Xaricdəki həkimlərimiz Azərbaycana çağrılsın

"Biz başqa ölkələrdə hansı müalicə metodlarından istifadə edildiyini də bilməliyik"



Koronavuris pandemiyası ilə mübarizədə müxtəlif təkliflər irəli sürülür. Xaricdə tibb təhsili alan və ya almış azərbaycanlı həkimlərin ölkəyə çağırılması, xarici ölkələrdən virusoloqların dəvət edilməsi, təcili olaraq azərbaycanlı həkimlərin xarici ölkələrə təcrübəyə göndərilməsi. 
Qeyd edək ki, Türkiyədə təhsil alan 19 azərbaycanlı həkimin işləmək üçün Azərbaycana dəvət edildiyi bildirilir. Verilən xəbərlərə görə, azərbaycanlı həkimlərdən ibarət heyət Azərbaycanın müxtəlif bölgələrindəki xəstəxanalarda pandemiya ilə mübarizə aparacaqlar.

Həkim-pediatr Vaqif Qarayevin fikrincə, həmin həkimlərin ölkəyə gətirilməsi o qədər də effektiv olmayacaq:

- Xaricdən mütəxəssis dəvət olunub, özümüzdə hələ də uyğun mütəxəssislər yoxdur. COVID-19 pandemiyası miqyasına və mahiyyətinə görə heç bir fors-major hadisə ilə müqayisə oluna bilməz. Mübarizə taktikası əvvəldən düzgün deyildi, məncə. Türkiyədən dəvət olunan həkimlərimiz sırf praktik işlərlə məşğul olur", - deyə pediatr vurğulayıb. Qonşu ölkədən epidemiya mütəxəssislərini dəvət etsək, yaxşı olar. Gürcüstan təcrübəsindən də yararlanmaq olar, xəncərimizin qaşı düşməz! Müsbət nəticə alan ölkələr var ki, hər birindən mütəxəssis dəvət olunmalıdır. Hələ də gec deyil.
Millət vəkili Fazil Mustafa isə azərbaycanlı həkimlərin təcrübəyə göndərilməsinin üzərində dayanır və Türkiyə həkimlərinin Azərbaycana dəvət edilməsi və televiziya vasitəsilə xalqa virus barədə məlumat vermələrini təklif edir: 

- Öncələr də vurğulamışdım ki, karantin dövrünün bu kritik durumunda ən əlçatan variantlardan istifadə etmək lazımdır. Türkiyədən 10-12 virusoloq və epidemioloq dəvət etmək, onları prosesin idarə olunmasına cəlb etmək lazımdır. Hər gün də bir-ikisini televiziyaya çıxarıb vəziyyəti təhlil etməsinə imkan yaratmaq məqsədəuyğun olardı. Pandemiya ilə bağlı vəziyyətin mütəxəssislər tərəfindən yönəldilməsinə inam yaratmaq olduqca vacibdir. Bizdə aydın olur ki, bu sahədə nəinki dünya standartlarına, yerli standartlara uyğun gələn mütəxəssis problemi var. Köhnə rus məktəbindən qalanlar da ya dünyasını dəyişiblər, ya da hədsiz yaşlaşıblar. Tibb Universitetinin də tədris metodikası dünya standartlarından çox uzaq olduğuna görə möcüzə gözləməyə heç dəyməz. Avropa və ABŞ-da bu sahələr üzrə tələbə də oxutdurmadığımız göz qabağındadır. Təcili ingiliscəsi və bu sahəyə uyğun tibb təhsili olan şəxsləri Çinə və Avropa ölkələrinə 2 aylığına təcrübə mübadiləsinə göndərməliyik. Xarici dil bilgisi zəif olanları Türkiyəyə göndərmək olar. Proses uzandığı təqdirdə yeni təcrübəyə yiyələnmiş yerli mütəxəssislərin meydanda olması faydalı ola bilər. İnanmayanları da qınamaq lazım deyil. COVİD-19 elmlə bağlı məsələdir, bizdə elmə, alimə inanmaq nə zaman olub ki?

Yas yerində bir mollanın söylədiyi cəfəngiyyatın dalınca gedənlər, yaxud da bir dedi-qodunu həqiqət kimi həzm edənlər həmişə çoxluqda olub. Bir çoxlarına desələr ki, COVİD-19-u cinlər göndərib, bu artıq domino masası arxasında, yas yerlərində ciddi müzakirə mövzusuna, geniş diskussiyalara çevrilə bilər. Ona görə də inanmaq istəyənləri, məsuliyyətli insanları düşünərək bu addımları atmaq vacibdir. Bu insanlar mütəxəssis rəyinə olduqca həssasdırlar, söylənilənləri düşüncə süzgəcindən hökmən keçirəcəklər, davranışları ilə başqalarını da şübhələndirməyə başlayacaqlar ki, bəs filankəs ağıllı adamdır, belə davranırsa, demək ki, təhlükə həqiqətən mövcuddur.

Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında Azərbaycanda virusoloqların, infeksoinistlərin olmaması fikrini qəbul etmədiyini dedi: 

- Bizim təcrübəli virusoloqlarımız, pulmonoloq və infeksionistlərimiz də var. Onlar hamısı pandemiya şəraitində çalışır, hamısı pandemiya ilə mübarizə prosesinə cəlb olunub. Xüsusi həkim briqadalarımız var, tərkibində virusoloqlar, infeksionistlər çalışır. Kənardan mütəxəssis dəvət edilməsi, özümüzdə bu sahəni bilənlərin olmamasıyla bağlı deyil. Bu, tamamilə səhv yanaşmadır. Hazırda bütün dünya ölkələri bir-birinə yardımlar təklif edir, fikir mübadiləsi aparırlar. Səhv etmirəmsə, İtaliya hökuməti çinli həkimləri ölkəyə dəvət etdi, çünki onların təcrübələri artıq vardı. Təcrübə mübadiləsi bütün dünyada qəbul olunur. Əlbəttə, təcrübə toplanması müsbətdir və azərbaycanlı həkimlərin xarici ölkələrə təcrübəyə göndərilməsi də lazımlı təklifdir. Bunun müsbət nəticələri olacaq. Təcrübə təkmilləşmə deməkdir. Koronavirusun müalicəsiylə bağlı Azərbaycan Səhiyyə Nazirliyinin məlum protokolu var. Lakin biz başqa ölkələrdə hansı müalicə metodlarından istifadə edildiyini də bilməliyik. Bunun üçün də gərək təcrübə öyrənilsin. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu