz Asiya ilə qərbi birləşdirən, yeni logistika mərkəzinə çevrilən, enerji bazarında öz sözünü deyən bir ölkədir. Azərbaycan həmçinin qüdrətli orduya malikdir. İstənilən parametrdə Azərbaycan Ermənistanla müqayisə oluna bilməz. Prezidentin rəhbərliyi altında dövlətimiz uğurlu bir yol keçib. Ermənistanda cənab Prezidentin çıxışına hansısa qüvvələrin cavab verməsi Paşinyanın ətrafında olan və onun kimi sərsəm bəyənatlarla çıxış edən qruplaşmanın işidir. Yaxşı bilirik ki, Ermənistan xalqı bu günkü rejimdən məmnun deyil. Dəfələrlə müxtəlif aksiya və çağırışlar edilir. Nikol Paşinyan hansısa qüvvələrin alətinə çevrilib. Erməni xalqı Paşinyanın sərsəm və yalan bəyənatlarından bezib. Görürlər ki, Paşinyan Ermənistanı daha da tənəzzülə aparır. Məhz bu səbəbdən ölkəmizə qarşı olan iddialar Paşinyanın ətrafında formalaşan qruplaşmanın yalançı bəyənatıdır”.

C.Osmanov vurğulayıb ki, dünya aləmi cənab Prezidentin çağırışlarını yüksək dəyərləndirir:

“Prezidentin lider kimi dünya ölkələri arasında nüfuzu böyükdür. Bütün dünya ölkələri koronavirusa qarşı mübarizə aparır. Cənab Preizdent BMT-yə çağırış etdi və bu çağırışı 130-dan çox ölkə dəstəklədi. Yeganə ölkə Ermənistandır ki, faşizm siyasətini ortaya qoyub çağırışın əleyhinə çıxdı”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu