Psixoloqdan ağıllı yanaşma: “İctimai qınaq nəcib formada olmalıdır"


“Bunu kobud, aqressiv, qarşımızdakı insanı aşağılayaraq etsək, heç vaxt cəmiyyətimizdə ictimai qınaq normal sayılmayacaq”

“İnsanlara cinayətkar kimi irad bildirilirsə, orda dava da düşər, qırğın da”



Qapalı yerlərdə maska taxmayan, məsafə saxlamayan vətəndaşlara qarşı cərimələr  nəzərdə tutulsada, hər gün mağazalarda,  ictimai nəqliyyatda maskasız  insanlarla rastlaşırıq.  Sağlamlığımızı risk altına alan bu şəxslər real  vəziyyətin ciddiliyinə, kritikliyinə etinasız yanaşır.

Ölkə ictimaiyyətinin ümumi qənaətinə görə, xüsusi karantin rejimi qaydalarını pozan,  məsafə saxlamayan,  qapalı məkanlarda maskadan istifadə etməyən insanlara qarşı ictimai qınaq mexanizmi həyata keçirilməlidir. Bunu görən başqa vətəndaş o cür məsuliyyətsiz insanları tənbeh etməli və başa salmalıdır. Eyni zamanda hər hansı bir şəxsin yol verdiyi yanlış hərəkətlərin cəmiyyətə bəxş etdiyi mənfi fəsadları insanların diqqətinə çatdırmaq lazımdır. 


Klinik Psixoloq Vəfa Rəşidovanın sözlərinə görə, bizim kimi  cəmiyyətlərdə maddi cəzalar heç vaxt özünü doğrultmur: 

"Bunun ən müxtəlif  qayda pozuntularına görə cərimə tətbiqi zamanı şahidi olmuşuq. Əksəriyyət hesab edir ki, cəriməsi nə qədərdirsə ödəyərəm, əsas odur rahat və sərbəst olum. İstədiyim kimi davranış sərgiləyim. Cərimə cəzasına bu  prizmadan yanaşan insanlar həddindən artıq çoxdur. Xüsusən də maddi durumu normal olan insanlar üçün bu cür cərimələr o qədər də ciddi əhəmiyyət kəsb etmir.  İctimai qınaq mexanizmi  isə daha effektiv olur. Hesab edirəm ki, vətəndaşlar  ictimai nəqliyyatda, qapalı məkanlarda maskasız gəzən insanlara  öz iradını bildirməlidir. Hər kəs yanında olana, yanından keçənə maska taxmağı izah etməlidir. Bu irad  aqressiyaya çevrilməsin deyə də,  ətraflı izah verilməlidir. 

Təəssüflər olsun ki, bizdə  ictimai qınaq mexanizmi də tam formalaşmayıb.  İctimai etirazlar yoxdur. Adətən bu, məişət səviyyəsində edilir. Müşahidələrimə əsasən deyim ki, vətəndaşlar kiməsə irad bildirən zaman  son dərəcə aqressiv və kobud ifadələrdən istifadə edir.

İctimai qınaq edənlər bəzən qarşıdakı adamı təhqir edirlər, bu zaman da aqressiv reaksiya ilə üzləşirlər. Aqressiv, əsəbi şəkildə ictimai qınaq tələb etmək olmaz. İlk növbədə davranmağı və ünsiyyət formamızı hələ bir az formalaşdırmalıyıq. Axı kimsə kimisə qınaq edəndə, hansı reaksiyanı görəcəyini bilmir.

Dediyim kimi, ictimai qınaq  gözəldir, amma düzgün formada deyiləndə. Bəzən ictimai qınaq deyirlər, amma baxırsan ki, təhqirə keçib. Yaxud qarşıdakı adama çox aqressiv tərzdə fikir deyirlər.  Halbuki qayda pozan şəxsləri  nəcib formada başa salsaq, pandemiya ilə mübarizədə daha effektiv nəticələr əldə edə bilərik. 

Nə qədər ki ictimai qınağı yanlış formada edirik, o zamana qədər insanlarımız əziyyət çəkəcək. Pandemiya uzanacaq, stress gərginlik, depressiya davam edəcək. İctimai qınağı sivil, nəcib formada bir-birimizə çatdırsaq, insanlar da bunu normal qəbul etməyə başlayacaqlar. Bunu kobud, aqressiv, qarşımızdakı insanı aşağılayaraq etsək, heç vaxt cəmiyyətimizdə ictimai qınaq normal sayılmayacaq. İnsanları cinayətkar kimi irad bildirilirsə, orda dava da düşər, qırğın da”.

V.Rəşidova hesab edir ki, utandığı üçün ictimai qınağı bildirməmək vətəndaşın laqeydliyindən irəli gəlir: 

"Əgər biz bu dövlətin vətəndaşıyıqsa, ölkəmizə, şəhərimizə məsuliyyətli yanaşmalıyıq. İctimai qınağı utanıb bildirməmək, bir növ, məsuliyyətsizlikdən xəbər verir. Mən tibbi maska taxıramsa, məsuliyyətliyəmsə, hər bir insan bunu etmək gücündədir. Əgər liftdə biri maskalıdırsa, digəri yox, bu, maskasız adamın özünə, vətəninə, yaşadığımız problemlərə laqeydliyidir.

Qarşı tərəf bunu nəcib formada bildirmirsə, burda onun da payı olur. Cəmiyyət ən məsuliyyətsiz insanı belə məsuliyyətə cəlb edir. İctimai qınağı sivil şəkildə izah edib qarşımızdakı insanı məsuliyyətə səsləməyə məcburuq”.

Psixoloqun fikrincə  valideynlər övladlarına körpə yaşlarından ictimai məsuliyyət aşılamalıdırlar:

 "Təəssüf ki ailələrdə uşaqlara "sənin nə borcuna qalıb, fikir vermə, get” prinsipi aşılanır. Bu cümlə uşaqları cəmiyyətə yararlı olmaqdan çəkindirir. Elə məqamlar var ki, gördüyün yanlışa fikir bildirməmək səni məsuliyyətsiz edir. Valideynlər övladlarına cəmiyyətin problemlərinə laqeydliyi aşılamasınlar”.

V.Rəşidovanın sözlərinə görə, Azərbaycanda ictimai qınaq mexanizmini formalaşdırmadan pandemiyaya qarşı mübarizədə bu üsuldan effekt gözləmək mənasızdır. İlk öncə biz bir vətəndaş olaraq üzərimizə düşən öhdəlikləri bilməli, ona əməl etməliyik ki, başqalarından da nəyisə tələb edə bilək: 

"Əvvəla gərək fərd olaraq biz özümüz maska taxıb, şəxsi gigiyena qaydalarına əməl edək ki, qarşımızdakı insandan da eyni davranış sərgiləməyi tələb edək. İnandırım sizi vətəndaşların böyük əksəriyyətinin bu qaydalara əməl etməsi belə ictimai qınaq funksiyasını yerinə yetirir. Amma bizdə proses tərsinədir. Böyük əksəriyyət maskanı ancaq polis postlarına çatanda taxır. Öz sağlamlığına, təhlükəsizliyinə laqeyd olan bir cəmiyyətdən ictimai qınaq gözləmək doğru deyil".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu