Pandemiya abituriyentlərin əsəblərini pozub

Heç olmasa imtahanlarda qaydalar müəyyən qədər yumşaldılmalıdır


Hər dəfə imtahanlar təxirə salındıqdan sonra şagirdlər psixoloji gərginlik keçirirdilər. Xüsusilə 11-ci sinif şagirdləri sonrakı mərhələdə buraxılış imtahanından başqa qəbul imtahanı da verəcəklər. Ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar olaraq mart ayının 3-dən etibarən tədris prosesi dayandırılıb. Bu zaman qarşıda duran ən vacib məsələ qəbul və buraxılış imtahanlarının keçirilməsi idi. Aprel ayında öncə 9-cu sinif şagirdləri üçün buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulurdu. Amma pandemiya səbəbindən bəzi imtahanların keçirilməsi təxirə salındı.

İmtahanların təxirə salınması şagirdlərin psixoloji durumuna da mənfi təsir göstərib. Buna baxmayaraq imtahan prosesinin necə sistemləşdirilməsi və sona çatması hələ sual altındadır.

Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov “Sherg.az”a açıqlamasında bildirib ki, pandemiya ilə əlaqədar olaraq Dövlət İmtahan Mərkəzi (DİM) ilə Nazirlər Kabinet razılaşaraq iyunun 10-dan yeni prosesə başladı. Bir ay ərzində həm 9-cu, həm də 10-cu sinifdə təhsil alan şagirdlər buraxılış imtahanı verdilər: “Amma keçən illə müqayisədə imtahanda kifayət qədər dəyişikliklər edildi.

İlk dəyişiklik 9-cu sinifdə oxuyan şagirdlərlə bağlı idi. Bu şagirdlər 2019-cu ilə qədər imtahanı 2 mərhələli verirdilərsə, onlar builki imtahanı 1 mərhələli olaraq verdilər. Onlar hər fənn üzrə toplayacaqları bal 100, yekun olaraq isə 300 bal toplaya bilərdilər. Şagirdlər bu balla orta ixtisas təhsil müəssisələrinə, kolleclərə seçim etmək hüququna malikdirlər. 11-ci sinif şagirdləri üçün isə imtahanların ümumi məzmununda yox, 2 formatında dəyişiklik edildi. Açıq tipli test tapşırıqlarının sayı azaldı, həmçinin imtahanda iştirakla bağlı dəyişiklik edildi. Artıq imtahan binalarında 15-dən artıq şagirdin buraxılmasına icazə verilmədi. Şagirdlər binaya daxil olanda onların istilikləri yoxlanılırdı. Temperatur olduqda isə imtahana girişi məhdudlaşdırılırdı”. 



K.Əsədov bildirib ki, mart ayından etibarən tədris prosesinin dayanması şagirdlərin hazırlıq kursları və repetitora getməməsi onların buraxılış imtahanı nəticələrinə də müəyyən qədər təsir göstərdi:

“Baxmayaraq ki, iyun ayının 10-u və 11-də keçirilən imtahanda şagirdlər arasında bir nəfər maksimum - 300 bal topladı. İki şagird isə 297 bal nəticə göstərdi. Təbii ki, keçən illə müqayisədə hələ ki, imtahan nəticələrini təhlil etmək tezdir. Çünki 9-cu sinif üzrə imtahanlarda 110 min nəfər, 11-ci siniflərdə isə 85 min nəfər imtahanın məhz birinci mərhələsində iştirak edəcək”. 

Ekspert vurğulayıb ki, imtahan prosesinin gecikməsi və dəfələrlə təxirə salınması şagirdlər arasında müəyyən psixoloji gərginliklər yaradır: “Hər dəfə imtahanlar təxirə salındıqdan sonra şagirdlər psixoloji gərginlik keçirirdilər. Xüsusilə 11-ci sinif şagirdləri sonrakı mərhələdə buraxılış imtahanından başqa qəbul imtahanı da verəcəklər. İki imtahan arasında vaxtın azlığı onların növbəti imtahanlara zəif hazırlaşmasına səbəb olacaq. Düzdür, iyun ayının 10-u və 11-i imtahan verən abituriyentlər riyaziyyatdan test tapşırıqlarının çətin olduğunu bildirdilər. Onlar qeyd edirlər ki, buraxılış imtahanında təqdim edilmiş test tapşırıqları ağırlıq səviyyəsinə görə buraxılış imtahanı səviyyəsində deyil. Amma aparılan monitorinqlər göstərir ki, iyun ayının 10-u və 11-də şagirdlərə təqdim edilmiş test tapşırıqları orta ümumtəhsil məktəblərinin proqramlarını tam əhatə edir. Proqramdan kənar hər hansı bir mövzu yoxdur. Eyni zamanda martın 3-dən sonra keçirilməsi nəzərdə tutulmayan mövzulardan sonra da test tapşırıqları təqdim edilməyib”.

K.Əsədov qeyd edib ki, bu il təkcə Azərbaycan deyil, bütün dünya pandemiya səbəbindən yeni imtahan prosesini gözləyir:

“Təbii ki, imtahanların keçirilməsi dünya təcrübəsinə əsaslanaraq təşkil edilməlidir. Pandemiya dövründə karantin rejimindən asılı olmayaraq imtahanların keçirilməsi müəyyən epidemioloji qaydalara tətbiq edilməklə həyata keçirilməlidir. Bu, imtahan iştirakçılarının psixoloji vəziyyətinə də təsir göstərir. Çünki şagirdlərin hər dəfə imtahan porsesinin təxirə salınması növbəti imtahana hazırlaşmasına əngəl yaradır. İsti havalar eyni zamanda hazırlıq kurslarının və repetitorluq fəaliyyətinin mövcud olmaması da müəyyən təsir göstərir. Hesab edirəm ki, qaydalar müəyyən qədər yumşaldılmalıdır. Ən azından şagirdlərin imtahanda iştirakı təmin edilməlidir. Eyni zamanda hazırlıq kursları və repetitorluq fəaliyyətinin olmaması onların imtahan nəticələrinin aşağı düşməsinə səbəb olacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu