"Dünya o qədər xırdalanıb, balacalaşıb ki..." - Oqtay Əliyev

"Ona görə incəsənəti, kinonu dünya ilə ayaqlaşdırmaq lazımdır"

 Koronavirus infeksiyasının tanıdğımız insanlara yoluxduğu, hətta onlardan bəziləri ilə vidalaşmalı olduğumuz  ağrılı, çətin günlərdən keçirik. Yavaş-yavaş tənhalaşan  Bakı küçələrinə  baxanda ümidsizliyə düşməyək deyə fikrimizi yayındırmalı, pozitivliyimizi itirməmək  üçün  əlimizdən gələni etməliyik.
 
“Sherg.az” da bu amili nəzərə alıb, fərqli mövzulara toxunaraq oxucularını  mənfi auradan çıxarmağa çalışır. Bu gün də  incəsənətimizin gəldiyi son nöqtəni müzakirə etmək üçün tanınmış prodüser Oqtay Əliyevlə əlaqə saxladıq. Rejissor  pandemiyanın zərərlərindən danışaraq, son altı aydır yaradıcılıqla məşğul olan insanların fəaliyyət göstərmədiklərini söylədi:

“Nə musiqi yazan var, nə də film çəkən. Camaatın fikri koronavirusdadır, bütün işlər iflic vəziyyətdədir.   Heç bilmirəm o yazıqlar nə iş görür. Konsertlər, toylar yoxdur, filmlər çəkilmir, teatrlar işləmir. O ki qaldı müasir dövrün incəsənəti dinamik şəkildə  günü- gündən  inkişaf edir. Çünki temp və ritm başqadır. Əvvəl fikirləşirdilər ki,  görəsən Amerikada gecə-gündüz nə vaxt olur? İndi istənilən insan əlini düyməyə basaraq Amerikadakıların  bu gün nə yeyib, içdiyini bilir. Dünya  o qədər xırdalanıb, balacalaşıb. Ona görə incəsənəti, kinonu  dünya ilə ayaqlaşdırmaq lazımdır.  Ötən əsrdə azərbaycanlılar  bir, ruslar iki  film çəkirdi, həm də  hind kinoları  var  idi. Düşünürdük ki,  hər şey bu qədərdir, amma indi belə deyil. Hər gün yeni filmlər, mövzular çıxır.  Ona görə də uyğunlaşmaq həddindən artıq çətindir. Bir də görürsüz balaca kamera  ilə elə sənət əsəri yaradırlar ki,  hamı şoka düşür. İndi istedadını nümayiş etdirmək asandır.” 

"Keçmişdə ərsəyə gələn filmlərlə bu günkü filmlər arasında nə kimi fərqlər var" sualına  O. Əliyev belə cavab verdi:

“İndikilərin  yaxşıları var. Keçmişdə də saysız-hesabsız zəif əsərlər, pyeslər, musiqilər olub.   Amma içərisindən  ən yaxşıları, normalları  tarixdə qalıb. 1930-cu ildən yüzlərlə, əsərlər, şeirlər yazılıb, filmlər çəkilib, amma ortada yoxdur. Təxmini 20-30 film sevilərək, tarixdə qalıb. Digərləri  keyfiyyət və  mövzu baxımdan  bəsit olduqları üçün unudulublar.  İndi çəkilənlər bəzi Azərbaycan filmlərindən on dəfə güclüdür.  Dövrümüzdə də yaxşılar, orta səviyyəlilər və pislər var. O vaxtdı  nə çəkirdilərsə,  yazırdılarsa  yaxşı, indi yarananların hamısının pis olduğunu düşünmək düzgün deyil”.

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu