Media üçün növbəti müharibə dövrüdür

Jurnalistlərimiz də yenə “ön cəbhədə”dir, ona görə də itkilərimiz var


Pandemiya davam edir. Və nə qədər davam edəcək, hətta dünyanın super-gücləri də proqnoz verməyə risk etmir. Dünyanın sağlıq problemi ilə məşğul olmaq vəzifəsini üstlənmiş Ümumdünya Səhiyyə Təşkilatı ikinci, üçüncü “dalğa”lardan danışır, gah yay mövsümünü, gah da payızı nişan verir. Ölkələrsə əhalisini qorumaqla, yoluxma hallarının artmaması, virusun daha geniş yayılmaması üçün tədbirlər həyata keçirir. Əhaliyə “evdə qalın” çağırışı hələ də qüvvədədir və aktualdır. Evdə qalanlar kateqoriyasına çoxları aiddir.

Evdən çıxmaq vəzifə borcu olanlarsa zəruri dövlət müəssisələrinin rəhbərləri və əməkdaşları, səhiyyə işçiləri, icra və qanunverici orqanlar, hüquq-mühafizə sistemi və təbii ki, ictimaiyyəti xəbərlə təmin etməli olan jurnalistlər – media! 
Mart ayından etibarən media pandemiya ilə mübarizədə dövlətin əsas köməkçilərindən birinə çevrilib. Çünki iş görənlərin hansı işi gördüyünü də biz jurnalistlər ictimaiyyətə təqdim etməliyik. Və pandemiya ilə mübarizədə medianın xəbəri necə, hansı formada təqdim etməsi virusun yayılmasına qarşı aparılan önləyici və zərurui tədbirlər qədər vacib və əhəmiyyətlidir. Mediamızın pandemiya dövründəki fəaliyyəti qənaətbəxş hesab edilə bilərmi? 
  
Yoluxmanı gözə alan jurnalistlər 

Vətəndaşlara “evdə qalın”, “sosial məsafəni gözləyin” çağırışı ona görə edilir ki, virusa yoluxma riski azalsın. Ev şəraitində qalan, ətrafdakı insanlarla az ünsiyyətdə olan insanın əlbəttə ki, koronavirusa yoluxma riski də cüzi olacaq. Vətəndaş digər zəruri önləyici qaydalara – maska taxmaq, əlləri tez-tez yumaq, dezinfeksiya tədbirlərini görməzdən gəlməmək kimi qaydalara əməl etsə, yoluxma riski daha da zəifləyir. Amma bütün bu sadaladıqlarımız mediada çalışanlara nə dərəcədə aiddir? Jurnalist hər gün iş başında olmalıdır. Bu, onun vəzifəsidir. Jurnalist vəzifəsini yerinə yetirmək üçün hər gün ictimai nəqliyyatdan istifadə edir, hansı ki, ən çox yoluxma riski elə məhz ictimai nəqliyyatdadır. Sonra, reportajlar hazırlamaq üçün müxtəlif məkanlara getmək, müxtəlif insanlarla ünsiyyətdə olmaq da bura əlavə edildikdə, mənzərə daha da qəlizləşir. Risk faizi də getdikcə artır. Risk altında çalışan mediamız pandemiya dövründə itkilər verdi. Pandemiya sanki media üçün növbəti bir müharibə dövrüdür. Necə ki, müharibədə jurnalistlər, reportyorlar güllə yağışı altında çəkilişlər edir, cəbhədən xəbər verirdilər, indi də koronavirusla mübarizə dövrüdür. Jurnalistlərimiz də yenə “ön cəbhədə”dir, ona görə də itkilərimiz var. 

Jurnalistlər arasında koronavirusa yoluxmanın statistikası aparılıb. Nəticə budur ki, dünyada jurnalistlər arasında COVID-19-a yoluxma və ölüm sayı 2 dəfə artıb.

Xatırladaq ki, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bu barədə geniş açıqlama vermişdi. Bildirmişdi ki, ötən 4 ay müddətində (fevral-may) jurnalistlər arasında COVID-19-a yoluxma və ölüm halları barədə açıqlama yayılmışdı. O zaman dünyada pandemiya səbəbilə həyatını itirən jurnalistlərin sayı 67 nəfər idi. Virusa yoluxub ağır durumda olanların sayı 300-ə yaxın idi. Qısa zaman kəsiyində - 1 ay ərzində durum kəskin dəyişib. Son bir ayın neqativ göstəriciləri əvvəlki 4 ayın nəticələrindən 2 dəfə çoxdur. Beynəlxalq təşkilatların hesabatlarına görə, iyun ayının sonlarına doğru dünyada COVID-19-a yoluxub həyatını itirən jurnalistlərin sayı 137 nəfərə çatıb. Ümumi yoluxanların sayı isə 1200 nəfərə yaxındır.
Ölüm halları daha çox 31 ölkə üzrə qeydə alınıb: "Yüksək rəqəmlər Latın Amerikası ölkələrində olub - 62 nəfər, Avropada 23 nəfər, Asiyada 17 nəfər, Şimali Amerika 13, Afrikada 12 nəfər jurnalist həyatını itirib. Siyahıda qabarıq görünən ölkələr bunlardır: Peru (15 nəfər), Braziliya (13 nəfər), Meksika (13 nəfər), Ekvador (12 nəfər), ABŞ (12 nəfər), Rusiya (8 nəfər), Pakistan (8 nəfər), Böyük Britaniya (5 nəfər), Banqladeş (4 nəfər), Boliviya (3 nəfər), Kamerun (3 nəfər), Fransa (3 nəfər), İtaliya (3 nəfər), İspaniya (3 nəfər), Hindistan (3 nəfər) və s. Qeyd olunur ki, jurnalistlər xəstəxanalardan material hazırlayarkən, həkimlərdən, siyasətçilərdən, iqtisadçılardan müsahibələr alarkən tibbi vasitələrin çatışmazlığı səbəbindən özlərini qoruya bilməyiblər və koronavirusa yoluxublar.          

Ötən ayın siyahısında dəyişən bir məqam da var, hesabatlarda artıq Azərbaycanın da adı görünür:

"İlk 4 ay müddətində ölkəmizdə jurnalistlər sırasında COVİD-19-a yoluxan bir nəfər belə yox idisə, bu gün durum pisləşib. İyunun sonuna olan bilgiyə görə, Azərbaycanda 18 jurnalist COVİD-19-a yoluxub, iki nəfər isə həyatını itirib”.

Koronavirusa yoluxan həmkarlarımızın sayı artıq 20-yə yaxındır. Təəssüf ki, vəfat edən həmkarlarımızın da sayı artmaq üzrədir. Son günlərdə Azərbaycan Dövlət Televiziyasının iki əməkdaşı, jurnalistlərin yaxşı tanıdığı, hörmət etdiyi, yüksək dəyər verdiyi Samir Nemətzadə və rejissor Etibar Babayev həyatlarını itirdilər. Öncə isə uzun illər “Azərbaycan” qəzetində çalışmış foto-jurnalist Fərman Bağırov vəfat etdi. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev koronavirusla mücadilə aparır. Daha iki həmkarımız – Nigar Abdullayeva və qardaşı Müşfiq Abdullanın da koronavirusa yoluxması xəbəri verildi. Bütün bu hallar və adlarını çəkmədiyimiz digər həmkarlarımız virus təhlükəsinə baxmayaraq vəzifə borclarını yerinə yetiriblər. Bir neçə telekanalda əməkdaşların koronavirusa yoluxma faktları aşkarlanıb.  Azərbaycan Dövlət Televiziyasının 5 əməkdaşı koronavirusa yoluxma diaqnozu ilə hazırda xəstəxanada müalicə alır. Bir nəfər isə sağalaraq evə buraxılıb. Yoluxma halının əməkdaşlar arasında geniş yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində dezinfeksiya tədbirləri aparılır, işə gələn əməkdaşların hərarəti ölçülür, hərarəti olanlar işə buraxılmır və onlara müayinə olunmaq tövsiyə edilir. Qabaqlayıcı tədbirlərə daha az əməkdaşın işə cəlb edilməsi də daxildir. Xatırladaq ki, baş infeksionist Cəlal İsayev “Yeni Müsavat”a açıqlamasında iş başında olan bütün jurnalistlərin müayinədən keçməsini məsləhət görüb. Və bildirib ki, bütün media işçiləri risk altındadır.     
      
Xəbər yaymaq yoluxma riskinə dəyirmi?  

Riski gözə alıb iş başında olan jurnalistlər pandemiya müddətində cəld, çevik xəbərçiliyi yerinə yetirə bilirlərmi? Yəni, həyatlarını riskə atırlarsa, əvəzində vəzifələrini lazım olan formada icra edə bilirlərmi? Risk nəyəsə dəyməlidir, ya yox?! Bu sualla həmkarlarımıza müraciət etdik.  

Jurnalist Elnurə Abuşova “Şərq”ə açıqlamasında qeyd etdi ki, pandemiya dövrü bir çox qurumlar kimi, mediada olan əyər-əskikləri də tam çılpaqlığı ilə qabartdı: 

- İlk günlər Operativ Qərargahın rəsmi məlumatlarının sayta yerləşdirilmədən öncə bəzi saytlara paylanmasının, yəni mediaya münasibətdə təbəqələşmənin şahidi olduq. Daha sonra jurnalistlərin fəaliyyətinin sıxışdırılmasına bəzi cəhdlər oldu. Və bu cəhdin təəssüf ki, bu gün də bəzi hallarda davam etdirildiyini görürük. Belə şəraitdə kütləvi informasiya vasitələri də sınaq dövrlərindən, kobud desək, üzüağ çıxa bilmir. Operativ Qərargahın brifinqlərində verilən suallar əvvəldən hazırlanmış fikri yaradır. Çünki aktual problemlər qabardılmır, cəmiyyəti maraqlandıran suallar verilmir, məsul qurumların dövlət qarşısında götürdükləri öhdəliklərə rəğmən apardığı işlərin yarıtmaz olması barədə arqumentləri qabardıb, bu faktlar üzrə sual verənlər demək olar ki, yoxdur. Qaydalara əməl etməklə jurnalistlərə şərait yaradılmalıdır ki, xəstələr saxlanan istənilən xəstəxananı gəzib vəziyyətlə yerində tanış olsunlar və cəmiyyəti düzgün məlumatlandırsınlar. Əvvəlcədən danışılmış, yüngül xəstələri ağır kimi qələmə verib bahalı klinikalarda çəkiliş etməyə nə var ki... ən son faciəvi hadisə Az TV əməkdaşının son göndərdiyi səsi yada salaq; “Su yoxdu, boğuluram, burda şərait pisdi...” Dövlət başçısı xəstələrə qulluq üçün bütün lazımi tədbirləri görüb, amma bəzi xəstəxanalar, onların rəhbərliyi işin öhdəsindən gələ bilmir. Amma mərhumun səsinə qulaq asanda, sanki qayğı ilə əhatələnmiş xəstəxanadan yox, konslagerdən səs göndərir. Bu gün gedib həmin  yerdən çəkiliş aparılmalıydı, amma operativlik yoxdu. Sünilikdən xilas olmalıyıq. Elə özümüzdən başlamalıyıq...

İstənilən halda jurnalist peşə maraqlarını unutmamalıdır

“Müsavat.com” saytının baş redaktoru Xalid Kazımlının fikrincə, pandemiya dövründə KİV-in fəaliyyəti əvvəlki dövrlərdən çox da fərqlənmir:
- Yenə çevik xəbərlər yayanlar, müxtəlif mövzularda reportaj hazırlayanlar, bir sözlə, xəbər və şərh jurnalistikası öz işinin öhdəsindən gəldi. Sadəcə, son dövrlər ölkədə yaradıcılıq çərçivəsi bir qədər daralıb deyə geniş manevrlər etmək çətinləşib, tənqidi jurnalistika sosial şəbəkələrə uduzmaqdadır. Bu, böyük çatışmazlıqdır. Və bir də, yalnız daimi iş yerləri olanlara sərbəst hərəkətə rəsmi icazə verilməsi, digərlərinə verilməməsi isə haqsızlıqdır. Bir çox jurnalistlər sadəcə mətbuat orqanları ilə əməkdaşlıq edirlər, ştatda deyillər. Onlara icazə verilməməklə haqları tapdanmış olur.
Bəs, pandemiya dövründə araşdırma yazılar olmalıdırmı, yoxsa ancaq rəsmi xəbərlərə istinad edilməlidir? Daha dəqiq desək, mediadan rəsmi xəbərlərə istinad etmək tələb edilir və müxtəlif səbəblərə görə bu, doğru hesab edilir. Belə vəziyyətdə tədqiqat xarakterli yazılar olmalıdırmı? Yoxsa, gözləməliyik, pandemiya bitsin, vəziyyət stabilləşsin, sonra araşdırmalar başlansın, həssas məqamda əlavə gərginlik yaranmasın deyə?

X.Kazımlı qeyd etdi ki, araşdırma yazıları heç nəyə baxmayaraq davam etdirilməlidir:

- Bu sahədə də boşluq var. Bu, ümumən jurnalistikanın səviyyəsi ilə bağlı məsələdir. Mətbuata yeni nəsil gəlir və onların öz dəst-xətti var. Bir neçə onilliklər öncə yaxşı jurnalist olmaq üçün zəruri olan kriteriyalar indi işləmir. Məsələn, erudiyaya, dərin savada, ensiklopedik biliklərə artıq ehtiyac yoxdur, ya da çox deyil. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu