“Qaydalara məsuliyyətsiz yanaşanlar risk faktorudur”

“Koronavirusla mübarizədə müsbət nəticənin əldə olunması vətəndaşıarın məsuliyyətli davranışından asılıdır"

"Çox gərgin günlər yaşayırıq. Pandemiya bütün dünyanı bürüyüb. İnsanlarımız son dərəcə ehtiyatlı olmalı və Operativ Qərargahın tövsiyyələrinə əməl etməlidir". 
Bu sözləri karantin rejiminin sərtləşdirilməsi ilə bağlı "Sherg.az"a açıqlama verən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov deyib. Hökumətin koronavirusla mübarizə sahəsindəki  strategiyasını müsbət dəyərləndirən politoloq qeyd edib ki, dünyada “COVİD-19” infeksiyası yayılmağa başladığı ilk dövrdən, xüsusilə virusun ölkəmizin sərhədlərinə yaxınlaşdığı ilk günlərdən başlayaraq Azərbaycan hakimiyyəti çevik və bütün isytiqamətlər üzrə ciddi tədbirlər həyata keçirməyə başladı:


"Pandemiya regiona ayaq açanda Azərbaycan dövləti sərhədlərin bağlanması ilə bağlı qərar verdi. Daha sonra  tətbiq edilən karantin rejimi sayəsində  ölkəmiz bu virusun yayılmasının total xarakter almasının qarşısını ala bilib. Məhz görülən işlərin nəticəsidir ki, dünyanın ən inkişaf etmiş ölkələrində yaranmış acınacaqlı vəziyyət Azərbaycanda müşahidə olunmadı.  Bu gün istər yoluxma, istərsə də vəfat edənlərin sayına görə Azərbaycan ən yaxşı nəticələr nümayiş etdirib. Ölkəmizin bu istiqamətdə gördüyü işlər dəfələrlə ÜST, ayrı-ayrı beynəlxalq qurumlar, dövlət və hökumət başçıları tərəfindən xüsusi qeyd edilib". 

R.Qonaqovun sözlərinə görə, vətəndaşların istəklərini nəzərə  alan Operativ Qərargah aprel ayının sonundan mərhələli şəkildə karantin rejimini yumşaltmağa başladı: 

" Çox təəssüf ki, bir çox vətəndaşlar Operativ Qərargahın bu qərarını artıq pandemiyanın bitməsi kimi başa düşdülər və  tövsiyələrə əməl etmədilər.  Bu səbəbdən də, son vaxtlar infeksiyaya yoluxma halları artmağa başlayıb". 

Əhali arasında koronavirusa inamsızlıq olduğunu  vurğulayan ekspert deyib ki, statistik nəticələrin yüksək olmasına rəğmən  vətəndaşlar hələ də qoruyucu maskalardan istifadə etmir. Sosial məsafəni gözləyən insanların sayı da çox azdır:

"İctimai nəqliyyatda, qapalı məkanlarda maskalardan istifadə etməmək, koronavirusa yoluxmuş qohumların və qonşuların ziyarəti, dəfn mərasimlərinin, müxtəlif məclislərin təşkilinə dair faktların şahidi oluruq. Əgər insanlar qaydalara əməl etməsə, arzuolunan nəticəni əldə etmək mümkün olmayacaq. Bu səbəbdən karantin rejiminin sərtləşməsinə ciddi zərurət vardı. Hər nə qədər Azərbaycan cəmiyyəti koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirilən məhdudiyyət tədbirlərini anlaşıqla qarşılayıb, məsuliyyət, nizam-intizam göstərsə də, qaydalara  məsuliyyətsiz yanaşan insanlar  hər  birimiz üçün risk faktorudur. Bu mənada hazırkı dövrdə koronavirusla mübarizədə müsbət nəticənin əldə olunması təkcə hökumətin, Operativ qərargahın fəaliyyətindən deyil, həm də bütövlükdə cəmiyyətimizin, hər bir vətəndaşın məsuliyyətli davranışından asılıdır".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu