“Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu güclənib”


“Ölkəmizin dünyada artan nüfuzunu həzm edə bilməyən və bunu qısqanclıqla qarşılayan ölkə Ermənistandır” 




“COVİD-19 bəşəriyyət üçün bəla olmaqla bərabər, həm də ayrıca hər bir ölkə və hər bir lider üçün sınaqdır. Bu sınaqdan üzüağ çıxanlarla yanaşı, çıxmayanlar da var”.
Bu barədə “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib. 
Partiya rəhbəri bildirib ki, bu sınağın nəticəsində dövlət başçılarının özlərini qlobal miqyaslı siyasi xadimlər kimi təsdiqləmələrinə zəmin yarandı: 

“Azərbaycan Prezidenti İlham Əliyev də həmin siyasi xadimlərin sırasında yer alır. Dövlət başçısı koronavirus pandemiyasına qarşı mübarizənin ilk günündən yalnız ölkə daxilində deyil, həm də regional və qlobal çərçivədə birliyə, həmrəyliyə xidmət edən tədbirlərin gücləndirilməsinə çağırış etdi. Azərbaycanın dövlət başçısı ölkə daxilində zəruri tədbirlərlə yanaşı, dünya miqyasında birliyə, həmrəyliyə xidmət edən təşəbbüslərlə çıxış edərək diqqətləri üzərinə çəkdi.

Ölkə rəhbərinin təşəbbüsü ilə əvvəlcə Türk Şurasının, sonra isə 120 ölkəni öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının Zirvə görüşləri keçirildi. Pandemiya şəraitinin diktəsi ilə yeni formatda, videokonfrans şəklində keçirilən bu kimi mötəbər tədbirlər beynəlxalq ictimaiyyət tərəfindən ilk növbədə Azərbaycana qarşı, İlham Əliyevə qarşı böyük inamın və hörmətin göstəricisi kimi dəyərləndirildi”.



Politoloq vurğulayıb ki, Prezident İlham Əliyev eyni vaxtda iki nüfuzlu beynəlxalq təşkilatın rəhbəridir: 

“Bu, həqiqətən böyük bir hadisədir. İlham Əliyev bütün ölkələrin pandemiya ilə üz-üzə qaldığı bu ağır, böhranlı şəraitdə yeni performans sərgiləyir. Sözün əsl mənasında dünya lideri kimi çıxış edir. Dövlət başçısının beynəlxalq müstəvidə davamlı təşəbbüsləri və bu təşəbbüslərin reallıqda öz əksini tapması da bu həqiqəti bir daha təsdiqləyir. Prezidentin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etməsi xüsusi uğurdur. Bu təşəbbüs beynəlxalq dairələrdə geniş əks-sədaya səbəb oldu. Əlbəttə, bunun da kifayət qədər ciddi səbəbləri var. Çünki pandemiya təkcə ayrı-ayrı ölkələrin səhiyyə strukturlarını deyil, həm də beynəlxalq münasibətlər sistemini iflic vəziyyətinə salıb”.  

Ə.Hüseynovun sözlərinə görə, nüfuzlu beynəlxalq təşkilatların demək olar ki, heç biri koronavirusun yaratdığı reallıqlara və çağırışlara adekvat reaksiya verə bilmir: 

“Beynəlxalq təşkilatlar özlərini toparlamağa, təşəbbüskarlıq göstərməyə çətinlik çəkir. Onların fəaliyyətində hərəkətlilik yoxdur, süstlük müşahidə olunur. BMT və onun əsas qurumları olan Baş Məclis və Təhlükəsizlik Şurasının beynəlxalq münasibətlər sistemində rolu demək olar ki, görünmür. Həmçinin, dünyanın aparıcı ölkələri, supergücləri qlobal liderlik əvəzinə ya özünütəcridə kökləniblər, yadaki geosiyasi çəkişmələrə meyl göstərirlər. Odur ki, bu arada böyük dövlətlər və beynəlxalq təşkilatlardan gözlədiyimiz qlobal liderlik nümunəsi baş vermədi. Bir növ, hamı özünə qapandı. Lokallıq və milli eqoizm meydan sulamağa başladı.

Bir tərəfdən, BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. Digər tərəfdən isə BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də, lakin onların da əksəriyyəti uğurla nəticələnmədi. Dövlət başçısı İlham Əliyev məhz belə bir kritik məqamda xüsusi sessiyanın keçirilməsi təklifi ilə çıxış etdi. Bu təşəbbüs tam zamanında edilmiş təşəbbüs effekti ilə qarşılandı. Dövlətlərin özünəqapanması onların heç birinə uğur gətirə bilməz.

Odur ki, səylərin birləşdirilməsi, kollektiv surətdə tədbirlərin görülməsi və təcrübə mübadiləsinin aparılması çox vacibdir. Məhz belə sağlam mövqeyimizə, qlobal məsuliyyətimizə görə Azərbaycanın pandemiyaya qarşı mübarizə sahəsində nümunəvi ölkə kimi təşəbbüsləri təqdir olunur, həyata keçirdiyi tədbirlər yüksək qiymətləndirilir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun artması göz qabağındadır”.

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycanın dünyada artan nüfuzunu və rolunu həzm edə bilməyən və bunu qısqanclıqla qarşılayan yeganə ölkə Ermənistandır: 

“İşğalçı ölkənin Azərbaycanın bu qlobal miqyaslı təşəbbüsünə qarşı çıxması Ermənistan hakimiyyətinin gerçək simasını bir daha əyani surətdə göstərir. Hazırda pandemiyanın ən ağır nəticələri ilə üzləşən bir ölkə olmasına baxmayaraq Ermənistan bu təşəbbüsə qarşı çıxmaqla özünü dünya birliyi qarşısında rüsvayçı vəziyyətə salır. Ermənistan üçün bundan daha pis “qara piar” ola bilməzdi. Ermənilər bu hərəkəti ilə necə deyərlər, özləri öz əlləriylə beynəlxalq imiclərinə ağır zərbə vudular. Azərbaycan dünyanı birləşdirir, bu yeni dünyada isə Ermənistana yer yoxdur”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu