İrfan Çiftçi də köçdü...

Sosial şəbəkənin Azərbaycan seqmenti dün göz yaşı axıtdı

Türk sevdalısı bir insan köçdü dünyamızdan – İrfan Çiftçi... “Bİz onu sevirdik” əvəzinə, “o, hamımızı çox, çox sevirdi” deməliyik. Sevgisi, bağlılığı üzdə idi çünki. Qəlbində yuva qurmuş türk sevgisini özüylə Bakıya gətirmişdi. Və hər kəs bu sevgini aşkar görürdü. Hər kəlməsindən, hər sözündən, rəftarından, davranışından, vəzifəsini ləyaqətlə yerinə yetirməyindən – bütün varlığına hakimdi bu sevgi. O, sadiq bir türkçü, əsl irfan adamıydı.    
Heyif!.. İtirdik sevgi dolu bu insanı... Dünən aldığımız xəbər hamımızı üzdü;  Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım üzrə  müşaviri İrfan Çiftçi həyatla vidalaşıb, Tanrının dərgahına qovuşub. İrfan bəy İstanbulda klinikalardan birində vəfat edib. Məlumata görə, onun ölümünə infarkt səbəb olub.

Bu xəbər ildırım sürətilə yayıldı və türk sevdalılarını yasa boğdu. 

Onu sevənlər kədərlərini bölüşdü. 

“Şərq” qəzetinin baş redaktoru, Azərbaycan Türk Ocağının sədri Akif Aşırlı feysbuk səhifəsində türk dünyasına başsağlığı verdi:  

- Çox çətindir bəd xəbər vermək, ilin-günün bu vaxtında, insanların səksəkədə, gələcəyə işıq ucu axtardığı vaxtda İstanbuldan qara xəbər gəldi. Türkiyə səfirliyinin Mədəniyyət müşaviri, ruhən və qəlbən Türkçü İrfan bəy Çiftçi qəflətən vəfat edib. İrfan bəy əslən Azərbaycan türküydü, Azərbaycanı, türk dünyasını varlığı qədər sevirdi. İrfan bəy həm də Azərbaycan Türk Ocağının bərpaçılarından idi. 
Təpədən dırnağa bir türk kişisi kimi Türkiyə və Azərbaycanın mücadiləsi üçün cəbhənin tam mərkəzində yer alırdı, fədakarlıqlar göstərirdi. İki ölkənin qardaşlığına böyük töhfələr verirdi. Çox təəssüf ki, amansız ölüm böyük iddiallarını yarımçıq qoydu.
Son səfərimiz Gəncəyə olmuşdu. Turançı alim, professor Əhməd Cəfəroğlu barədə Türkiyə-Azərbaycan alimlərinin birgə 2 günlük konfransında iştirak etmişdik. Yol boyu o qədər söhbətləşdik ki... Çoxlu planları vardı, yarımçıq qaldı. Ömrü kimi...

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də kədərli paylaşım edib:
 
- Adam bəd xəbəri deməyə çəkinir, dərd üstünə dərd gətirmək istəmirsən. Amma...
Türkiyə səfirliyinin mədəniyyət müşaviri , 30 illik dostum, şair, yazar, alim, Azərbaycanı qəlbdən-içdən sevən İrfan Çiftçi bu gecə qəlb krizindən vəfat edib.
Xəbəri səfirliyin mətbuat müşaviri Hüseyn Altunalan verdi. Səfir Erkan Özaral da zəng etdi, acımızı bölüşdük.
Heç bilmirəm bu ağır vaxtda onu tanıyan dostlara bu xəbəri necə çatdıracam. Allah səbr versin!
Həyat yoldaşına, oğlanlarına başsağlığı verirəm.

Türkiyədə çalışan həmkarımız Sevil Nuriyeva da İrfan Çiftçi ilə bağlı kədərini ifadə edib: 

- Mənim dünyalar iyisi güzəl İrfan Hocam... Dün deyil, önceki gün evində görüşdük...
Evə çağırdı məni. Uzun-uzun dərdləşdik. Dünyanı və Ötəsini qonuşduq...
Dün son mesajı bu fotoları mənə göndərmək olmuş... Altına da “Ay Yıldızlı Bayraq olmusuz” yazmış...
Dün sokakta yürürkən düşmüş... Acil hastanəyə qaldırılmış. Qəlb krizi keçirmiş... Gec saatlara qədər doktorlar uğraşmış... Sabaha doğru Haqqa yürüdü...
Nə deyəcəyimi bilmirəm… Mənim əziz, sevimli, irfani-idraki bol İrfan Hocam... İsrarla məni evinə çağırdı. Məgər ki mənimlə vidalaşırmış… Nələr qonuşduq, Hocam!.. Cənnət mükafatın olsun, Hocam! Səni çox özləyəcəyəm…

Türk dünyasının dəyərli insanı İrfan Çiftçinin vəfatı ilə əlaqədar Türkiyə və Azərbaycana başsağlığı veririk. Başın sağ olsun, türk dünyası!

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu