Korona yolumuzu kəsib

Metronun müvəqqəti bağlanması anlaşılandır

Ancaq BNA-da üzərinə düşəni etməlidir, avtobuslararası  intervallar azaldılmalıdır



Metropolitenin fəaliyyətini növbəti dəfə dayandırması Bakı Nəqliyyat Agentliyinin “stansiyadan-stansiyaya” marşrutu ilə hərəkət edən ekspres avtobusları yenidən xəttə buraxmasına səbəb oldu. Heç bir ictimai nəqliyyat vasitəsi metronu əvəz edə bilməz, bu, birmənalıdır. Amma, bir  məsəldə deyildiyi kimi “bəy verən atın dişinə baxmazlar”ı gözə alaraq, ekspres avtobuslara da sevinməliyik. Lakin sevinə bilmirik, çünki avtobuslarda hədsiz sıxlıq yaşanır. Əgər bu gün əsas mübarizə koronavirusa yoluxmanın qarşısını almaq, yoluxma statistikasının azalmasına nail olmaqdırsa, “Ekspres” avtobuslarla bu, nəinki mümkün olacaq, tam əksi, yoluxma daha da artacaq.

Çünki bu avtobuslarda sərnişinlər bir-birinin “üstündə” gedir. Metroda isə xüsusən son həftələrdə vaqonlarda seyrəklik olurdu, sərnişinlər də maska taxmağa “razı olmuşdular”. Belə vəziyyətdə metronun fəaliyyətini davam etdirmək daha məqsədəuyğun deyilmiydi? Ekspres avtobuslarda isə dəhşətli vəziyyətdir. Mayın 6-sı saat 09:30 radələrində sərnişin kimi müşahidə etdiyim məhz bu oldu. Metro yoluxma sayının qarşısını almaq məqsədilə bağlanıbsa, ekspres avtobuslardakı sərnişin sıxlığına nə ad qoyaq? Avtobus hər metro stansiyasına yaxınlaşanda sərnişinlər salona doluşurdu, etiraz edənlər, narazılıq bildirənlər də vardı, “bu qədər camaatı hara doldurursan?!”.

Salona daxil olmağa çalışanlarsa, əsəbi tonla “biz də sizin kimi işə gedirik!” cavabı verirdilər. Başqa bir məqam, “Bakubus” avtobuslarından savayı xəttə “Daewoo” avtobuslarının da buraxılması idi. Qarşısına “M2” lövhəsi vurulmuş avtobuslarsa sanki sərnişin planı doldururdu.  Məlumdur ki, xəttə əlavə avtobusların buraxılması sərnişin sıxlığının qarşısını almaq üçündür.

Amma bu köhnə avtobuslar elə köhnə qayda ilə də işləyir. Metro stansiyalarından əlavə, digər dayanacaqlarda da dayanır və sərnişin sayı daha da artır. Üstəlik, bu avtobuslarda kondisioner də yoxdur. Bu istidə basabasda uzun məsafəli yol qət etməyin məşəqqətini yəqin ifadə etməyə əlavə ehtiyac yoxdur. 



İctimai xadim Azər Allahverənov “Şərq”ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin nəzarət mexanizmini gücləndirməli olduğunu dedi: 

- Birincisi, mənə də maraqlıdır, əgər bir çox iş yerləri, idarə və müəssisələr fəaliyyətini dayandırıbsa, işçi sayları azaldılıbsa, əməkdaşlar məzuniyyətə göndərilibsə, təhsil müəssisələri də qapalı, bu qədər sərnişin hardandır? Hara gedir bu insanlar?! Bəli, dediyiniz kimi, BNA sərnişin sıxlığını azaltmaq üçün xəttə əlavə avtobuslar cəlb edir. Lakin burada mütləq nəzarət gücləndirilməlidir ki, özəl şirkətlərə məxsus həmin əlavə avtobuslar “Bakubus” avtobusları kimi hərəkət etsin, metro stansiyalarından kənar dayanacaqlarda saxlayıb sərnişin götürməsinlər. Dayanacaqlarda artıq müddət dayanmasınlar ki, sərnişin sıxlığı da yaşanmasın. Məlumdur ki, paytaxtda ictimai nəqliyyat bütünlüklə vahid kart sisteminə keçməyib. Hələ də plana işləyən avtobuslar var. Onların iş prinsipi rentabelli fəaliyyət göstərməkdir. Buna görə də sərnişin çoxluğu onlara sərf edir. Amma bir halda ki, BNA onları işə cəlb edir, o zaman nəzarəti də gücləndirməlidir və  sərnişin sıxlığı yaranmasının qarşısı alınmalıdır. 

A.Allahverənov təklif irəli sürdü: 

- Avtobuslararası interval mümkün qədər azaldılmalıdır. Xüsusən də “pik” saatlarda. İş qrafikləri çevik olmalıdır. Əməkdaşların işə gəlib-getməsi müxtəlif saatlara təyin edilməlidir. Növbəli iş prinsipi təyin edilməlidir. Ən əsas da, mütləq yoxlanmalıdır ki, bu qədər sərnişin hara gedir? Hamısının icazəsi varmı? Vətəndaşların son günlər hərəkət sərbəstliyinin müşahidə edilməsinə polis postlarının ləğvi də səbəb ola bilər. Yalnız avtomobillərin icazəsi kameralar vasitəsilə qeydə alındığından vətəndaşlarda bir qədər arxayınlıq yaranıb deyəsən. 

Koronavirusla mübarizə davam etdiyi bir vaxtda metropolitenin yenidən bağlanmasının avtobuslarda sıxlığa səbəb olmasına gəlincə, A.Allahverənov qeyd etdi ki, metropoliten böyük təsərrüfatdır: 

- Metropoliten böyük bir infrastrukturdur. Bilirsiz ki, metronun fəaliyyətinə külli miqdarda vəsait sərf olunur. Adi günlərdə metrodan 700-800 min sərnişin istifadə edirdisə, pandemiya dövründə daşınma sayı təxminən 3 dəfə azalıb. Əvvəlki günlər qatarlararası interval da 2 dəqiqəyədək azaldılmışdı. Bunlar hamısı xərc deməkdir. Rəsmi qaydada bildirilir ki, metropolitenin fəaliyyəti virusun yayılmasının qarşısını almaq məqsədilə dayandırılır.

Biz detalları bilmirik. Amma biz bir neçə gün öncə metroda monitorinq aparanda yenə də qoruyucu maskalardan düzgün istifadə etməyən, imkan olduğu halda belə, məsələn, eskalatorda sosial məsafəni qorumağa səy göstərməyən sərnişinlər gördük.

Belə vəziyyətdə metronun müvəqqəti bağlanması anlaşılandır, lakin indi BNA-nın üzərinə məsuliyyət düşür. BNA avtobuslara nəzarəti gücləndirməli və intervalı azaltmalıdır.   

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu