Aparıcı məhkəmə yolu ilə işinə bərpa oluna bilər

Karantin qaydalarını pozduğuna görə kiminsə işinə xitam verilməsi qanun pozuntusudur


Ötən gün "Baku TV"nin əməkdaşı Mələk Heydərovanın da karantin qaydalarının pozulduğu "Fairmont Bakı" otelində fotolarının yayılması geniş müzakirələrə, qınağa səbəb olub. İctimaiyyətdə pandemiya dönəmində hazırladığı materiallarla diqqət çəkən Baku TV-nin siması olan aparıcının heç bir etik kodeks gözləmədən, xüsusi sərt karantin rejiminin tətbiq olunduğu bir gündə qaydalara tabe olmayaraq, oteldə dincəlməsi izləyicilərdə qıcıq yaradıb. 
Adıçəkilən aparıcı ictimaiyyətdən, "Baku TV" izləyicilərindən, kanal rəhbərliyindən, oxuculardan sərgilədiyi davranışa görə üzr istəsə də, artıq aparıcının çalışdığı iş yerindən uzaqlaşması ilə bağlı saytlarda müxtəlif məlumatlar yer alıb. 

Yayılan xəbərlə bağlı "Baku TV"-nin icraçı direktoru Çingiz Hüseynov faktı lent.az-a  təsdiqləyib:" Bəli, Mələk Heydərova ilə yollarımızı ayırdıq”.
Qeyd edək ki, Mələk Heydərovanın karantin qaydalarını pozduğuna görə əmək fəaliyyətinə xitam verilməsi sosial şəbəkələrdə ciddi narazılıq doğurub. 

Sözügedən məsələ ilə bağlı öz fikirlərini ictimaiyyətə açıqlayan media nümayəndələri hesab edir ki,  karantin qaydasını pozduğuna görə insanların işdən çıxarılması heç doğru addım deyil. Qaydanı pozan hər kəs  müvafiq məcəlləyə uyğun   cərimələnməlidir. Qanunla isə fiziki şəxslərə ayrı, hüquqi şəxslərə ayrı cəza nəzərdə tutulub. İşdən çıxartmaq cəzası yoxdur.


Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən media hüququ üzrə ekspert Ələsgər Məmmədli isə hesab edir ki, karantin müddətində tanınan simaların ictimai davranış qaydalarına  daha məsuliyyətli və nümunəvi şəkildə əməl etməsi pandemiya ilə mübarizədə daha effektiv olar:

"Bu baxımdan həmin xanımın oteldə dincəlməsinin ictimai qınaq doğurması qəbulediləndir. Amma Əmək Məcəlləsinə görə, hər hansı bir şəxsin işdən  çıxarılması üçün  səbəb onun işdəki nizam-intizamı, etik davranışı  ola bilər. Bir işçinin qırmızı işıqda keçməsi, ümumi davranış qaydalarını pozmasının onun əmək münasibətlərinə heç bir aidiyyəti yoxdur və bu, qeyri-hüquqi davranış hesab olunur. Kimliyindən asılı olmayaraq inzibati qayda pozan şəxsin əmək münasibətlərinə xitam verilməsinin özü qanun pozunutusu hesab olunur. Həmin şəxsin məhkəməyə müraciət edərək əmək fəaliyyətini bərpa etmək hüququ var. Onu da deyim ki, karantin  qaydalarını pozan şəxs inzibati məsuliyyətə cəlb olunduğu  təqdirdə onun haqqında yayılan informasiyalar da qanun çərçivəsində olmalıdır.
İnzibati Xətalar Məcəlləsinin 51-ci maddəsinə görə, şəxsin icazəsi olmadan onun ad, soyadının və fotolarının  tirajlanması  yolverilməzdir".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu