"Amulsar" layihəsi Paşinyanı çətinə salıb – AKTUAL

“Böyük Britaniya və ABŞ “Amulsar” mübahisəsinə görə Ermənistan hökumətinə “təzyiq göstəriblər” 


"Amulsar” qızıl mədəni ətrafında siyasi xaos davam edir. Ermənistan hökumətinin düşdüyü isterik durum baş nazir  Nikol Paşinyanın ictimai nüfuzuna mənfi təsir göstərməkdədir.
Paşinyan "Amulsar" layihəsi ilə bağlı olaraq ətraf mühitin qorunması və iqtisadi mənfəət arasında seçim edə bilmədiyi üçün çətin duruma düşüb. O  güclü ictimai təzyiqlər fonunda Qərblə də münasibətlərini düzəlmək istiqamətində səyləri boşa verir. Respublikaçıların partiyasını və onun lideri korrupsioner və avtoritar Serj Sarkisyanı hakimiyyətdən uzaqlaşdıran inqilabçı Nikol Paşinyanın ən böyük xarici investorla mübahisəsi görünür ki, beynəlxalq məhkəmələrə kimi uzanacaq.


Amulsarın mühasirəyə alınması, bir sıra ekoloji araşdırmaların, audit və yoxlamaların aparılmasını Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin yaxından təqib etməsi faktı da göstərir ki, Qərbin maliyyə institutları məsələni zamana buraxsa da, nəyin bahasına olursa olsun mənfəət əldə etməkdə qətiyyət nümayiş etdirirlər. 

"Amulsar" qızıl yatağının işlənilməsinin dayandırılması ilə bağlı mübahisələrin ötən il Ermənistanda daxili siyasətin əsas predmetinə çevrildiyini vurğulayan STM-in Daxili siyasətin təhlili departamentinin  baş məsləhəçisi, politoloq  İlyas Hüseynovun “Sherg.az”a açıqlamasına görə,  2018-ci ildə Ermənistandakı məxməri inqilabdan sonra yerli sakinlər və fəallar ictimai kampaniya təşkil edərək 400 milyon dollar dəyərində olan qızıl mədəni layihəsinə qarşı çıxış etməyə başladılar:



“Qızıl mədənində hasilatın dayandırılmasını tələb edən aksiya iştirakçılarını sakitləşdirmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan bir sıra hiyləgər addımlara əl atdı. Bəzi dövlətlərin də hasilatda və hasilatın pay bölgüsündə israrlı olması Ermənistanı beynəlxalq mübahisələrin mərkəzinə çevrilməsinə səbəb oldu. Ermənistanda uzun müddət ölkənin əsas gündəmini zəbt edən Amulsar mədəni ilə əlaqədar “Earth Link & Advanced Resources Development” (ELARD) və“TRC Environmental Corporation “(TRC) şirkətləri bir sıra qüsurları üzə çıxarıb, araşdırmaların nəticəsi ilə ilə bağlı hesabatlar dərc etmişdilər. 

Bu məsələdə İngilis-Amerikan mədən şirkəti “Lydian İnternational”-ın maraqlı tərəf kimi çıxış etdiyini vurğulayan  politoloq  deyib ki, 
təxminən iki illik mühasirənin nəticəsi olaraq, “Lydian İnternational” Amulsar yatağına daxil ola bilmədi,böyük investisiya fondları, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD),İngiltərə və ABŞ hökumətləritərəfindən dəstəklənən layihə üzərində inşaat işlərini başa çatdırılmadı. 

Eyni zamanda,Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) informasiya azadlığı proqramı çərçivəsində əldə edilmiş hesabatda isə qeyd olunur ki, Baş nazir Nikol Paşinyan Amulsar qarşıdurması ilə əlaqədar ABŞ və Böyük Britaniyahökumətləri də daxil olmaqla fərqli tərəflərin təzyiqi altında olub:

" Avropa İttifaqının diplomatik hesabatında qeyd olunur ki, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları Amulsar dağ-mədən mübahisəsinə görə Ermənistan hökumətinə “təzyiq göstəriblər”.  

Hesabatda şirkətin xarici dəstəkçilərinin, o cümlədən Böyük Britaniya hökumətinin Ermənistanda düşdüyü çıxılmaz və gərgin vəziyyətdən bəhs olunur. Eyni zamanda qeyd olunur ki, Amulsar qarşıdurması çox “siyasiləşdirilib”, çünki inqilabi Ermənistan hakimiyyətinin əleyhdarları (həm də bəzi tərəfdarları) bu məsələ ətrafında sıx birləşib, halbuki başqa məqsədlər də güdürlər. 



Cersidə qeydiyyatda keçmiş və mənzil-qərargahı Kanadada olan “Lydian İnternational” şirkətindən bildirilir ki, ətraf mühitə təsirin azaldılması və ətraf mühitin mühafizəsi sahəsində ən yüksək beynəlxalq standartlara, AYİB-in və Dünya Bankının beynəlxalq maliyyə korporasiyasının tələblərinə əməl ediblər. Britaniyanın keçmiş səfirlərinin “Böyük Britaniyanın Ermənistana potensial olaraq ən böyük sərmayəsi” və “Böyük Britaniya və Ermənistanın işgüzar əməkdaşlığının gözəl nümunəsi” adlandırdıqları mədənin əleyhdarları iddia edirlər ki, onların ətraf mühitə potensial zərər vurması ilə bağlı narahatlıqları tamamilə əsaslıdır".

Yerli fəallardan biri Şirak Buniatyan Ermənistanın “Hraparak” qəzetinə etiraz dolu çıxışını xatırladan politoloq  vurğulayıb ki, yatağın istismar edilməsinə qarşı çıxan vətəndaş cəmiyyəti fəallarının ABŞ, Böyük Britaniya və İsveç səfirliklərinə ünvanladığı açıq məktub da az əhəmiyyətli hesab olunmur:

“Məktub ABŞ-ın Ermənistandakı səfiri Linn M. Treysiyə, Böyük Britaniyanın Ermənistandakı səfiri Alan Qoqbaşyana  və İsveç Krallığının Ermənistandakı səfiri Ulrik Tidestremə ünvanlanıb.  Açıq məktubda “Siz Ermənistanda demokratiya quruculuğuna əhəmiyyətli vəsait ayırmısız” ifadəsi öz əksini tapıb.
Politoloqun sözlərinə görə,  2019-cu ilin dekabrında “Lydian”-ın kreditorları öz öhdəliklərindən imtina etdikdən sonra, şirkət məhkəmə müdafiəsi altında Kanada da restrukturizasiya üçün müraciət edib: " Ontariodaki məhkəmə iddiaları şirkətin satış, maliyyələşdirmə və arbitraj variantlarını axtardığını iddia edir, baxmayaraq ki, bu cəhdlər hələ ki, uğursuzluqla nəticələnir.

2020-ci ilin iyununda verilən bəyanatda deyilir ki, “Lydian” restrukturizasiya prosesindən keçəcək.Bu zaman isə şirkətin kreditorları,investisiya fondları – “Orion Resource Partners”, “Osisko Mining”və“Resource Capital Fund” – restrukturizasiyaşirkətini idarə edəcəklər".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu