İranı kim hədəf seçib? - TƏHLİL

İranın Natanz nüvə obyektində iyulun 2-də yanğın baş verib. Yanğın qısa vaxt ərzində söndürülüb, yanğın olan binada nüvə və digər radioaktiv materiallar olmayıb. Bu zaman radioaktiv çirklənmə baş verməyib. Yanğın zamanı heç kim xəsarət almayıb.

Bəs nüvə obyektində yanğına nə səbəb olub?

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a açıqlamasında bildirib ki, nüfuzlu “Nyu York Tayms” qəzeti mənbələrinə əsasən yanğının İsrail kəşfiyyatının işi olduğunu yazıb. Onun sözlərinə görə, İsrail rəsmiləri adətən bu xəbərləri nə təsdiq, nə də təkzib edirlər:

“Ancaq hamı bilir ki, İsrail İranın nüvə çalışmalarından narahatdır və müxtəlif yollarla bunun qarşısını almağa çalışır. İsrailin müdafiə naziri Beni Qansın “vacib deyil ki, İranda baş verən hər bir insidentin arxasında İsrail dayanır” sözləri diqqəti cəlb edir. Bu açıqlamanı belə də oxumaq olar: “İrandakı hadisədə iştirakımız istisna deyil”. İsrailin xarici işlər naziri Qabi Aşkenazi isə ölkəsinin İranın nüvə obyektinə hücumunu bu sözlərlə faktiki təsdiq edib: “İsrail İranın nüvə silahı əldə etməməsi üçün uzunmüddətli siyasət həyata keçirir”.
İki versiya irəli sürülüb. Birinci versiyaya görə, yanğına səbəb hansısa raketin nüvə obyektinə düşməsi olub. İkinci versiya isə bundan ibarətdir ki, partlayıcı qurğu hansısa yolla içəri keçirilib. Ekspertlər ikinci versiyaya üstünlük verirlər. Çünki, İran tərəfi partlayışa səbəb olan raketin qalıqlarını aşkar etməyib”.

Analitikin fikrincə, yanğına məruz qalan nüvə mərkəzi İran üçün vacib əhəmiyyət kəsb edir:

“Bu mərkəzdə nüvə elementləri zənginləşdirilir. Yanğın nəticəsində isə yüksək texnoloji avadanlıqlar sıradan çıxarılıb. Başqa sözlə yanğın İranın nüvə çalışmalarını bir qədər ləngidib. Partlayış obyektin üst mərtəbəsində baş verib. Mərkəzin yerin altında da mərtəbələri var. Ona görə ekspertlər düşünürlər ki, növbəti hücumdan qorunmaq üçün mərkəzdəki bütün avadanlıqlar alt mərtəbələrə yerləşdiriləcək”. 

Politoloq qeyd edib ki, son hadisə 10 gün ərzində İranda baş verən dördüncü partlayışdır:

“İyunun 26-da Tehran yaxınlığındakı hərbi kompleksdə partlayış baş verib. Bu hadisədən 4 gün sonra Tehran yaxınlığındakı xəstəxanada partlayış olub. Hadisə zamanı 19 nəfər həlak olub. Nəhayət bir neçə gün əvvəl İranın qərbindəki elektrik stansiyasında transformator partlaması nəticəsində güclü yanğın baş verib. 
Beləliklə, İrandakı nüvə və hərbi mərkəzlər hədəf götürülüb. Bu hadisələrin Azərbaycanla yaxından uzaqdan əlaqəsi yoxdur. Buna baxmayaraq, Ermənistandakı saytlar guya İrandakı mərkəzlərdə tuşlanan raketlərin Azərbaycandan havaya qaldığını yazıblar. Aydındır ki, bu “məlumatları” həmin saytlarda Ermənistan kəşfiyyatı yerləşdirib. Məqsədləri bu yolla İranla Azərbaycan arasında gərginlik yaratmaqdır. Elə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada da erməni təxribatına diqqət yetirilib: “Bu cür məlumatın yayılması Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədini güdür. Tamamilə aydındır ki, iki ölkə arasında xoş münasibətlərə zərər vurmaq məqsədilə yayılmış məlumat şər və böhtandan başqa bir şey deyil. Bildiririk ki, Azərbaycan ərazisindən qonşu ölkə olan İran İslam Respublikasına qarşı indiyədək heç bir addım atılmayıb və bundan sonra da atılmayacaq””.



E.Şahinoğlu bildirib ki, əslində Ermənistanın yaydığı saxta məlumatlar həm də İsrailin əleyhinə yönəlib:
“Halbuki, Ermənistan hakimiyyəti son aylarda İsraillə əlaqələrini genişləndirib. Hətta bu dövlətdə səfirliyini açmaq istəyir. İndi isə rəsmi İrəvan demək istəyir ki, İsrail Azərbaycan ərazisindən istifadə edərək İrana raket “zərbələri” endirib. İrandakı partlayışlarda İsrailin əli varsa, bu dövlət təkbaşına hərəkət edib. Digər tərəfdən ekspertlər partlayışların obyektlərin içərisində baş verməsi ehtimalını yüksək qiymətləndiriblər. Raketlə vurulma ehtimalı azdır. İranda 2000-ci illərdə nüvə mərkəzlərində çalışan bir neçə alim müəmmalı şəkildə qətlə yetirildi. Bunu da kim edibsə, təkbaşına edib. Azərbaycan belə oyunlarda iştirak etmir. Bizim bir hədəfimiz var, o da işğalçı Ermənistandır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu